• şənbə, 20 Aprel, 08:09
  • Baku Bakı 14°C

15 illik işdən sonra yaranan xəstəlik - Araşdırma

07.06.16 13:44 5787
15 illik işdən sonra yaranan xəstəlik - Araşdırma
Hər kəs karyerasında irəli getməyə, daha çox maaş verilən işi əldə etməyə çalışır. Amma burada unudulan bir məqam var – sağlamlıq. Çünki hər bir işin həm də sağlamlıq üçün əks göstərişləri ola bilər. Bu əks nəticələr isə peşə xəstəliyinə səbəb olur. Düzdür, hamıda yaranmasa da, işindən dolayı bir çox insanlar peşə xəstəliyi tapır, əmək qabiliyyətlərini itirirlər.

2014-2015-ci illərin statistikasına görə, dünyada hər il təxminən 13 000 insan iş şəraitindən dolayı ağciyər və xərçəng xəstəliyindən dünyasını dəyişir. Burada əsas faktor isə kimyəvi tozlar və digər təsirlər qeyd edilir. Ümumilikdə isə 1,2 milyondan çox insan iş şəraitində qazanılan müxtəlif xəstəliklərdən əziyyət çəkir. 2011-2012-ci illərin statistikasında peşə xəstəlikləri ondan əvvəlki 10 il öncə ilə müqayisədə azalsa da, 2014-2015-ci illərdə vəziyyət 2011-12-ci illərdəki kimi olub.

Amma bizdə peşə xəstəliyi haqqında məlumatı olan çox az insan tapılar. Bəs əslində peşə xəstəliyi nədir? Bu xəstəlik hansı hallarda yaranır? Yaranmaması üçün nə edilməlidir? İşçinin peşə xəstəliyinə tutulmasına görə kim məsuliyyət daşıyır? Peşə xəstəliyindən əziyyət çəkən işçiyə qanun hansı hüquqları verir?

Peşə xəstəliyindən əmək qabiliyyətini itirənlər

Peşə Xəstəlikləri Klinikasında qeydiyyatda olan üç nəfər peşə xəstəsi ilə danışıb, problemləri ilə maraqlandıq. Məhsim Bəkirov polietilen zavodunda 20 il maşinist-kompresorçu işlədikdən sonra peşə xəstəliyinə tutulduğu üçün işindən uzaqlaşıb. İşiylə bağlı toksiki maddələrlə-karbohidrogenlərlə təmas, onda xroniki karbohidrogen intoksikasiyası yaradıb. Daim əsəbi, gərgin olduğunu deyir, yuxu pozğunluğundan şikayət edir. Xəstəliyi ilə əlaqədar ildə iki dəfə müalicə alır.

Süleyman Qəmbərov da peşəsinin yaratdığı problemlərdən dolayı, əmək qabiliyyətini itirib: "1978-ci ildə "Azəralüminium”da kran sürücüsü kimi işə başladım. Sovet dövründə bizi işə götürəndə işin təhlükəli tərəfləri haqqında məlumat verilməmişdi. Hansı maddə ilə təmasda olacağımızı bilmirdik. İşlədikdən 15 il sonra kranın pilləkənləri ilə çıxa bilməyəndə işimin təhlükəli olduğunu anladım”.

İntizam Şahverdiyev isə neft sahəsində 11 il çalışdıqdan sonra peşə xəstəliyi ilə üzləşib: "Bizim tam sağalma ehtimalımız çox aşağı səviyyədədir. Onurğamdan əməliyyat olunmuşam. Qəbul etdiyim iynə-dərmanlar mədə qanaxmasına səbəb olmuşdu. Artıq heç bir işdə çalışa bilmirəm”.

Peşələr üzrə xəstəliklər

Peşə Xəstəlikləri Klinikasının baş həkimi Sevda Xəlilovanın sözlərinə görə, zərərli və təhlükəli iş yerlərində çalışanların əksəriyyətində peşə xəstəliyinə tutulma riski yüksəkdir. Hətta təhlükəli, zərərli istehsal və əmək prosesi amilləri icazə verilən hədd daxilində olduqda belə, 25 faiz hallarda peşə xəstəliyinə tutulma hallarına təsadüf edilir: "Məhz buna görə də, bu gün qarşımıza qoyduğumuz əsas məqsəd peşə xəstəliyinin müalicəsi ilə yanaşı, işləyən əhalinin sağlamlığının qorunması, möhkəmlənməsi və profilaktikası istiqamətində tədbirlər görməkdir”.

S.Xəlilova bildirdi ki, əl əməyindən nə qədər az istifadə edilərsə, zəhərli, təhlükəli istehsal amilləri ilə təmas bir qədər azalmış olar: "Zamanla hər bir zavodda bu istiqamətdə təkmilləşdirilmə işləri aparılır. Problemin qarşısını almaq üçün digər məqam, işləyən əhalinin sağlamlığının qorunması məqsədilə tibbi müayinələrin aparılmasıdır. Bu müayinələr hər bir peşəyə, təmasda olduqları maddələrin təsir mexanizminə uyğun olaraq aparılır”.

S.Xəlilova bildirdi ki, müəllimlər, müğənnilər də peşə xəstəliyinə düçar olurlar. Onların əsas işi danışıq, oxumaqla bağlı olduğu üçün peşə xəstəliyi səs telləri ilə bağlı olur. Hətta müğənnilərin boğazlarında "müğənni düyüncükləri” deyilən düyünlər yaranır. Uzun müddət soyuq şəraitdə ayaq üstə dayanmaq tələb edən peşələrdə çalışanlarda aşağı ətrafların varikoz damar genişlənməsi ola bilir. Psixiatrlar uzun müddət psixi xəstələrlə təmasda olduqları üçün çalışdıqları mühit, şərait onlarda peşə xəstəliyi - nevrozlar əmələ gətirir. Bu, psixoloqlara aid deyil. Laboratoriyada işləyənlər təhlükəli virus və bakteriyalarla təmas zamanı hər hansı virusa yoluxa bilərlər. Ancaq burada problemin həkim səhvindən, yoxsa şəraitdən dolayı yaranmasını araşdırmaq lazımdır.

"Bütün həkimlər peşə xəstəliyi haqqında tam məlumatlı deyil”

Baş həkimin sözlərinə görə, poliklinikalarda profpatoloqlar, yaxud, xəstəxanalarda sığorta həkimləri peşə xəstəliyi haqda məlumatlı olurlar. Ancaq ümumilikdə bütün həkimlər peşə xəstəliyi haqqında tam məlumatlı deyil. Bəzən xəstəni müalicə edildikdən sonra qısa müddətdə yenidən problem baş qaldıranda xəstəliyin peşə ilə əlaqələndirilməsi istiqamətində düşünürlər: "Ümumilikdə isə peşə ilə bağlı sağlamlıqda problemin yaranması üçün eyni işlə təmasdan 10-15 il keçməlidir. Amma bəzi allergik xəstəliklərdə yaş həddi, staj fərqi olmur. Peşə xəstəliyini artıran risklərdən biri də zəif immunitetdir”.


Həkim deyir ki, çalışdığımız sahə ilə bağlı sağlamlığımızda problemlərin yaranmaması üçün iş prosesini düzgün reqlamentləşdirmək lazımdır. Kompüter arxasında oturanlar vaxtaşırı fasilə verməlidirlər. Ağır iş rejimində çalışanların müəyyən qədər istirahətlərini təmin etmək, bir müddət işdən uzaqlaşmaq üçün xüsusi istirahət otaqları olmalıdır.

S.Xəlilovanın sözlərinə görə, peşə xəstəliyinin tam aradan qaldırılması həkimə xəstəliyin fəsadlaşmış, yaxud fəsadlaşmamış dövründə müraciət edilməsindən asılıdır: "3-4-cü mərhələdən sonra davamlı qalıq əlamətləri olduğu halda, tam müalicə aparmaq mümkün deyil. Xəstəlik ilkin mərhələdə aşkar edildikdə isə həmin istehsal mühitindən uzaqlaşdırılmaqla tam müalicə aparılır”.


"İşçini sığortalamadan işə götürənləri cərimə gözləyir”

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, peşə xəstələrinin və bu xəstəlikdən ölənlərin sayı istehsalatda bədbəxt hadisələri həmişə üstələyib: "Bizdə isə gündəmdə bədbəxt hadisələrdir, peşə xəstəlikləri ilə bağlı nə statistika aparılmır, nə məlumat verilmir. Bu, Səhiyyə Nazirliyinə aid məsələdir. Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı belə faktları Səhiyyə Nazirliyindən ala bilmir”.

S.Məmmədovun sözlərinə görə, hazırda bizdə zərərli sənaye sahələrinin sayı azalıb. Peşə xəstəliklərinin əsas yaradıcısı ilə illər öncə bu cür zavodlar olub. Amma bu o demək deyil ki, peşə xəstəliyi yoxdur: "Hər işdə peşə xəstəliyi var. Elə xəstəlik var ki, müəllimdə olsa, peşə xəstəliyi deyil, amma həkim üçün peşə xəstəliyidir. Rentgenoloq üçün şüalanma, jurnalistlər üçün kompüter avadanlıqları ilə davamlı təmas peşə xəstəliyi yarada bilər”.

Müsahibim deyir ki, istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərinə görə məsuliyyət işəgötürənin üzərinə düşər: "İşə götürən işçinin sağlamlığına dəyən ziyana görə tam maddi məsuliyyət daşıyır. 2011-ci ilə qədər işəgötürənlər məsuliyyəti bilavasitə öz üzərlərinə götürürdülər. 2011-ci il yanvarın 1-dən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı icbari sığorta haqqında qanun qüvvəyə minib. Ona görə işəgötürənlər işçiləri belə hadisələrdən sığortalamalıdırlar. İşçini sığortalamadan işə götürənləri cərimə gözləyir”.


İşəgötürən və işçinin məsuliyyəti

Hüquqşünas Məhərrəməli Həmidov bildirdi ki, peşə xəstələri ilə bağlı işəgötürənin məsuliyyəti ondan ibarətdir ki, bu cür hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal ƏƏSMN yanında DƏMX-nə məlumat verməli, hadisənin təhqiqatı başa çatdıqdan sonra bir gündən gec olmayaraq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Əks təqdirdə, işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır: "Həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilər istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən işəgötürən tərəfindən mütləq icbari sığorta edilməlidirlər. İşçilərin məsuliyyəti əməyin mühafizəsi qaydalarına və əməyin mühafizəsinə dair təlimatlara riayət etmək, işəgötürənin tapşırıqlarını yerinə yetirməkdən ibarətdir”.


Dövlətin vəzifəsi və peşə xəstələrinin icbari sığortası

Hüquqşünas deyir ki, bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin görülməsi və əməyin mühafizəsi üzrə vəzifələrin yerinə yetirilməsi üzərində və baş vermiş istehsalat zədələri və peşə xəstəlikləri üzrə hadisələrin uçotunun aparılması məsuliyyəti dövlətin üzərinə düşür: "Peşə xəstəliklərindən icbari sığorta tətbiq olunur, lakin əksər hallarda məsuliyyətdən yayınma hallarına rast gəlinir”.

M.Həmidovun sözlərinə görə, peşə xəstəliyi ilə üzləşənlərə 3 növ sığorta ödənişi nəzərdə tutulur: aylıq, birdəfəlik və əlavə ödəniş. Sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda onun himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslərə, ölümündən sonra doğulmuş uşağına, himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və əmək qabiliyyətindən asılı olmayaraq işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvünə və himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslərə yardımların verilməsi nəzərə tutulur.

Peşənin xəstəlik hesab edilməyən psixoloji problemləri

Psixoloq Orxan Orucun sözlərinə görə isə, işin xüsusiyyətindən asılı olaraq, orqanizmdə yaranan xəstəliklərlə yanaşı, bəzi psixoloji narahatlıqlar da olur. İkincisi xəstəlik hesab olunmasa da, xəstəliklərin beynəlxalq təsnifatında "burn out” adlı bir təsnifləndirməni buna aid edə bilərik: "Burn out” sözünün mənasını "emosional tükənmə” kimi tərcümə edə bilərik. İnsan özünü tamamilə işə həsr edir, işlə bağlı olmayan digər tələbatlarını unudur və beləliklə, emosional tükənmə üçün əsas yaranır. Emosional tükənmə görülən işdən zövq almamaq, iş keyfiyyətinin aşağı düşməsi, işdən yayınmaq üçün bəhanələrin yaranması, ətrafda baş verən hadisələrə reaksiya hissinin zəifləməsi, səbəbsiz baş ağrıları, birdən-birə kökəlmə və ya arıqlama kimi əlamətlərlə müşahidə olunur. Eyni zamanda, ətrafa qarşı laqeydlik, tez-tez darıxmaq hissi, ən adi şeylərə belə səbəbsiz yerə qıcıqlanma, qəddarlaşma, gələcək karyera ilə bağlı ümidsizlik, ətrafdakı və doğma insanlardan dəstəyin olmaması düşüncəsi və s. emosional tükənmənin əlamətləridir”.


Peşə xəstəliklərinin ölkəmizdə dəqiq statistikası əlimizdə yoxdur. S.Xəlilova bizimlə söhbətində bildirdi ki, peşə xəstəlikləri ilə bağlı il ərzində ümumi müraciət ümumi peşə xəstələrinin 15 faizi qədərdir. Baş həkim onu da bildirdi ki, əgər işçilər əmək müqaviləsi bağlamırlarsa, işlədikləri peşə, əmək kitabçalarında qeydiyyatdan keçmirsə, xəstələnəndə poliklinikalarda, tibb ocaqlarında qeydiyyata alınmırlarsa, gələcəkdə onların xəstəliyinin peşə ilə əlaqələndirilməsində problemlər yaranır.
Aygün Asimqızı

Yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı çərçivəsində jurnalistlər arasında keçirdiyi "Əmək hüququ: qanunvericilik və təcrübə” mövzusuna müsabiqəyə təqdim olunur





banner

Oxşar Xəbərlər