• cümə axşamı, 28 mart, 14:49
  • Baku Bakı 16°C

“15 il bundan əvvəlki Səyyad deyiləm”

28.02.19 09:00 1504
“15 il bundan əvvəlki Səyyad deyiləm”
Uşaqlıq illərimizin "Bəyaz gecələr”, "Gül ki, ürəyin gülsün” mahnılarının müəllifi Səyyad Əlizadəson bir neçə ildə yaradıcılığında yenilik edib, vətənpərvər ruhda mahnılar səsləndirir. Onun ifa etdiyi "Azərbaycan əsgəri”, "Şuşa” mahnıları diqqət çəkib. "Kaspi”-nin qonağı olan Səyyad Əlizadə bizimlə söhbətində yaradıcılığında vətənpərvərlik ruhunda olan mahnıların indi daha çox yer aldığını bildirdi.

- Xocalı faciəsi insanlıq tarixində vəhşicəsinə törədilən qətliam və soyqırımıdır. Heç bir müharibədə belə qəddarlıq olmayıb. Müasir dünyada Xocalıda yaşanan vəhşiliyin törədilməsi ağlasığmazdır. İnsanlıq tarixində ermənilərin etdiyi vəhşiliklər, sadəcə, dəhşətdir. Bu azğın, alçaq milləti bütün dünyaya olduğu kimi tanıtmalıyıq. Ən vəhşi heyvan da körpəyə dəymir, başqa heyvanın balasını qoruyur. Ancaq ermənilər bizim körpələrimizə belə qıydılar. 1988-ci ildən bəri mənfur düşmənlərimizin hücumuna tuş gəlmişik. Onların, bizim xalqımızın başına gətirdikləri bağışlanası hal deyil. Təbii ki, biz bu günü unutmayacağıq. Öz qisasımızı bir gün onlardan mütləq alacağıq. Hər bir insan çalışdığı sahədə işinin peşəkarı olmaqla, şərəflə, vicdanla çalışmaqla, düşməndən qisasın alınacağı günə hazırlaşmalıdır. Mən ifaçıyam və bir ifaçı olaraq boynuma düşən vəzifəni yerinə yetirməyə çalışıram.
- Təbliğat deyəndə niyə ilk olaraq musiqi yada düşür
- Təkcə musiqilərimiz deyil, elə televiziyaların, sosial şəbəkələrin, radioların özləri ən böyük təbliğat vasitələridir. Efirlərimizdə belə bir gündə bayağı, yüngül musiqilərin səslənməsi mənə çox təsir edir. 20 faiz torpağı düşmən tapdağında olan insana deyib-gülmək yaraşarmı? Heç olmasa həftədə bir dəfə vətənə, torpağa, işğal olunmuş torpaqlarımıza həs olunmuş verilişlər olmalıdır. Bizim həqiqətən igid, mərd, qorxmaz oğlanlarımız var. Biz onları niyə təbliğ etmirik? Gənclər öz qəhrəmanlarını nə üçün tanımamalıdır? Niyə yüngül mahnı oxuyanları tanıyırlar, ancaq Mübarizi tanımırlar? Qoy bu gənclər həmin müğənnilərə yox, o qəhrəmanlara oxşasınlar. Niyə ancaq milli matəm günlərində bu mövzulara toxunuruq? Məgər vətən məhz o günlərdə yada düşür? Vətənpərvərlik hissi 20 yanvarda, 26 fevralda, 31 martda yada düşməməlidir, həmişə düşüncəmizə hakim olmalıdır.
- O dediyiniz verilişlər reytinq gətirmir axı.
