• cümə, 29 Mart, 17:07
  • Baku Bakı 14°C

15 İyun - milli iftixar günü

14.06.21 20:30 751
15 İyun - milli iftixar günü
Tarixin yaddaşına möhürünü vurmuş şəxsiyyətlərin zəngin, şərəfli və mənalı ömür yolunu nəzərdən keçirmək bütöv bir millətin, dövlətin salnaməsini yazmaq qədər çətindir. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqının yetişdirdiyi nadir şəxsiyyətlərdən biri kimi milyonların qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndər bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi böyük ehtiramla xatırlanır. Heydər Əliyev Azərbaycan tarixinə silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb.
BunuAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əminə Ağazadə bildirib.
Milli Qurtuluş Gününün hər bir azərbaycanlıya iftixar hissləri bəxş edən bir gün olduğunu qeyd edən deputat deyib: "1993-cü il iyunun 15-də dünya şöhrətli şəxsiyyət və görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin xalqın çağırışı ilə respublikamıza rəhbərliyə qayıdışı Azərbaycanın müqəddəratını dəyişdi, ölkəmiz tənəzzüldən tərəqqi yoluna qədəm qoydu. Ulu Öndər siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti ilə o zaman respublikadakı xaos və anarxiyanın, vətəndaş qarşıdurmasının, getdikcə dərinləşən sosial-iqtisadi böhranın, kəskin tənəzzülün qarşısının alınmasını, dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasını və ildən-ilə güclənməsini, sarsılmazlığını təmin etdi. Xalqımız ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək, Milli Qurtuluşun açdığı yolla öz parlaq gələcəyinə - dövlətin, ölkənin böyük perspektivlərinə doğru səfərbər oldu. Müstəqillik dövründə Azərbaycanın qazandığı böyük tarixi uğurlar, ölkəmizi firavan gələcəyə doğru aparan yol məhz Milli Qurtuluş Günündən başlanır. Ona görə də Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb”.
Deputat qeyd edib ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən müdrikliklə davam etdirilir, mütərəqqi addımlarla zənginləşdirilir. "Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bu gün torpaqlarının azadlığına qovuşan Azərbaycan özünü dünyada etibarlı tərəfdaş, sülh, sabitlik və əməkdaşlıq məkanı kimi təsdiqləyib. Bu gün Cənubi Qafqazın güc mərkəzinə çevrilən, əhalisinin sayı sabit şəkildə artaraq 10 milyonu ötən Azərbaycan sülh, təhlükəsizlik və əmin-amanlıq məkanıdır. Daim artan dayanıqlı iqtisadiyyatı, qüdrətli ordusu, güclü sosial siyasəti ilə seçilən ölkəmiz möhtəşəm qlobal layihələri uğurla reallaşdıran, tolerant dəyərlərin daşıyıcısı, multikulturalizm nümunəsi olan, bütün əməkdaşlıq formatlarında etibarlı tərəfdaş kimi tanınan bir ölkə kimi dünya birliyində nüfuzlu mövqeyə malikdir”, - deyə Ə.Ağazadə qeyd edib.
Deputat vurğulayıb ki, iyunun 15-i tarixi Azərbaycanda ənənəsi olan, dərin dövlətin yaradılmasının başlandığı, müasir, sivil, vətəndaş cəmiyyətli bir dövlətin qurulmasının təməlinin atıldığı gündür. Buna görə də xalqımız haqlı olaraq bu günü Milli Qurtuluş Günü kimi qeyd edir, bununla Ulu Öndərin xatirəsinə ehtiramını və məhəbbətini bir daha bildirir.
banner

Oxşar Xəbərlər