• cümə, 26 Aprel, 09:05
  • Baku Bakı 12°C

143 illik şərəfli tarix

21.07.18 09:00 1762
143 illik şərəfli tarix
Hadisələrə obyektiv yanaşan, gizli mətləblərin gün üzünə çıxmasında böyük rolu olan, bəzən insanları düşündürən, bəzən isə yol göstərən jurnalistlərin bayramıdır. 143 illik tarixi olan Azərbaycan jurnalistikası bu gün özünün yeni mərhələsini yaşayır. Hər nə qədər zaman dəyişsə də, çağdaş jurnalistikanın nümayəndələri təməl prinsiplərə və missiyalara söykənərək fəaliyyətlərini davam etdirirlər. Biz də 143 illik şərəfli və çətin yol keçən mətbuatın ad günündə media kapitanlarının təəssüratlarını öyrəndik.

"Bu, mətbuatın qələbəsidir”
APA agentliyinin baş direktoru Vüsalə Mahirqızı "Kaspi”yə açıqlamasında bayram münasibətilə həmkarlarını təbrik etdi və 143 ildə Azərbaycan mediasının kifayət qədər böyük mərhələlər keçdiyini vurğuladı: "Bu günə gələnə qədər biz yazmağın qadağan olduğunu, mətbuatın senzuraya məruz qaldığını, təqib olunduğunu, Həsən bəy Zərdabidən indiyə qədər qəzet çıxarmağın nə qədər çətin iş olduğunu görmüşük. Amma müasir media senzurasız fəaliyyət göstərir, bu gün Azərbaycanda medianı hansısa dövlət strukturu nəzarətdə saxlamır, özünənəzarət mexanizmi olan Mətbuat Şurası vasitəsilə media özü özünü idarə edir. Eyni zamanda media cəmiyyətə ictimai nəzarət funksiyasını həyata keçirir, azad internetin olduğu bir ölkədə fəaliyyət göstərir. Bu, bizim mətbuatımızın qələbəsidir”.
Həmsöhbətimiz vurğuladı ki, 143 illik dövrdə Azərbaycanda jurnalistika məktəbi yaranıb: "Həsən bəy Zərdabidən sonra ənənəsi olan onlarla məşhur jurnalistlərimiz, qəzetlərimiz var. Onlardan biri də elə "Kaspi”dir. Müstəqillik dövründə uzun müddətli fəaliyyət göstərən media qurumlarımız var ki, artıq özlərinin məktəbini formalaşdırıblar. Artıq mediada bizi dünyada tanıda biləcək jurnalistlərimiz yetişir, kifayət qədər sanballı media qurumlarımız fəaliyyət göstərir. Onlar təkcə özləri üçün deyil, digər media qurumlarına da kadr ixrac etməklə məşğuldurlar. Yəni bütün bunların hamısı böyük ənənələrdir. Ənənələrin, məktəblərin yaranması ölkə mediasının tarixi üçün mühüm prosesdir”.

