• cümə, 19 Aprel, 07:29
  • Baku Bakı 13°C

“14 yaşımda uşaqlara dedim ki, biz bu milləti azadlığa çıxarmalıyıq” – Mən gənc olarkən

03.06.14 08:32 3912
“14 yaşımda uşaqlara dedim ki, biz bu milləti azadlığa çıxarmalıyıq” – Mən gənc olarkən
Orta məktəb illərində dərs əlaçısı olmaqla yanaşı, siniflərindəki İçərişəhərdən olan və dərslərini zəif oxuyan, şuluq uşaqlardan ibarət qrupun da bərabərhüquqlu üzvü olub, onlara qoşulub davalarda da iştirak edib. Məktəbi qızıl medalla bitirdiyi kimi, ali məktəbi də fərqlənmə diplomu ilə başa vurub. Müsahibimiz Yəməndə və Liviyada ərəb dili üzrə tərcüməçi, BDU-da müəllim, Azərbaycan Dövlət Teleradiosunun xarici verilişlər redaksiyasında ərəb dili üzrə diktor, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda elmi işçi, Azərbaycan Yazıçılar Birliyi Tərcümə Mərkəzində şöbə müdiri vəzifələrində işləyib.
ABŞ-ın Corctaun Universiteti və Macarıstanın Mərkəzi Avropa Universitetində elmi araşdırmaçı qismində çalışıb. Eyni zamanda ABŞ-ın bir sıra universitetlərində, o cümlədən Harvard Universitetində qonaq-mühazirəçi kimi müxtəlif mövzularda mühazirələr deyib. Nəriman Qasımoğlu Müqəddəs Kitabımız Qurani-Kərimin Azərbaycan dilinə bədii tərcüməsinin müəllifidir.
Yazıçı ailəsində doğulmağın üstünlükləri

Bakıda görkəmli Azərbaycan yazıçısı, tənqidçi, ədəbiyyatşünas, dövlət mükafatı laureatı Qasım Qasımzadənin ailəsində dünyaya göz açıb. Ailədə 3 uşağın ortancılı olub. Deyir, belə bir ailədə doğulmağı onu kiçik yaşlarından poeziya ilə, sözlə yoldaş edib: “Ağlım kəsən vaxtlardan Qasım müəlimin ilk oxucularından biri, bəzən də ilk oxucusu mən idim. Çox zaman yazdığı şeirlərin sətiraltı mənalarını da mənə izah edirdi. Bu da təfəkkürümün, tərbiyəmin gəlişməsində, şəksiz ki, müəyyən rol oynayıb. Sovet dövründə imperiyanın əsarəti altında olduğumuzu ancaq belə sətiraltı şeirlərlə dilə gətirmək mümkün idi”.
Belə bir ailədə böyüməsi Nəriman Qasımoğluna necə təsir edirsə, 1971-ci ildə, 14 yaşında təhsil aldığı 132 saylı məktəbdə yaxın bildiyi sinif yoldaşlarına Azərbaycanın müstəqilliyi, atasının şeirlərinin sətiraltı mənaları ilə bağlı söhbətlər edir. Uşaqlıq sadəlövhlüyü ilə onlara müqəddəs bildiyi arzusunu ifadə edir. Deyir ki, “üstümüzdə yük var, biz bu milləti azadldığa çıxarmalıyıq”. Məktəbdə əlaçı olduğundan sinif yoldaşları onun sözlərini ciddi qəbul edirlər. 4-5 nəfər özünə yaxın bildiyi sinif yoldaşına deyir ki, bizim indi gücümüz çatmaz, böyüyək, Sovet hakimiyyəti dairələrində vəzifələr tutaq və bu vəzifələrdə də Azərbaycanın gələcək müstəqilliyi üçün çalışaq. “Bir dəfə də yenə həmin uşaqlarla söhbətdə dedim ki, nəsə etməliyik, gəlin yoxlayaq görək insanların Azərbaycanın müstəqillik məsələsinə reaksiyası necədir. Təklif etdim ki, bir vərəqə “Rədd olsun rus imperiyası, yaşasın azad, müstəqil Azərbaycan!” yazıb müəyyən yerlərə yapışdıraq və camaatın reaksiyasını öyrənək. Axşam danışdığımız yerə heç kim gəlmədi. Azneft küçəsindəki telefon-avtomat köşklərinin birindən onlara zəng etdim, hərəsi bir işinin oldluğunu bəhanə gətirdi. Hiss etdim ki, qorxublar. Əlbəttə, qorxmağa səbəb də var idi”.
“Rus imperiyasına son, yaşasın müstəqil Azərbaycan”

Beləliklə, N.Qasımoğlu qərara gəlir ki, bu gizli aksiyanı özü təkbaşına həyata keçirsin. Vərəqə həmin sözləri rus dilində “Doloy rossiyskaya imperiya, da zdrastvuyet svobodnıy, nezavisimıy Azerbaydjan!” yazıb “Azneft” meydanı yaxınlığındakı 6 saylı məktəbin divarına yapışdırır. Səhərisi günü gəlib görür ki, kağız yerində yoxdur. Sonra gəzə-gəzə keçmiş Qubernator bağına çıxır. Çantasından iri kağıza yazdığı eyni mətni çıxarıb irigövdəli ağaca yapışdırıb üzüyuxarı qaçır ki, onu tanımasınlar. Əmin olanda ki, onu görən olmayıb, reaksiyanı izləmək üçün qayıdıb əlində kitab həmin ağacın yaxınlığındakı skamyada əyləşir. Özünü kitab oxuyurmuş kimi aparsa da, gözləri ağacın üzərindəki kağızda və yaxınlıqdan keçən insanlarda olur. Bir müddət keçir. Adamlar kağıza baxıb ötürlər. Bir nəfər orta yaşlı, qarayanız kişi isə kağızda yazılanı oxuyub vərəqi cırır. Bu zaman müsahibimiz ruhdan düşür: “Fikirləşdim ki, o kişi vərəqi oxuyub cırmadan gedə bilərdi. Kişinin belə hərəkəti və bir yandan da öz uşaqlarımızın qorxması məndə belə bir qənaət yaratdı ki, insanlarımızda müstəqil Azərbaycan ideyasına hazırlıq yoxdu, bunun vaxtı hələ gəlməyib. Öz-özümə dedim ki, “yaxşısı budur, gedib öz işinlə məşğul olasan”. Amma bu, içimdə bir ağrı olaraq qaldı”.
“Kollektiv davalarında iştirak edirdim”

132 nömrəli məktəbdə əlaçı oxuyan N.Qasımoğlu tar sinfinə də gedir, ansamblın rəhbəri olur. Bundan başqa, ictimai işlərdə fəallıq göstərir: “Orta məktəb dövründə heç boş vaxtım olmazdı. Ancaq dərs, musiqi, idman, müxtəlif dərnəkərdə, KVN-lərdə iştirak edərdim. Orta məktəb illərim həyatımın ən gur keçdiyi bir dövr olub”.
Bir tərəfdən dərslərini əla qiymətlərlə oxuyan həmsöhbətimiz dəcəlliyindən də qalmır: “Dərslərimi yaxşı oxumaqla bərabər, sinifimizdəki İçərişəhərdən olan və dərslərini zəif oxuyan, şuluq uşaqlardan ibarət qrupun da bərabərhüquqlu üzvü idim. Onlara qoşulub arabir şuluqluq da salırdıq. Məni o uşaqlarla görən müəllimlərim məəttəl qalırdılar ki, əlaçı uşağın dəcəl, şuluq uşaqlarla nə işi var. Amma onlar dərslərini pis oxusalar, dəcəlliyə meylli olsalar da, işıqlı uşaqlar idi və dostluğumuz tuturdu. Buna görə yeri düşəndə kollektiv davalarında da iştirak edirdim”.
Müəllim sənə necə “5” yazıb?

