• cümə axşamı, 28 mart, 13:21
  • Baku Bakı 16°C

15 iyun - Milli Qurtuluş Günü xalqımızın qürur tarixidir!

10.06.19 15:55 2067
15 iyun - Milli Qurtuluş Günü xalqımızın qürur tarixidir!
Müsahibimiz Milli Məclisin deputatı Nəriman Əliyevdir
- Nəriman müəllim, qarşıdan 15 iyun - Milli Qurtuluş Günü gəlir. Bu hadisənin müstəqil Azərbaycanın siyasi tarixindəki əhəmiyyətini necə şərh edərdiniz?
- Azərbaycanın ən yeni tarixində xalqımız tərəfindən qeyd olunan mühüm günlərdən biri 15 İyun Milli Qurtuluş Günüdür. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həm strateji, həm də ümummilli baxımdan çox mühüm əhəmiyyət kəsb edən hadisə idi. 15 iyun 1993-cü il ən yeni tariximizə Azərbaycanın xilası günü kimi daxil olub. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı günü milli müstəqil dövlətimizin həyatında, bütövlükdə Azərbaycanın tarixində müstəsna yer tutan günlərdən biridir.
Hər bir hadisəyə nəticəsinə görə qiymət verilir. Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtması böyük hadisə olmaqla Azərbaycan üçün ümummilli baxımdan ciddi nəticələr verdi. Ulu Öndər siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi idi. Bu hadisə nəticə etibarilə müstəqilliyimizin əbədi, dönməz olmasında çox mühüm və əhəmiyyətli rol oynadı. Bu qayıdış milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi.
Heydər Əliyev 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı.
Azərbaycan Respubliasının Milli Məclisi 15 iyun Milli Qurtuluş Günü ilə bağlı 1997-ci ildə qərar qəbul edib. Bütün bunlar həmin qanunda qeyd edilib.
Sirr deyil ki, Heydər Əliyevin siyasi hakimiyyətə gələrkən Azərbaycanda total böhran vəziyyəti hökm sürürdü. Cəmiyyətin bütün sahələrində Azərbaycan xalqının maraqlarına uyğun olmayan vəziyyət mövcud idi. Onun hakimiyyətə gəlişindən sonra qısa zaman kəsiyində həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda regionda öz mövqelərini möhkəmləndirdi, sosial, mənəvi, iqtisadi, psixoloji sahələrdə Azərbaycan milllətinin maraqlarına uyğun siyasət həyata keçirdi. Buna görə də xalqımız haqlı olaraq bu günü Milli Qurtuluş Günü kimi qeyd edir və bununla Ulu Öndərin xatirəsinə ehtiramını və məhəbbətini bir daha ifadə edir.
- Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmiz üçün daha hansı nəticələrlə yadda qaldı?
- Bəllidir ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın təməl prinsiplərini formalaşdırıb. Bu baxımdan, biz hər dəfə vurğulayırıq ki, O, Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlər göstərib. Belə ki, Ümummilli Liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyət olub. Həmçninin, Ulu Öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil dövlət qurmaq idi. Tarixə müasir Azərbaycanın memarı olaraq düşən Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu. Xalq Onu sevir, parlaq zəkasını qiymətləndirir və öz liderinə, Onun yeritdiyi siyasi kursa inanaraq ardınca gedirdi. Yəni bu gün Azərbaycanın qazandığı uğurlar Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi, əslində, çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması kimi daxil olub. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Biz, unutmamalıyıq ki, bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Onun yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb.
- Azərbaycanın bu gün qurtuluşdan başlanan yol ilə inkişaf eyməsi reallığının müasir zamanımızla uzlaşması barədə nə deyə bilərsiniz?
- Bu gün Azərbaycan artıq dünyada iqtisadi inkişafın özünəməxsus modelinə sahib olan ölkə kimi tanınır və qəbul edilir. Postsovet məkanında keçid dövrünü uğurla başa vuran ilk dövlət kimi əldə edilən nailiyyət göstəriciləri düşünülmüş, məqsədyönlü styasətin nəticələridir. Bunlar Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycanda həyata keçirilən siyasətin düzgünlüyünün real isbatı və daha sürətli inkişafın zəminidir. Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətimizin xarici siyasət xəttini özündə ehtiva edən bitkin taktiki və strateji konsepsiyası vardır. Məhz bu konsepsiya əsasında bu gün Prezidentimiz İlham Əliyev praqmatik və hücum diplomatiyasına söykənən siyasəti uğurla həyata keçirir. Azərbaycanın postsənaye cəmiyyətinin quruculuğu yolunda əldə etdiyi ilkin nailiyyətlər, yeni qlobal çağırışlara adekvat olaraq həyata keçirilən islahatlar, hərbi potensialın gücləndlirilməsi, iqtisadi modernləşmə mərhələsinin uğurları ölkəmizin qarşıdakı illərdə də yüksəlişinin və inkişafının davamlı olacağını təmin edir. Xüsusilə, ardıcıl islahat paketlərinin həyata keçirilməsi və onların inqilabi tərəqqi ilə əlaqələndirilməsi birmənalı olaraq, uğur təməlinin bariz göstəricisidir.
Bu uğurlar isbat edir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin həqiqətən də görkəmli dövlət xadimi və qüdrətli lider olduğuna əyani sübutdur. Cənab İlham Əliyev, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Onun ideyalarının bariz tərənnümçüsü və həyata keçirənidir. Bu məsələdə Onun ətrafında xalq amili də dayanıb. Yəni xalq-dövlət vəhdəti Heydər Əliyev ideologiyasının davamlı olmasına kifayət qədər zəmin yaradır. Ona görə də, tam əminliklə söyləmək olar ki, bu gün Prezident İlham Əliyevin şəxsiyyəti Azərbaycanla bərabər yüksəlir və dünya miqyasında nüfuz qazanır.
- Nəriman müəllim, sonda Azərbaycanın dünyadakı proseslərdəki iştirakını necə şərh edərdiniz?
- Azərbaycan sürətlə inkişaf edir, ölkəmiz sosial-iqtisadi, siyasi sahədə ciddi uğurlara imza atıb. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz uğurlar həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq müstəvidə qəbul olunur və təqdir edilir. Azərbaycan hazırki şəratdə müsəlman ölkəsi olaraq digər dövlətlərə nümunə olacaq bir ölkədir. Bu gün Azərbaycan tolerantlıq məkanı kimi hamı tərəfindən qəbul olunur. Ölkəmizə gələn xarici qonaqlar Azərbaycanın bu sahədə çox böyük uğurlar əldə etdiyini qeyd edirlər. Keçirilən samitlər, nəhəng beynəlxalq tədbirlər, idman və mədəniyyət hadisələri, dünyanın lider ölkələrinin başçılarının Bakıda müxtəlif səpgili görüşlər keçirmələri bilavasitə Azərbaycanın dünyanın mərkəzi rolunda olduğunu sübut edir. Yəni biz çox sürətlə irəliyə getməkdəyik və əldə olunan sosial-iqtisadi, diplomatik-siyasi uğurlar milli-mənəvi dəyərlərimizə də öz təsirini göstərməkdədir. Azərbaycan həmçinin özünü dünyada etibarlı tərəfdaş, sülh, sabitlik və əməkdaşlıq məkanı kimi təsdiq edib. Bütün bunlar əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticələridir ki, bu gün Prezident İlham Əliyev cənabları tərəfindən müdrikliklə, mütərəqqi addımlarda davam etdirilir. Biz də 15 iyun Milli Qurtuluş Gününü fəxrlə, qürurla qeyd edirik. Fürsətdən istifadə edərək, saytınız vasitəsi ilə hər bir Azərbaycan vətəndaşını belə bir mötəbər tarixi gün münasibəti ilə ürəkdən təbrik edir, uğurlar və qalibiyyətlər arzulayıram!
Sia.az
banner

Oxşar Xəbərlər