13 yaşlı aktyor, rəqqas və... - Portret
Müasir dövrdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün ən
kütləvi vasitə idmandır. Odur ki, idman aləmini paralimpiya dəyərləri olmadan
təsəvvür etmək mümkün deyil. Neyrocərrah Lüdviq Quttman tərəfindən irəli
sürülən, 1960-cı ildən bu yana ali səviyyədə əksini tapan paralimpiya maraqları
ötən dövr ərzində böyük hərəkata səbəb olub, günümüzdə dünyanın hər bir
tərəfindən milyonlarla insanı ətrafına toplamaqdadır. Bu dəyərlər
respublikamızda da yüksək səviyyədə qorunaraq, təbliğ edilir. Respublikamızın
nümayəndələri cəmi altı Yay Paralimpiya oyunlarında iştirak etsələr də, az qala
bir əsrlik fəaliyyəti ifadə edən uğurlara imza atıblar. Eyni zamanda,
idmançılarımız ayrı-ayrı növlərdə Avropa, dünya rekordlarına, hər iki miqyas
üzrə unikal hesab edilən nəticələrə sahibdirlər. 1996-cı ildə ulu öndər Heydər
Əliyevin xeyir-duası ilə cəmi iki idman növü (pauerliftinq və güllə atıcılığı)
üzrə fəaliyyətə başlayan Azərbaycan Milli Paralimpiya Komitəsi hazırda 16 növ
üzrə idmançı hazırlayır. Komitənin sıralarında 1000-dən çox fiziki
məhdudiyyətli idmançı var ki, onların 240-dan çoxu beynəlxalq yarış təcrübəsinə
malikdir. Qabaqcıl milli paralimpiya qurumlarından sayılan AMPK-nin son illər
gördüyü işlər arasında dünyada ilk olan Uşaq Paralimpiya Komitəsinin
yaradılması xüsusi diqqət çəkir. Əlilliyi olan uşaqların idman vasitəsilə
cəmiyyətə inteqrasiyası və beləliklə, ehtiyat qüvvənin hazırlanması məqsədi güdən
UPK-nin təşkilatçılığı ilə 2015-ci ildən etibarən mütəmadi olaraq Uşaq
Paralimpiya Oyunları keçirilir. Bu günə qədər dörd belə yarış baş tutub ki,
onlardan sonuncusunda yerli uşaqlarla yanaşı, qonşu Gürcüstan təmsilçiləri də
mübarizə aparıb. Beləliklə, "Portret" rubrikasının budəfəki
buraxılışında uşaq paralimpiyasının məşhur siması Rəsuldan bəhs edəcəyik.
Əfsanəvi paralimpiyaçımızla eyni soyadı daşıyan kiçik qəhrəmanımız, bu vaxtadək
üç dəfə Uşaq Paralimpiya Oyunlarının qalibi olub.
"Deyirdilər ki, sizin
kimi valideyn yoxdur"
Rəsul Zəkiyev 2006-cı ildə Bakıda anadan olub. Doğuşdan gəzmə
məhdudiyyətlidir. Belə ki, ayaqları inkişafını tamamlamayıb. Bununla belə,
sağlam yaşıdlarının çoxundan aktiv həyat tərzi keçirib. Lap kiçik yaşlarından
şahmat və rəqslə məşğul olan Rəsul, əlil arabasında rəqs üzrə iki, pauerliftinq
üzrə bir dəfə Uşaq Paralimpiya Oyunlarının qalibidir. O, eyni zamanda
"Əsa" inklüziv teatrının aktyorudur.
Sözsüz ki, onun erkən yaşlarından cəmiyyətə adaptasiya olması
valideynlərinin mükəmməl dəstəyi sayəsində baş verib. Əlilliyi olan uşaqlarını
evə qapadan əksər insanlardan fərqli olaraq, Rəsulun ata-anası övladlarına görə
zərrə qədər utanıb çəkinməyiblər. Əksinə, bir yaş kiçik qardaşı Rəhimdən daha
çox onun aktiv həyat tərzi keçirməsinə çalışıblar. Mehriban Zəkiyeva deyir ki,
bir müddət oğlunu məktəbə kürəyində aparıb-gətirib: "İlk sinfini Rəsul ev
rejimində oxumalı oldu. Gördüm ki, Rəhimin dərsə gedib-gəldiyini görüb, pis
olur. Bir ara hətta dərman da içirdi. Dedim, nəyin bahasına olur-olsun, onu
məktəbə qoymalıyam. İkinci sinifdən məktəbə getdi. Əvvəl otaqları ikinci
mərtəbədə idi, ora qucağımda çıxarıb-endirirdim. Çox adam mənə qəribə
nəzərlərlə baxırdı, bəzən yaxınlaşıb deyirdilər ki, halal olsun, sizin kimi
valideyn yoxdur. Düzü, bu, məni həmişə narahat edib. Məsuliyyətini dərk edən
hər bir valideyn övladının hansı durumda olmasından asılı olmayaraq, ona dəstək
olmalı, onun üçün ən yaxşısını etməyə çalışmalıdır. Mən tez-tez Nik Vuyçiçin
videolarına baxır, onun həyat hekayəsini təqib edirəm. Beləcə, daha dərindən
anlayıram ki, əlillik arzulara doğru gedən yolda keçilməz sədd deyil".