- İnsanlara nəyi nümayiş etdirsəniz, onu da qəbul edəcəklər. Bəs onda necə təbliğat aparaq? Yetişən gənclər vətənpərvər mühitdə, o ruhda böyüməlidirlər. Əgər güclüsənsə, məcbur olub səninlə hesablaşırlar. Güclü olmaq üçün bu torpağa canavar ürəkli oğullar lazımdır. Bu oğullar da təbii ki, təbliğatla yetişdirilməlidir. Əvvəllər SSRİ dövründə ideoloji şöbə var idi. Onlar məhz vətənə sevgi ideologiyasını təbliğ edirdi. İndi mən o şöbənin varlığını hiss etmirəm. Bizim də ideologiyamız sosial şəbəkələr, internet, televiziya və radiolardır.
- Səyyad müəllim, 20 il bundan qabaq "Bəyaz gecələr” mahnısı ilə səsiniz el şənliklərində, televiziyalardan, bayram tədbirlərindən gəlirdi. O ildən bu ilə nələr dəyişib?
- Çox şey... Bu illər ərzindən minə yaxın mahnım işıq üzü gördü. 50-dən çox albomum hazırlandı. Dövr, zəmanə, insanlar, həyat - hər şey dəyişib.
- Əvvəllər sizin kasetlərinizi alırdıq. Mahnılarınızı maqnitofonlardan dinləyirdik. Sonra albomlar, daha sonra MP3-lər çıxdı.
- Elədir. Bacardığım qədər dövrün, zəmanənin tələbi ilə ayaqlaşmağa çalışıram. Oxuduğum mahnıları albom halında hazırlatdırıb, öz arxivim üçün saxlayıram.
- Ötən il səhnə fəaliyyətinizin 40, "Bəyaz gecələr” ansamblının da 25 yaşı tamam oldu. Geridə qoyduğunuz illərə baxanda peşmançılıq hissi keçirirsinizmi?
- Əgər mənim mahnılarım insanlar tərəfindən sevilirsə, Azərbaycan musiqisinin zənginləşməsində rolu varsa, demək, seçimim düz olub. Bu baxımdan peşman deyiləm. Ancaq özümə qarşı haqsızlığın olduğunu görəndə, çox təəssüflənirəm. 40 ildir bu sənətdə külüng çalıram, zövqlü mahnılar səsləndirirəm. Çəkdiyim əziyyətlər nəzərə alınmır. Bütün bunlara baxmayaraq, çalışıram ki, ruhdan düşməyim. Amma gördüyüm diqqətsizlik bir çox hallarda məni ruhdan salır. Dünənki uşaqlara fəxri adlar verilir. 30-dan çox ölkədə Azərbaycan musiqisini təbliğ etmişəm. Bu haqsızlıq deyil? Rayonlarda, paytaxtda, hərbi hissələrdə konsert proqramı ilə çıxış etmişəm.
- Əvvəllər sizin konsertlərinizə biletlər bir neçə ay öncədən satılıb qurtarırdı. İndi niyə konsert vermirsiniz?
- İndi biz əsgərlərlə görüşür, onların qarşısında konsert proqramları ilə çıxışlar edirik.
- Mən solo konsertdən bəhs edirəm.
- Solo konsert vermək kişilər üçün çətin məsələdir. Kişi müğənnilərin konsert verməsi indiki dövrdə bir qədər qəlizdir.
- Qəliz olan nədir?
- Əgər xarici ölkədən bir müğənni gəlib konsert verirsə, ona sponsor da tapılır, yaxşı qonorar da verilir. Bizə konsert vermək üçün o pulu vermirlər axı. Azərbaycan müğənnisi konsert vermək üçün heç olmasa 60 min pul verməlidir. Bunun sarayı, musiqiçiləri, dizaynı və başqa problemləri var. Ona görə, biz müğənnilər konsert verməkdə çətinlik çəkirik. Mən də gedib kiməsə ağız açası deyiləm ki, gəl mənə dəstək ol. Hərbi hissələrdə, qocalar və kimsəsizlər evində konsertlər verirəm. Bu, mənə kifayət edir.
- Sosial şəbəkələrlə ayaq uydura bilirsinizmi?
- Zaman inkişaf edir, biz də yerimizdə dayanmırıq. Əlbəttə ki, sosial şəbəkələrdə varam və yeri gələndə, lazım olanda istifadə edirəm. Əgər bir yeniliyim varsa, səhifəmdə şəkil paylaşır, məlumat verirəm. Ancaq yersiz, hər dəqiqədə bir şəkil paylaşmıram. "İnstaqram” və "Facebook” səhifəm var. Yeni mahnılarım "Youtube” kanalında yerləşdirilir. "Bəyaz gecələr” yaradıcılıq mərkəzimizdə çalışan əməkdaşlarımız davamlı olaraq sosial şəbəkələrdə paylaşım edirlər. Bu baxımdan nə lazımdırsa, edirik.
- Albomlarınızdan gəlir əldə edə bilirsiniz?
- Azərbaycanda fəaliyyət göstərən müğənnilər heç vaxt albomlardan gəlir əldə etməyiblər. Bizim müğənnilərin gəlir yeri yalnız toylardır. Konsertlər, albomlar - bunların hamısı müğənni üçün əlavə xərcdir. "Bəyaz gecələr”, "Xallı qız” mahnılarımın albomları milyonlarla satılıb. Təbii ki, bunu işbazlar edib. Biz oradan bir qəpik belə qonorar almamışıq. Əziyyət çəkib yazdırdığım, 30-40 min xərc çəkdiyim albomları pul verib almışam.
- Əvvəllər gündəmin müğənnisini satılan kasetlərə uyğun olaraq təyin edirdilərsə, bu gün qiymətləndirmə hansı meyarla müəyyən olunur?
- Açığı, o gündəm mənə maraqlı deyil. İçimdən gələn musiqiləri səsləndirirəm. Məni ifaçı olaraq nə qalmaqal, nə söz-söhbət, nə də gündəm maraqlandırıb. Tək istəyim tamaşaçılar tərəfindən sevilmək olub. Heç vaxt bayağı mahnılar səsləndirməmişəm. Bayağı musiqilər mənlik deyil. Bir çoxlarının musiqi zövqü korlanıb. Çünki tamaşaçılara iki notdan ibarət olan mahnılar sırınır. Onlar da sevərək qəbul edirlər. Bu mahnıların da ömrü iki ay olur, ondan sonra unudulur. Mənim oxuduğum mahnılar hələ də dəbdədir, sevilir. "Qaranquşlar gələndə”, "Dolanım başına”, "Gül ki, ürəyin gülsün”, "Su pərisi” və başqa mahnılarım dünyanın bir çox ölkələrində oxunur və qəbul olunur.

- Bəs sizi birdən-birə fərqli istiqamətə yönləndirən səbəb nə oldu?
- Yaş ötdükcə insan dəyişir. 15 il bundan əvvəlki Səyyad deyiləm. Bizim problemlərimiz gələcək nəslə niyə qalmalıdır? Elə mahnılarım var ki, sözləri xoşuma gəlib, ona mahnı bəstələmişəm. Misal üçün, yeni oxuduğum "Sən xoşuma gəlirsən” mahnısı. Sözü də, musiqisi də özümündür və bu mahnı çox sevilir.
- Kim xoşunuza gəlir?
- Bu mahnıya kim qulaq asırsa, bu sözləri özünə götürür. Hər kəs özünü orada görə bilir.
- Boynunuzdakı qırmızı şərfi uzun müddətdir ki, istifadə edirsiniz. Köhnə müsahibələriniz, fotosessiyalarınızda, albomlarınızda demək olar ki, bu şərfdən istifadə edibsiniz. Bunun xüsusi bir mənası varmı?
- Bu şərf qızım Şəhlanın hədiyyəsidir, qış aylarında ondan istifadə edirəm.
- Yəni bu, stil deyil?
- Kimsə bunu stil kimi qəbul edir, ancaq mən bu şərfdən özümü soyuqdan qorumaq üçün istifadə edirəm. Ancaq deyəsən stilə dönüb.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər