• cümə, 29 Mart, 02:11
  • Baku Bakı 7°C

135 yaşlı “Kaspi”nin 150 yaşlı əməkdaşı

13.12.16 14:44 1506
135 yaşlı “Kaspi”nin 150 yaşlı əməkdaşı
Eynəli bəy Sultanov 1866-cı ildə Naxçıvan şəhərində anadan olmuşdu. 1881-ci ildə "Kaspi” qəzeti fəaliyyətə başlayanda onun hələ 15 yaşı var idi. Və həmin vaxt bu yeniyetmə İrəvan Kişi Gimnaziyasında təhsil alırdı.
Naxçıvanda ilk mətbəənin əsasını qoymuşdur
Gənc vaxtlarından dünya ədəbiyyatına, digər dilləri öyrənməyə böyük maraq göstərən Eynəli bəy Sultanov gimnaziyada təhsil alarkən rus, fransız və latın dillərini öyrənmiş, bu dillər vasitəsi ilə Avropa ədəbiyyatını və Qərb maarifçiliyini, rus yazıçılarını orijinaldan mütaliə edərək dərindən mənimsəmişdir. Hələ 17 yaşında Naxçıvanda "Ziyalı məclisi”, "Müsəlman dram incəsənəti cəmiyyəti” kimi ədəbi-mədəni məsələlərin müzakirə olunduğu, yeni ideyaların həyata keçirilməsinə çalışan mərkəzlər yaratmağa nail olmuş, bu mərkəzlərdə dövrünün qabaqcıl fikirli ziyalılarını öz ətrafında toplamışdır. Beləliklə də, ziyalı, həmfikir yoldaşları ilə xalqın maariflənməsi, aydın düşüncəyə sahib olması uğrunda müxtəlif tədbirlərin həyata keçirilməsinə başlamışlar.
Bunun məntiqi nəticəsi olaraq, 1883-cü ildə əvvəlcə öz evində, sonralar daha böyük səhnələrdə, daha çox insanların qarşısında müxtəlif tamaşalar göstərməklə Naxçıvan teatrının yaranmasında yaxından iştirak etmiş, hətta bir çox hallarda həmin tamaşalara rejissorluq etmiş, eyni zamanda aktyor kimi fəaliyyət göstərməkdən də çəkinməmişdir. Eynəli bəy Sultanov özünün yaratdığı "Ziyalı məclisi”nə üzv olan həmfikir dostlarının köməyi ilə ilk dəfə olaraq Naxçıvanda kitabxana açdırmağa nail olmuş, bir müddət sonra isə dostu Əsəd Ağa Kəngərlinski ilə birlikdə Naxçıvanda ilk mətbəənin əsasını qoymuşdur.
1887-ci ildən etibarən müxtəlif mövzularda yazılar yazmağa başlayan gənc ədib o zaman məşhur olan "Tərcüman” qəzetində ilk mətbu yazılarını nəşr etdirmişdir.
Xalqı düşündüyü üçün təqib olunur
Xalqın maariflənməsinə çalışan, onun aydın düşüncəyə sahib olması üçün əlindən gələni əsirgəməməsi o dövrün fanatik dindarları, həmçinin xalqı soyub-talayan iri mülkədarların maraqları ilə üst-üstə düşmürdü. Bu məqsədlə də onlar Eynəli bəy Sultanov başda olmaqla ziyalılar dəstəsini gözdən salmağa çalışır, onları kafir, dindar, casus, dəli adlandıraraq, xalqın gözündən salmağa çalışırdılar. Məhz bu təbliğatın nəticəsi olaraq təqib olunmağa başlanan Eynəli bəy Sultanov Naxçıvandan ayrılaraq Qarsa köçməli olur. XIX əsrin son onilliyində Azərbaycanın İrəvan şəhərində fəaliyyətini davam etdirən Eynəli bəy Sultanov 1892-ci ildən İrəvan quberniya idarəsində birinci dərəcəli dəftərxana xidmətçisi, 1893-cü ildən İrəvan Dairə məhkəməsində tərcüməçi, 1894-cü ildən məhkəmə katibinin köməkçisi vəzifələrində işləmiş, hətta Dairə məhkəməsində mülki işlər üzrə üçüncü stolun rəisi vəzifəsinə qədər yüksəlmişdir. Məhkəmə orqanlarında işləməklə hüquq sahəsində böyük təcrübə qazanan Eynəli bəy Sultanov prokurorluq orqanlarına işə cəlb olunmuş, 1897-1903-cü illərdə Dairə məhkəməsi prokurorunun köməkçisi vəzifəsində işləmişdir. 1906-cı ildən etibarən ona İrəvan Dairə məhkəməsi prokurorunun Naxçıvan üzrə köməkçisi vəzifəsini də yerinə yetirmək tapşırılmışdır.
Xalq arasında böyük nüfuz qazanan, ictimai çəkisi kifayət qədər artan E.Sultanov 1907-ci ildə İrəvan Dövlət Dumasına deputat seçilmiş, ictimai xadim kimi də böyük şöhrətə yiyələnmişdir.
