1433 nəfər fərqlənmə attestatı alıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil
məktəblərinin tam orta təhsil və ümumi orta təhsil səviyyələrini bitirmiş
məzunlara fərqlənmə attestatları təqdim olunur.
Qeyd edək ki, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil
səviyyəsi üzrə 877, tam orta təhsil səviyyəsi üzrə isə 556 nəfər fərqlənmə
attestatı ilə bitirib. Təhsil müəssisələrində məzunlara fərqlənmə
attestatlarının təqdim olunması məqsədilə müvafiq tədbirlər keçirilir. Bu kimi
tədbirlərin təşkil olunmasının əsas məqsədi daha yüksək nailiyyətləri olan
məzunların nümunəsində şagirdləri gələcək uğurlara ruhlandırmaq, şagirdlərin
təhsilə və məktəbə marağını daha da artırmaqdan ibarətdir.
Tədbirlərdə təhsil
müəssisələrinin rəhbərliyi, müəllimlər, valideynlər və fərqlənən məzunlar
iştirak edirlər. Fərqlənmə attestatına layiq görülən məzunlara ünvanlanmış
təbriklərdə onlara müstəqil Azərbaycanın layiqli vətəndaşı olmaq, bilik və
zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmaq arzulanıb. Qeyd edək ki,
ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları
ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi
davranışı ilə fərqlənən, bütün fənlərdən attestata yazılan illik (yekun)
qiymətləri 5 (beş) olan, ümumi orta təhsil səviyyəsində buraxılış
imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan, tam orta
təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 (beş) qiymət
alan və ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.
Məzunlara ümumi
orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının
verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji
Şurasında baxılır və müvafiq qərar qəbul edilir.