Boyuna biçilən
ağırlıqqaldırma
Valideynləri Rəsulun fərdi inkişafı üçün əlindən gələni əsirgəməsələr
də, uzun müddət paralimpiya hərəkatı haqqında məlumatlı olmayıblar. Belə ki,
ailənin paralimpiya ilə tanışlığı dörd il əvvələ təsadüf edib. İlk ilindəcə
uşaq paralimpiya oyunlarının əlil arabasında rəqs yarışının qalibi olan balaca
qəhrəmanımız, növbəti il də birinciliyi heç kimə güzəştə getməyib. 2016-cı ildə
baş tutan ikinci oyunlarda Rəsul yaşına xas olmayan fiziki göstəriciləri ilə
pauerliftinq üzrə yeniyetmələrdən ibarət paralimpiya komandamızın baş məşqçisi
Taleh Məhərrəmovun diqqətini çəkir. Rəsul tezliklə onunla hazırlıqlara
başlayır, ilk ilindəcə ikinci nəticə göstərir, növbəti il isə yarışın qalibi
olur. Məhərrəmov deyir ki, bu növ tam olaraq onun boyuna biçilib: "Görən
kimi dedim ki, bu uşaq gələcəyin paralimpiya çempionudur. İlk cəhddən 20
kiloluq ştanqı qaldıranda isə buna lap əmin oldum. Fiziologiyası ağırlıqqaldırmanın
tələblərinə uyğundur. Düzdür, indidən konkret danışmaq olmur, amma qalıb davam
eləsə, çox uğurlu idmançılardan biri olacaq. Hazırda 65 kilo qaldırır, 16-17
yaşlı uşaqlar bu çəkini güclə qaldırırlar. Bir çoxu heç bacarmır".
Gələcəyin Oluxanı
Rəsulu paralimpiya cameəsində Oluxan Musayevə bənzədir, onu gələcəyin
Oluxanı adlandırırlar. Bəli, o, ilk baxışdan tamamilə "Pekin-2008"
Yay Paralimpiya Oyunlarının çempionunu xatırladır. Fitrətdən gələn güc və
bacarıqları, idmana qarşı böyük, get-gedə daha da alovlanan sevgisi
"ikinci Oluxan yetişir" deməyə sövq edir. Bu arada, anası, Rəsulu
gələcəkdə hər hansı atma növündə də görə biləcəyimizi istisna etmir:
"Fikirlər var ki, ağırlıqqaldırmanın ona zərəri toxuna bilər. Görsək ki,
həqiqətən belədir, Oluxanın növünə (red: nüvə itələmə və lövhə atmanı nəzərdə
tutur) yönləndirəcəyik. Paralimpiyaçılardan kim onu görür, deyir ki, sanki
Oluxandır". Yeri gəlmişkən, Oluxan Musayev ilk olaraq məhz
para-pauerliftinqlə məşğul olub. Bununla belə, Taleh Məhərrəmov və onunla
yanaşı, Rəsulun üzərində zəhməti olan böyüklərdən ibarət komandamızın baş
məşqçisi İlqar İbişovla söhbətimizdən bu nəticəyə gəldik ki, onlar balaca
qəhrəmanımızı heç yana buraxmaq istəmirlər. Hər iki çalışdırıcı artıq bu növə
öyrəşdiyini, səhhəti ilə bağlı hər hansı təhlükənin olmadığını qeyd elədi.
T. Məhərrəmov: "Belə baxanda, bütün idman növlərində risklər
istisna deyil. Lakin Rəsul üçün hər hansı ciddi təhlükə görmürəm. Maksimum
diqqət edirik ki, məşqlər onun səhhətinə təsir etməsin. Bu günədək də heç bir
şikayəti olmayıb".
16 ölkənin təmsilçiləri
arasında beşinci
İki ildən çoxdur ağırlıqqaldırma ilə məşğul olan, bu ildən isə özünü
həm də aktyor kimi sınayan Rəsul, rəqslə də vidalaşmayıb. Bu günlərdə o, əlil
arabasında rəqs üzrə Sankt- Peterburqda keçirilən Dünya Kubokunda fərqlənib.
Tərəf müqabili Diana Batakova ilə "Сombi Freestyle Class 2” növündə yarışan
balaca qəhrəmanımız, 16 ölkənin təmsilçiləri arasında final mərhələsinə
yüksəlib, burada beşinci nəticə göstərib.
Cəmi 13 yaşı olsa da, xeyli futbol azarkeşliyi təcrübəsi var. Sevimli
klubu da "Barselona"dır. Lionel Messini özünə kumir seçən Rəsul,
yerli klublardan "Qarabağ"a pərəstiş edir. Anasının dediyinə görə,
Ağdam komandasının bəzi oyunlarını birbaşa stadiondan da izləyib. "Ən
böyük arzularımdan biri ölkəmizin bayrağını qaldırmaq və Messini
görməkdir" - deyir, Rəsul.
Portret
Gülərüz, sevimli, istedadlı Rəsulumuzun potensialına inam hədsizdir.
Qarşıda onu uzun, şərəfli səhifələrlə bol həyat yolu gözləyir. Kim bilir, bəlkə
də, neçə-neçə rekordlar qıracaq. Axı, o, "Portret" rubrikamızın ən
gənc qəhrəmanıdır.
Sahib