• cümə axşamı, 28 mart, 18:52
  • Baku Bakı 13°C

15 İyun – Azərbaycanın milli qurtuluş günü

14.06.18 11:00 2666
15 İyun – Azərbaycanın milli qurtuluş günü
Azərbaycan xalqının tarixində hər il qürur və şərəf hissi ilə qeyd etdiyi bir gün var – 15 İyun - Milli Qurtuluş Günü. Bu tarix sadəcə, təqvimdə bayram deyil, həm də böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik gündür. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdışı xalqımızın çoxəsrlik tarixinə taleyüklü siyasi hadisə kimi yazıldı. O dövrdə vətənimizin ərazisinin işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin günbəgün ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə dərin ehtiyac yaratmışdı. 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri pozucu hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planının ortaya çıxarılması idi. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə qarışıqlıq dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-dəGəncədəSurət Hüseynovunnəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi də ölkəni tamamilə xaosa çəkirdi. Vəziyyəti nəzarətə almaq üçün hakimiyyətin səriştəsizcəsinə atdığı tələsik addımlar isə problemi həll etmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı Gəncə hüdudlarından çıxaraq, üzüBakıyadoğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi. Bu, həm də xalqın tələbi idi. Xalqın XİLASKARA ehtiyacı vardı. Xalq əmin idi ki, müstəqilliyinin ilk və kövrək addımlarını atan ölkəni, üzləşdiyi ağır və böhranlı durumdan çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalq öz inamlı liderinin ətrafında birləşmək, Azərbaycanı firavan həyata aparmaq, onun xoşbəxt gələcəyinin sahibi olmaq istəyirdi. Ulu öndərin hakimiyyətə qayıdışı azərbaycançılıq ideyasının təcəssümü idi. Dahi şəxsiyyət Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Ulu öndər, xalqın xahişi və tələbi ilə hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesində və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Məhrumiyyətlərə, hakimiyyətin maneələrinə, təzyiqlərinə baxmayaraq Ulu Öndərimiz xalqa verdiyi sözü, ölkəni düşdüyü bəlalardan qorumaq missiyasını həyata keçirməyi bacardı. Bir daha sübuta yetirildi ki, xalqa arxalanmaq, dəstəyini xalqdan almaq böyük uğurların açarıdır.
1993-cü il iyunun 9-da Heydər Əliyevi Naxçıvandan Bakıya gətirən yol, Azərbaycan xalqının və dövlətçiliyinin qurtuluş yolu oldu.
1997-ci ilin 27 iyununda xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq, Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 İyun gününü bayram kimi rəsmiləşdirən, 1998-ci ildə bu tarixi günə dövlət statusu verən ölkənin ali qanunvericilik orqanı - Milli Məclisin qərarında bu sözlər yer aldı: "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı qarşısında misilsiz fədakarlığı idi”.
1993-cü il oktyabrın 10-da xalqın böyük dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev ölkəni siyasi və iqtisadi tənəzzüldən, hərc-mərclikdən, müstəqilliyin itirilməsi təhlükəsindən çıxardı, sabit və tarazlı milli inkişaf strategiyasının konseptual istiqamətlərini müəyyənləşdirməyə nail oldu. "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz” deyən ulu öndərin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın iqtisadi inkişafına zəmin yaratdı. Ölkəmizin iqtisadi qüdrəti güclənməyə başladı. Uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq qısa müddətdə sabitlik diyarına və böyük investisiyalar məkanına çevrilən Azərbaycanda, öz təbii sərvətlərinin əsl sahibi kimi onlardan səmərəli istifadəni təmin etmək üçün biri-birindən önəmli addımlar atıldı. Məhz ulu öndərin gərgin səyləri nəticəsində 12 may 1994-cü ildə atəşkəs sazişinin imzalanması hər sahədə uğurlu addımlara geniş yol açdı. Daim yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə dünyanın diqqətində olan Azərbaycana maraq daha da artdı, müstəqilliyimizin ilk illərində ölkə iqtisadiyyatına sərmayə yatırmaqda maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə son qoyuldu. 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə, tarixə "Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması, Azərbaycanın bu gününə və gələcəyinə olan inamı nümayiş etdirdi. Ümummilli liderin iqtisadiyyatın inkişafında neft amilinə böyük dəyər verməsi onun uzaqgörən siyasətindən irəli gəldi. "Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi ilə yanaşı, siyasi mövqeyinin də möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Məhz bu sazişdən sonra onlarla müqavilələr, anlaşma memorandumları imzalandı. Azərbaycan təkcə neft deyil, təbii qaz ölkəsi kimi də mövqeyini möhkəmləndirdi. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün də Azərbaycana davamlı uğurlar qazandırır, etibarlı tərəfdaş kimi nüfuzunu artırır, ən əsası, təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanıdır. "Əsrin müqaviləsi” Azərbaycana böyük dvidentlər gətirdi. Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan kimi nəhəng neft-qaz dəhlizləri yaradıldı, ölkə inkişafa istiqamətləndi və Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi. Ulu öndər ölkənin iqtisadiyyatı ilə yanaşı, elmə, incəsənətə, təhsilə yönələn islahatlara imza atdı. Ümummilli liderin dövlət quruculuğunda əhəmiyyətli bir yerdə duran dil siyasəti və onu inkişaf etdirməyin yolları haqqında söylədiyi fikirlər, bizə, Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevməyi, dilin zəngin söz xəzinəsindən bacarıqla istifadə etməyi, dilin qayğısına qalmağı, onun saflığını qorumağı, onunla fəxr etməyi, onu dərindən bilməyi, mükəmməl mənimsəməyi, ana dilimizin gözəlliyini duymağı, bu gözəlliyi hər zaman hər yerdə təbliğ etməyi, bu dildə düzgün danışmaqla hamıya nümunə olmağı öyrətdi.
Ümummilli liderin atdığı bütün addımlar Azərbaycanı böhrandan inkişafa, xaoslu tənəzzüldən stabil intibaha apardı. Vaxtilə ulu öndərin hakimiyyətə yenidən qayıdışını, xalqın tələbini birmənalı qarşılamayanlar, hətta bu tarixi missiyaya mane olmağa çalışanlara tarix Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü sübut etdi. Onu ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi, Azərbaycan tarixində silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi tanıtdı. Çünki ulu öndər Azərbaycanın inkişaf yolunu müəyyənləşdirdi, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırladı, milli ruhun və ideologiyanın yüksəlişinə təkan verdi. Ulu öndər Heydər Əliyevin "Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir” fikirləri də Azərbaycanın sabahına olan inamdan irəli gəlib. Hər bir ölkəni inkişafa aparan əsas amil məhz dövlət rəhbərinin idarəçilik sistemi, dövlət maraqlarını hər şeydən öndə tutması, xalqına, ölkəsinə bağlılığıdır. Azərbaycan ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə dahi liderin gücünün, qətiyyətinin, siyasi iradəsinin şahidi oldu.
"Azərbaycan dünyaya günəş kimi doğacaq” söyləyən ulu öndərin xidmətləri sayəsində bu gün Azərbaycan həqiqətən dünya birliyində öz nüfuzu, mövqeyi, qazandığı uğurları ilə yüksək pillələrdə yer alır. "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam”. Dahi şəxsiyyət düşünülmüş və məqsədyönlü siyasəti ilə bu amalına nail oldu - Azərbaycanı görmək istədiyi ən yüksək səviyyəyə yüksəltmək üçün möhkəm təməli formalaşdırdı.
Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq, müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq 25 ildir ki, ölkəmizin milli qurtuluş yolu davam edir. Bu yol ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Ölkə rəhbərinin məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılıb. Ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə müəyyənləşdirilən müstəqil xarici siyasət kursunun davamlılığının təmin olunması nəticəsində ölkəmizin sivil dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətləri yeni müstəvidə inkişaf etdirilir.Hazırda Azərbaycan ən islahatçı ölkə kimi dünya birliyində özünə layiqli yer tutur. Xalqımız prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdikləri siyasətin uğurlarının bələdçisi kimi daim onları dəstəkləyir. Azərbaycan hər gününü tarixə bir uğur səhifəsi kimi yazır.
Biz də "Respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz layiqli yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiq xidmət edir” deyən ulu öndərin uzaqgörən fikirlərindən, möhtərəm prezident İlham Əliyevin "Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz – prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır” sözlərindən ilhamlanaraq Azərbaycan dövlətçiliyinə, müstəqilliyinin daha da möhkəmlənməsi və inkişaf etməsi prosesinə öz işimizlə layiqincə cavab verməyə çalışırıq.
Pərviz İbayev
Bakı şəhəri, Nizami rayon prokuroru,
baş ədliyyə müşaviri
banner

Oxşar Xəbərlər