Azərbaycan mətbuatının gələcəyindən danışan media kapitanı bütün jurnalistləri təbrik etdi və medianın daha rəngarəng olmasını arzuladı: "Sosial şəbəkələrin mediaya inteqrasiyası, cəmiyyəti çaxnaşmaya salan xəbərlərin yayılması bütün dünyada müzakirə edilən məsələlərdir. Arzu edirəm ki, sosial şəbəkələr üzərindən xəbərlər vasitəsilə nifrətə, kinə çağırışların qarşısı alınsın və Azərbaycan mediası da dünyada gedən bu cür müzakirələrdə aktiv iştirak etsin. Mediamızın beynəlxalq müstəviyə inteqrasiyasını arzu edirəm”.
"Mətbuat millətin inkişaf tarixində təkanverici mərhələdir”
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu mətbuatın inkişaf tarixində uzun və mürəkkəb yol keçdiyini vurğuladı: "Ümumiyyətlə, mətbuatın ictimai institut kimi formalaşması tarixi o qədər qədim olmasa da, sevindirici haldır ki, Azərbaycanın mətbuat tarixi Orta Asiya və Şərqi Avropa ölkələri sırasında birincilərdəndir. Mətbuat, ilk növbədə, intellektual sfera olduğu üçün, heç şübhəsiz ki, onun formalaşmasını təmin edəcək intellektlərin, ziyalıların, qələm sahiblərinin, yazarların olması, bunun üçünsə, əlbəttə ki, cəmiyyətin bu cür insanları yetişdirməsi vacibdir. Əgər hər hansı bir sosium bu işin öhdəsindən tarixi missiya olaraq vaxtında gəlmirsə, o ölkələrin mətbuatının inkişafı da, tarixi də bir qədər daha sonrakı dövrlərə təsadüf edir. Ancaq heç şübhəsiz ki, gec və ya tez olmasından asılı olmayaraq, hər bir millətin milli mətbuatı onun inkişaf tarixində təkanverici bir mərhələdir. Çünki mətbuat milli kimliyi formalaşdıran vasitə olmaqla bərabər, eyni zamanda, milli maarifləndirməni həyata keçirir, milli mentalitetin formalaşmasında aparıcı komponentlərdən biri kimi iştirak edir. Bu mənada, Azərbaycan mətbuatının tarixinin məhz 1875-ci ildən başlanması onun göstəricisidir ki, Azərbaycan xalqı hələ o dövrdə mətbuat nümunələrini ortaya qoya biləcək ziyalıları yetişdirmək iqtidarında olan intellektual gücə və potensiala sahib bir xalq, Azərbaycan cəmiyyəti isə hələ o dövrdə kifayət qədər intellektual əsaslarda formalaşan bir sosium idi”.

H.Babaoğlu ölkədə KİV-in və jurnalistlərin problemlərinin həlli istiqamətində xüsusi tədbirlər görüldüyünü vurğuladı: "Jurnalistlərin dostu olan Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil probleminin həll edilməsi ilə bağlı Sərəncam verdi. 2013-cü ildə dövlət başçısının iştirakı ilə jurnalistlər üçün 156 mənzilli bina, 2017-ci ildə isə 255 mənzilli bina istifadəyə verildi. Hazırda isə üçüncü yaşayış binasının tikintisi davam edir. Bütün bunlar jurnalistlərə münasibətdə yüksək səviyyəli qayğının zirvəsidir. Çünki Müstəqil Dövlətlər Birliyi məkanında heç bir dövlət başçısı tərəfindən mətbuata bu qədər yüksək qayğı və diqqət göstərilməyib. 143 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib. Bu gün isə mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir”.
"Senzuranın ləğvi Azərbaycan mətbuat tarixində şərəfli hadisə idi”
"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkəmizdə söz, fikir azadlığına kifayət qədər diqqətin yetirildiyini vurğuladı: "Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, KİV-lərə birdəfəlik maddi yardımların verilməsi müstəqil mətbuatın inkişafına təkan verir. Bu günlərdə Prezident İlham Əliyevin ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında Sərəncamını xüsusi qeyd etmək istərdim. Sənədə əsasən, qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) bir milyon manat ayrılması mətbuata dövlət qayğısının yeni parlaq təzahürüdür”.

Baş redaktor vurğuladı ki, Azərbaycan mətbuatı Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra demək olar ki, tam mənada müstəqil mətbuat kimi formalaşmağa başladı: "Düzdür, 90-cı illərin əvvəllərində mətbuata kifayət qədər basqıların təzyiqlərin şahidi olmuşuq. Amma ümumilli liderin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, mətbuata da xüsusi diqqət yetirdi. Bu gün də Azərbaycan mətbuatı öz fəaliyyətini tam sərbəst davam etdirir. Senzuranın ləğvi Azərbaycan mətbuat tarixində çox şərəfli bir hadisə idi. KİV-in üzərindən dövlət nəzarətinin götürülməsi müstəqil mətbuatın inkişafına kifayət qədər böyük təkan verdi”.

Müsahibimiz sonda mətbuatın 143-cü ildönümü münasibətilə bütün həmkarlarımızı təbrik etdi və onlara yeni-yeni yaradıcılıq uğurları, dövlətçiliyimizin möhkəmləndirilməsinə davamlı töhfələr verməyi arzuladı.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər