120 yaşı tamam olan kinomuzun bu günü
Milli kinomuz 120 yaşını qeyd edir. 1898-ci il
avqustun 2-də ilk kinoseansın həyata keçirildiyini nəzərə alaraq, ümummilli
lider Heydər Əliyev 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə Azərbaycan
Kinosu Gününün təsis edilməsi haqqında qərar qəbul etdi. Həmin vaxtdan hər il
avqustun 2-də Azərbaycanda kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu
Günü qeyd edilir.
1998-ci ilin may ayında Bakıda keçirilmiş və Azərbaycan
kinosunun 100 illiyinə həsr olunmuş beynəlxalq "Festivallar festivalı” günlərində
ulu öndər kinomuzun tarixi ilə bağlı fikirlərini qonaqlarla bölüşüb: "Bu gün
biz bir kəşf etdik, göstərdik ki, Azərbaycan kinosu 1898-ci ildən başlanır,
onun 100 ili tamam olur. Lakin Azərbaycan kinosunun stajını, əgər belə demək
olarsa, on il, yaxud neçə il artırmaq, ümumən, heç də sadə bir məsələ deyildir.
Bu o deməkdir ki, Azərbaycan sivilizasiyalı ölkədir, dünyada kino meydana çıxan
kimi, o, Azərbaycanda da peyda olmuşdur. Buna görə də, bugünkü festival mənim
üçün məhz bu kəşflə dəyərə malikdir – onun həm sübutu ilə, həm də nümayiş
etdirilməsi ilə”.
Kino
tariximizə baxış
Əməkdar İncəsənət xadimi Aydın Kazımzadə kinomuzun
tarixini araşdırıb üzə çıxaranda məlum oldu ki, həqiqətən dünya kinosu
yaranandan az sonra nəinki "canlı fotoşəkillər”in Azərbaycanda nümayişi, həm də
filmləri göstərən kinoaparatların satışı təşkil olunub. "Əgər kinoaparat
satılıbsa, deməli, güman edilməlidir ki, Azərbaycanda ilk xronikal çəkilişlər də
aparılmışdır. "Kaspi” qəzetinin 1898-ci il 17 iyun tarixli nömrəsində dərc
edilmiş informasiyada xəbər verilir ki, Bakı foto dərnəyi xeyriyyəçilik məqsədilə
mayın 31-də Mixaylov bağında xalq gəzintisi təşkil etmiş, yığılan pulların
yarısı məhsul qıtlığından zərər çəkənlərə, qalanı isə dərnəyin inkişafına sərf
olunmuşdur”- deyə A.Kazımzadə araşdırmalarında qeyd edir: "Bu tədbir "Şəhər
bağında xalq gəzintisi” adı altında lentə alınmış (1898-ci il mayın 31-də
Bakıda ilk kino çəkilişləri aparılmışdır), Bakı həyatından bəhs edən "Qatarın dəmir
yolu stansiyasına daxil olması”, "Qafqaz və Merkuri” Cəmiyyətinə məxsus
paroxodun limandan yola düşməsi” və "Bazar” küçəsi sübh çağı” adlı daha üç
kinosüjetlə birgə, 1898-ci il iyunun 21-də Vasilyev Vyatskinin teatr-sirkində
nümayiş etdirilmişdir. Sonuncu filmdə Bakının "Bazar” deyilən küçəsində (indiki
Azərbaycan prospekti) səhər erkəndən dükanların açılmasından, bura araba, ulaq
və dəvə ilə ərzaq və sənaye mallarının gətirilməsindən, sübh tezdən qızğın
alış-verişin başlanmasından bəhs olunur. Filmlərin nümayişi ilə əlaqədar
"Kaspi” qəzetinin 1898-ci il 21 iyun tarixli nömrəsində elan dərc edilmişdir”.
Bir qədər sonra
A.Mişon "Bibiheybətdə neft fontanı yanğını”, "Balaxanıda neft fontanı”, "Şəhər
bağında xalq gəzintisi”, "Qafqaz rəqsi” və s. xronika süjetləri və "İlişdim” bədii
kinosüjetini çəkir. Bununla da bütün Şərq aləmində ilk kinonun əsası qoyulur.
1915-ci ildə Pirone
qardaşlarının səhmdar cəmiyyəti İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində”
adlı romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə
başlayır. Bir il sonra, 1916-cı ildə Üzeyir Hacıbəyovun "Arşın mal alan”
operettası əsasında ilk Azərbaycan kinokomediyası həyata vəsiqə alır. 1919-cu
ildə isə "Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə” adlı
tammetrajlı film ekranlara çıxır.