Eynəli bəy Sultanov İrəvanda işlədiyi dövrdə də mətbuatla da daim əlaqə saxlamış, onu narahat edəm mövzularda yazılarla çıxış etmişdir. Belə ki, 1891-ci ildən "Novoe obozrenie” qəzetində ardıcıl olaraq ədəbi-publisist yazılarla fəal iştirak edən Eynəli bəy Sultanov 1905-1908-ci illərdə "Kaspi” qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri vəzifəsində də çalışmış və 1908-ci ildə Tiflisə köçmüşdür.
"Kaspi” qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri kimi mətbuat orqanlarında bir çox mühüm məsələlərlə bağlı yazılar yazan Eynəli bəy Sultanov öz publisistik üslubu ilə daim seçilmişdir.
Tiflisdə yaşadığı illərdə latın qrafikalı əlifbaya keçid sahəsində iyirmi ilə yaxın ardıcıl fəaliyyət göstərən, 1924-cü ildə Yeni Əlifba Komitəsi Tiflis şöbəsinin katibi vəzifəsini daşıyan Eynəli bəy Sultanov 1930-cu ildə məhz bu komitənin tərcüməçisi vəzifəsindən təqaüdə çıxmışdır.
O, Tiflisdə 1909-cu ildə "Zubalov adına xalq evi” yanında Azərbaycan dram şöbəsinin əsas təsisçilərindən biri olmuş, 1911-ci ildə Gürcü Əyanlar teatrında təşkil olunan Azərbaycan Teatr Cəmiyyətinin bürosuna üzv seçilmişdir.
Onu da qeyd edək ki, O, XIX əsrin 80-ci illərindən ədəbi fəaliyyətə başlamış, ilk qələm təcrübələrindən biri olan "Azərbaycan qızı” ("Tatarka”) pyesi 80-ci illərdə Naxçıvanda dəfələrlə tamaşaya qoyulmuşdur. Bur neçə pyes yazan Eynəli bəy Sultanov onlarla realist üslubda yazılmış hekayənin, bir neçə şeirin, fars dilindən Azərbaycan və rus dilinə, rus dilindən Azərbaycan dilinə, Azərbaycan dilindən rus dilinə tərcümələrin də müəllifidir.
Yazıçı-publisist, tərcüməçi, folklorşünas, bədii və teatr tənqidçisi, hüquqşünas, ictimai xadim kimi tanınan Eynəli bəy Sultanov 1935-ci ildə Tiflis şəhərində vəfat etmişdir.
"Onun həyat amalı”
Eynəli bəy Sultanovun geniş ictimaiyyətə tanıdılmasına Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 15 fevral 2016-cı il tarixdə imzalanmış "Eynəli bəy Sultan­ovun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamın böyük rolu oldu.
Belə ki, muxtar respublikanın ali təhsil müəssisələri və elm ocaqlarının birgə təşkilatçılığı ilə ədibin həyat və yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilmiş, təhsil və mədəniyyət müəssisələrində Eynəli bəy Sultanovla bağlı sərgi və guşələr, oxucu konfransları təşkil olunmuş, "Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının 34-cü nömrəsi bütövlükdə maarifçi ziyalıya həsr edilmiş, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən Eynəli bəy Sultanovun 150 illiyinə həsr olunmuş poçt markası buraxılmış, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verililəri Komitəsi "Onun həyat amalı” adlı sənədli film çəkmişdir.
Bunlarla yanaşı bu ilin aprel ayında Eynəli bəy Sultanovun tədqiqatçısı, AMEA Naxçıvan Bölməsinin Folklorşünaslıq şöbəsinin müdiri Elxan Məmmədov "Eynəli bəy Sultanovun folklorşünaslıq irsi” dissertasiyasının Bakıda AMEA-nın Folklor İnstitutunun Dissertasiya şurasında uğurla müdafiə etmiş, ədibin 33 hekayəsinin yer aldığı "Eynəli bəy Sultanov: Hekayələr” kitabını nəşr etdirmişdir. Həmçinin Elxan Məmmədov tərəfindən indiyədək görkəmli ədibin həyat və yaradıcılığı haqqında dissertasiya müdafiə etmiş iki alimin, İzzət Maqsudovun "Eynəli bəy Sultanovun həyat və yaradıcılığı” və İradə Əsədovanın "Eynəli bəy Sultanovun yaradıcılıq yolu” monoqrafiyaları nəşrə hazırlanaraq çap olunmuşdur.
Eynəli bəy Sultanov 1905-1908-ci illərdə "Kaspi” qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri vəzifəsində çalışdığı müddətdə yazdığı məqalələrində ağır məhrumiyyətlərə düçar olan, rus çarizminin müstəmləkəçilik boyunduruğu altında inləyən doğma xalqının faciəli həyatını başqa xalqlara, birinci növbədə rus xalqına və onun maarifpərvər adamlarına daha aydın çatdırmaq istəyirdi.
Yazıçı 90-cı illərdə yazdığı ilk məqalələrinin mühüm bir qismini şifahi xalq yaradıcılığına həsr etmiş, yazılarında alovlu bir vətənpərvərin mənsub olduğu xalqın zəngin mədəni irsinə, xalq yaradıcılığına qayğı və məhəbbəti öz əksini tapmışdır.
Eynəli bəy Sultanovun 1905-ci il hadisələri dövründə yazdığı publisist məqalələrində maarif, mədəniyyət, qadın azadlığı, hüquq bərabərliyi, feodal üsuli-idarənin tənqidi və bir çox başqa ictimai-siyasi məsələlər əsas yer tutur. Məqalələrinin əksərində yazıçı əzilən, hüququ tapdalanan, ictimai mühitin amansız təzyiqinə məruz qalan geniş zəhmətkeş kütlələrin həqiqi mənada müdafiəçisi kimi çıxış edir. O, xalqın qanını zəli kimi soran mülkədarları, xan və bəyləri, sadəlövh kəndlilərin avamlığından istifadə edən ruhaniləri, rüşvətxor çar məmurlarını kəskin və cəsarətli bir qələmlə ifşa etmişdir.
Müəllif burjua-mülkədar quruluşunun özbaşınalığına, geniş zəhmətkeş kütlənin ikiqat zülm altında inləməsinə heç cür dözə bilmir, onun alovlanan qəlbini mühüm bir sual çırpındırır: "Nə üçün mənim xalqım zülmkarlardan qorxur? Nə üçün öz düşmənlərinə boyun əyir, onlara lənət yağdırmır? Özü aclıq çəkir, onları isə ləziz xörəklərlə bəsləyir? Hökmranlıq edən tox müstəbidlər onun aclığı hesabına quduzcasına dövran sürür və vəhşi rəqslərlə onun müqəddəs hüquqlarını tapdalayırlar”.
Yazıçı irticanın qızğın dövründə belə bir tərəfdən zəhmətkeş kütləyə öz hüququnu dərk etməyi, hakim sinfə qarşı barışmaz olmağı tələb edir və göstərir ki, mövcud üsul-idarədə ədalət, həqiqət axtarmaq qaranlıq gecədə Günəş axtarmaq qədər mənasızdır: "Tox müstəbidlərə boyun əymək, onlara itaət etmək vaxtı keçmişdir”.
Mövcud quruluşun seçki sistemini də lağa qoymuş və ona öz mənfi münasibətini bildirmişdir. E.Sultanov mənsub olduğu xalqı sonsuz bir məhəbbətlə təsvir edir, onun maarif və mədəniyyətə yiyələnməsi, azadlığa çıxması uğrunda yorulmadan mübarizə aparırdı.
Mən səni sevirəm, xalqım!
Yazıçının elə bir məqaləsi yoxdur ki, orada xalqa məhəbbəti öz əksini tapmamış olsun. "Mən səni sevirəm, xalqım! Bütün məramımla, bütün qəlbimlə sevirəm. Səni bəşəriyyətin böyük ailəsinin üzvü kimi sevirəm. Səni sevərkən həyatını müşahidə edir, sənin övladlarını öyrənir, dost-düşmənlərini ayırd edirəm. Mən sənin məhəbbətindən ilham alıb onlardan bir parçasını öz açıq məktublarımda ifşa etmişəm. Həm də nəinki bir parçasını, çoxunu. Lakin xalqım, onlar sənin övladın deyil, eybəcərlərdir”, - deyən yazıçının vətənpərvərliklə döyünən qəlbinin hərarəti, səmimiyyəti sonsuz idi.
E.Sultanovun publisist əsərləri içərisində "Naxçıvan məktubları” başlığı altında dərc etdirdiyi "Ağıllı başlar”, "Dövlət dumasına seçkilər”, "Şəhər təsərrüfatı haqqında”, "Tarixi sənəd”, "Naxçıvan”, "Naxçıvan xəbərləri”, "Cəbhədən cəbhəyə”, "Naxçıvan-İrəvan quberniyası”, "Kəndxuda və gizir”, "Naxçıvan publikası”, "Batmış məsələ” (Keçili kəndindəki cüzam xəstəliyi haqqında), "Naxçıvanda nə barədə danışırlar”, "Naxçıvanda vəziyyət yaxşı deyildir” və s. məqalələri ayrıca yer tutur.
"Kaspi” qəzetinin 135 illik yubileyinin keçirildiyi bir vaxtda Eynəli bəy Sultanovun da 150 illik yubileyinin qeyd olunması əlamətdar hadisə kimi yadda qalacaqdır. Bir neçə il "Kaspi” qəzetinin Naxçıvan və İrəvan üzrə xüsusi müxbiri işləyən, Naxçıvanın yetişdirdiyi və böyük ziyalılardan biri olan alovlu-publisist Eynəli bəy Sultanovun xatirəsi bundan sonra da dövlətimiz və xalqımız tərəfindən əziz tutulacaq, qiymətləndiriləcək və hər kəs onu sevərək öyrənəcək, oxuyacaq, təbliğ edəcəkdir.
Elxan Yurdoğlu,
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitunun Folklorşünaslıq şöbəsinin müdiri, şair-publisist
banner

Oxşar Xəbərlər