Riyaziyyatı gözəl bilən anası bir gün 6-cı sinifdə oxuyanda oğlunun dərsləri ilə maraqlanır. Həll etmək üçün riyaziyyatdan misallar verir: “Mən yaxşı həll edə blmədim. Anam əsbiləşdi ki, adi elementar şeyləri bilmirsən, müəllim sənə necə “5” yazıb. Bəlli oldu ki, müəllimim zəifdi. Təkcə digər sinifdə riyaziyyatdan yaxşı dərs deyən müəllimə görə məni “a” sinifindən “q” sinifinə keçirdilər. Təsəvvür edin, o sinifdə cəmləşən uşaqların da əksəriyyəti şuluq uşaqlar idi. Elə birinci gündən məni, necə deyərlər, “dişlərinə vurmaq” istədilər. Futbol oynayırdıq, həmin həmin uşaqlardan biri mənə sataşmaq məqsədilə toxundu. Heç özüm də bilmədim ona heç nə demədən bərk bir şillə vurdum. Zərbədən üzü qıpqırmızı qızardı. Səhərisi gün dərsə gələndə hiss etdim ki, uşaqların gözündə hörmətim xeyli artıb. Əlbəttə, bu epizodik bir şey idi, əsas fikrim-zikrim dərslərdə, məşğələlərdə, kitablarda idi”.
Riyaziyyatı yaxşı bilsə də, şərqşünaslığı seçir

Beləliklə, N.Qasımoğlu orta məktəbi əla qiymətlərlə, qızıl medalla bitirir. Dəqiq elmlər üzrə yaxşı göstəricilərinə, riyaziyyat müəlliminin təkidlərinə baxmayaraq sənədlərini humanitar sahəyə verir: “Dəqiq elmləri yaxşı oxusam da, içimdə bu sahəyə maraq yox idi. Mən də yavaş-yavaş şeir yazmağa başlamışdım. Marağım humanitar sahəyə idi. Şərqşünaslıq ixtisasını özümə daha yaxın sayırdım. Ərəbcəni öyrənmək və şərq dünyası ilə bağlı öz aləmimdə xəyallar qurmuşdum. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul oldum. Azərbaycan bölməsində oxusam da, ikinci kursdan rus bölməsinə keçməli oldum. Orada oxuyan uşaqlar vəzifəli adamların rusdilli övladları idi. Amma ruscanı yaxşı bildiyimə görə mənim üçün uyğunlaşmaq problemi olmadı. Düzdür, bu qrupda əlaçı olmağın təbii çətinliyi olsa da, zəhmətə qatlaşıb bunun da öhdəsindən gəldim və universiteti də fərqlənmə diplomu ilə bitirdim.
“Bu oğlan radionun ərəb dili diktorudur”

Dördüncü kursdan Cənubi Yəməndə, Ədəndə tərcüməçi kimi təcrübədə olan N.Qasımoğlu orada işinin müqabilində yaxşı maaş da alır: “Sovetlərdə ərəb dilini bilən tələbələrə ehtiyac olduğundan bizə yüksək maaş verirdilər. Mən orada çox fəal idim. Hətta məni ən yüksək səviyyədə görüşlərə tərcüməçi kimi çağırırdılar. Yəmənin baş naziri və digər nazirləri ilə görüşlərdə tərcüməçi qismində iştirak edirdim. Orada olduğum dövrdə qırğınlar, vətəndaş müharibəsi də oldu. Daxili siyasi çarpışmaların yəmənlilərin bir-birini necə qanlarına qəltan etdiyinin, onların bu faciəsinin əyani şahidi oldum və çox gərgin günlər yaşadım”.
Universitetdə oxuya-oxuya Dövlət Teleradiosu xarici verilişlər idarəsinin ərəb ölkələri verilişləri redaksiyasında diktor işləyir: “Təhsilimi bitirəndən sonra ərəb dili kafedrasının müdiri Ələsgər Məmmədovun xahişi ilə ərəb dilindən saathesabı dərs də deyirdim. Yeri gəlmişkən, ərəbdilli verilişlər redaksiyasını Ələsgər müəllim yaratmışdı və onun ilk redaktoru da özü olmuşdu. Ötən əsrin 82-ci ilinin may ayı idi. Liviyada mütərcim kimi işləmək üçün uzun müddətli ezamiyyətə gedəcəkdim. Valideynlərim evimizdə bu münasibətlə kiçicik bir vida ziyafəti düzənləmişdilər.
Ələsgər müəllim atam Qasım Qasımzadə ilə ilk gənclik illərindən yaxın münasibətdə idilər. Qonaqlardan biri atamın dostu, həm də qonşumuz akademik Kamal Talıbzadə idi. Ələsgər müəllimə üzünü tutub mənim ərəbcəni necə bildiyimi soruşanda professor qayıtdı ki, neçə ildir Rusiyada (Sovet İttifaqını nəzərdə tuturdu – N.Q.) yaşayırsan? Kamal müəllim öz yaşını dedi. Ələsgər müəllim: “Deməli, 60 ildir Rusiyada yaşayırsan, de görüm, televiziyada, ya radioda rus dili üzrə diktor işləyə bilərsən?”. Kamal müəllim “xeyr, əlbəttə, bacarmaram”, - deyə cavab verdi. Ələsgər müəllim mənə işarə edərək dedi: “Bax, bu oğlan radionun ərəb dili diktorudur”. Hamının üzünə bir təbəssüm qondu”.
N.Qasımoğlu universitetdə gözəl müəllimlərinin olduğunu deyir: “Azərbaycanda ərəbşünaslığın banisi Ələsgər Məmmədov, ərəb ədəbiyyatından dərs deyən Nərminə Sultanlı, Aida İmanquliyeva və b. Aida xanımla Akademiyada da birgə işlədik, Fələstin poeziyası mövzusunda araşdırma aparanda o, mənim həm də elmi rəhbərim idi”.
“Rəsmimi çəkdi, amma mənə vermədi”

1980-ci ildə Liviyaya ezamiyyətə gedən N.Qasımoğlu orada da günlərinin çox gərgin və macəralı keçdiyini deyir: “Macəralardan biri Liviya xüsusi xidmət orqanları tərəfindən günahsız yerə həbs edilmiş vətəndaşlarımızın azad edilməsi ilə bağlı oldu. Fədakarlığımı belə dəyərləndirdilər ki, sovet kəşfiyyatının Tripolidəki rezidenti adından mənə “qiymətli hədiyyə” təqdim edildi. Bunu ona görə dırnaq arasında deyirəm ki, hədiyyənin qiyməti təxminən 5-6 dollar dəyərində olardı”. Müsahibimiz Sovet-Liviya iqtisadi əməkdaşlıq komissiyasının dövlətlərarası danışıqlarında da tərcüməçi kimi iştirak edir: “Liviyada işləyərkən əhatəsində çalışdığım insanların şəxsimə xüsusi münasibət bəsləyənlər az deyildi. Onlardan biri Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, tanınmış rus rəssamı Andrey Nikolayeviç Kuznetsov idi. Bir gün məndən xahiş etdi ki, bir müddət onun üçün poza verim, öz təsəvvürüncə obrazımı yaratsın. Yağlı boya ilə portretimi çəkdi. Portretin orijinalı özündədir, Moskvadakı sərgilərində nümayiş etdirir. 1985-ci ildə Moskvada olarkən məni emalatxanasına dəvət edib bu əsərini göstərdi. O zaman rəngli fotoaparatım yox idi, portretin ağ-qara fotosunu çəkmişdim. Orada Anatoli Sadçikov adlı başqa bir rus rəssamı ilə də yaxın münasibətdə idim. Kuznetsovun bu əsərini görəndən və biləndən sonra ki, portreti mənə verməyəcək, özü ilə Moskvaya aparacaq və mənə verməyəcək, dedi, mən də sənin portretini yaratmaq istəyirəm. Karandaşla portretimi çəkib özümə bağışladı”.
“Andıra qalasan”

Orta məktəb illərindən şeirlər yazmağa başlasa da, ilk şeirləri institutu bitirəndən sonrakı dövrdə, 1980-ci ilin əvvəllərində almanaxlarda, “Ulduz” jurnalında çıxır: “Yusif Səmədoğluna bir dəfə dedim ki, sizin jurnalda mənim şeirlərimi ona görə vermirlər ki, antisovet motivlidir. O dedi ki, gətir, bu saat imzalayım. Dediyinin üstündə durdu, ilk şeirlərim sözügedən jurnalda çap olundu”.
N.Qasımoğlu çap olunan şeirləri ilə bağlı maraqlı bir nüansı da bizimlə bölüşdü: “Moskvada dissertasiya yazdığım dövrdə, 1985-ci ildə Zori Balayanın “Ocaq” kitabı çıxmışdı. Bu, hamı kimi məni də hiddətləndirmişdi. Çap olunmaq üçün sətiraltı mənaya hesablanan və guya satirik ruhda bir şeir yazdım. Adı da “Andıra qalasan” idi.
Qonşuluqda Nik adlı
bir it ömür sürürdü,
Özgə ilə işi yoxdu,
təkcə bizə hürürdü.
Uşaqlar qəzəblənib
qulağını kəsdilər,
Sahibləri də bizdən
həmişəlik küsdülər.
Dərs olmadı bu, itə,
hürməyində qaldı Nik,
abırsız-həyasızdı,
yersiz qalmaqaldı Nik.
Bircə dəfə görmədim
bir qanıb-qandıra Nik,
hürə-hürə it oldu,
qalasan andıra, Nik”.
Bu şeir “Ədəbiyyat və incəsənət” qəzetində çap olunur və o zaman ictimaiyyətdə bir partlayış effekti yaradır: “Çünki belə şeirin çapı gözlənilməz idi. Şeirin üzünü köçürüb yaydıqlarından xeyli kütləviləşdi. Bu şeirin havası ilə 1987-ci ildə məni Naxçıvanda gənc fəallar kəndbəkənd gəzdirib əhali ilə görüşümü təşkil etdilər”.
Quran tərcüməçisi

N.Qasımoğlunun sözlərinə görə, universitetdən sonrakı əmək fəaliyyətinin əhəmiyyətli hissəsi Akademiyanın Şərqşünaslıq İnstitutu ilə bağlı olub: “Bir müddət də Moskvanın Şərqşünaslıq İnstitutunda çalışmışam. O zaman Moskvada gündəlik xərclərimi qarşılamaq üçün ittifaq radiosunun ərəb dili redaksiyasına iş üçün müraciət etdim. Səsimi və tələffüzümü bəyənib diktor kimi işə götürdülər. Qadın diktorlar milliyyətcə rus olsalar da, kişi diktorların hamısı Moskvada yaşayan ərəblər idi. O zaman Moskvanın ərəb redaksiyasında kişi səsi ilə veriliş aparan yeganə sovet vətəndaşı mən idim”.
Həmsöhbətimizin gəncliyinin sonrakı illəri Quran tərcüməsi ilə bağlıdır: “Bu tərcümə o zaman “Xəzər” jurnalının redaktoru, gözəl şairimiz Vaqif Bayatlının təşəbbüsü ilə gerçəkləşdi və 1989-cu ildən jurnalda dərc olunmağa başladı. Əsərim 1993-cü ildə 100 min tirajla çapdan çıxıb populyarlıq qazandı. Hazırda Quran tərcüməsinin tamamilə yeni bir bədii tərcümə versiyasını da çapa hazırlamışam”.
Lalə MUSAQIZIMən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən">

banner

Oxşar Xəbərlər