12062 şəhidin adı yazılmış bayraq muzeyə təhvil verildi - Fotolar
Noyabrın 7-də Azərbaycan Hərb Tarixi Muzeyində Bayraq Gününə həsr
olunmuş tədbir keçirilib.
Muzeydən "Kaspi”yə verilən məlumata görə, tədbir şəhidlərin
xatirəsinə ehtiram əlaməti olaraq, bir dəqiqəlik sükutla başlayıb. Sonra
Azərbaycanın dövlət himni səsləndirilib. Azərbaycan Hərb Tarixi Muzeyinin
rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə "Üçrəngli bayrağımız
müstəqilliyimizin əsas atributu kimi” məruzəsi ilə çıxış edib. Daha sonra CBC
telekanalının çəkdiyi "Müstəqilliyimizin üç rəngi” sənədli filmi nümayiş
etdirilib.
Bundan sonra Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki 282 saylı
tam orta məktəbin kollektivinin hazırladığı, torpaqlarımız uğrunda şəhid olmuş
bütün əsgərlərimizin adları yazılmış bayraq muzeyə təqdim edilib. Məktəbin
müəllimi Gülər Musayevə çıxış edərək bu bayrağın hazırlanması ideyasının
yaranmasından və ərsəyə gəlməsindən danışıb. Bayrağın muzeyə təhvil verilməsindən
sonra tədbir bədii hissə ilə davam edib.
Xatırladaq ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki Nadir
Əliyev adına 282 saylı tam orta məktəbin informatika müəllimi Gülər Musayevanın təşəbbüsü ilə hazırlanmış xüsusi
ölçülü bayrağa 12062 şəhidin adı yazılıb.