1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsinin (AFKİ) yaranması kino sənətinin
inkişafına böyük təsir göstərir.
AFKİ sonralar "Azdövlətkino” (1926-1930), "Azərkino” (1930-1933), "Azfilm”
(1933), "Azdövlətsənayesi” (1934), "Azərfilm” (1935-1940), "Bakı kinostudiyası”
(1941-1959) kimi adlar daşıyır, 1961-ci ildən C.Cabbarlı adına "Azərbaycanfilm”
kinostudiyası adlanır.
"Azərbaycan kinosu tarixində ötən əsrin 30-cu illərində üç böyük hadisə baş
verib. Öncə, kinomuza səs gəldi. İlk dəfə animasiya kinosunu yaradan
kinematoqrafçılarımız bunun ardınca, dublyaj işini təşkil etdilər. Həmin illərdə
Seyfulla Bədəlov, Vladimir Yeremeyev, Ələsgər Ələkbərov və b. kino sahəsində işə
başladılar. "Lətif”, "İsmət”, "Almaz”, "Yeni horizont”, "Bakılılar”, "Kəndlilər”
və s. bu kimi filmlər çəkildi.
XIX əsrin sonlarında Azərbaycanda kinonun yaranması
qanunauyğun hal idi. Bu vəziyyəti dövrün obyektiv ictimai-siyasi və iqtisadi-mədəni
şəraiti yetirmişdi.
Azərbaycanda ilk səsli kinonun istehsalına isə 1935-ci ildə "Mavi dənizin
sahilində” bədii filmi ilə başlanılıb. Səsli kinonun yaranması ilə sənədli
kinomuzun da yaradıcılıq imkanları genişlənib. 1936-cı ildə görkəmli yazıçı
Y.V.Çəmənzəminlinin tərcüməsi ilə sovet kinosunun istehsalı olan "Çapayev”
filminin Azərbaycan dilində səsləndirilməsi ilə kino sənətimizdə dublyajın əsası
qoyulub. 1945-ci ildə yaradılan və ekran sənətimizin qızıl fonduna daxil olan
"Arşın mal alan” filmindən sonra Azərbaycan kinosunda musiqili komediya janrına
meyl güclənib. Azərbaycan milli kinosunun ən uğurlu filmlərindən hesab olunan
"Arşın mal alan” filmi indiyədək 136 ölkədə nümayiş etdirilib və 86 dilə tərcümə
olunub. 1956-cı ildə kinomuzda daha bir keyfiyyət dəyişikliyi baş verib: ilk rəngli
bədii film olan "O olmasın, bu olsun” filmi çəkilib. Ü.Hacıbəyovun bu
komediyasının ekranlaşdırılması da milli kinomuza şöhrət gətirir, "O olmasın,
bu olsun” filmi dünyanın 40-dan çox ölkəsində, o cümlədən Türkiyə, İran,
Hindistan, Çin, Yaponiya və başqa ölkələrdə nümayiş etdirilir. Sonrakı illərdə
də milli kinematoqrafiyamıza şöhrət gətirən bir sıra ekran əsərləri çəkilir.
Kinomuz bu
gün...
120 illik bir dövr keçəndən sonra milli kinomuzda
hansı irəliləyişlər var? Təbii ki, milli
kinomuzun tarixinə qızıl hərflərlə yazılan, adı dünyanı dolaşan, tamaşaçıların
təkrar-təkrar baxmaqdan doymadığı ekran əsərlərimiz az deyil. Kinomuza şöhrət gətirən müqtədir aktyor və
rejissorlarımız olub. Kinomuz qadağalar da görüb, senzura da. Ancaq nə ideyaların,
nə istedadların, nə də onların yaratdığı böyük sənətin qarşısına heç bir qadağa
sədd çəkə bilməyib. Nəticədə bənzərsiz ekran əsərləri yaranıb.
Bu gün milli kinomuzda vəziyyət necədir? Yeni nəsil xələflərinin
ənənəsini davam etdirə, müasir kinonun tələbləri ilə uyğunlaşa bilirmi?
Kino məktəbi
yoxdur
Yazıçı ssenarist Natiq Rəsuladə bu gün kinoya gənc rejissorların, ssenari müəlliflərinin
gəldiyini deyir: «Kinoda bir az hərəkət var. 10-15 il əvvəl hamı deyirdi ki,
kinonun gələcəyi yoxdur, kino ölüb. Yəni kino 30-40 il əvvəl həyatını dəyişən
rejissorlarla, aktyorlarla bitib. Ancaq elə deyil. Mən həmişə bu barədə nikbin
olmuşam. Çünki hər nəslin ardınca bir nəsil gəlir. Mənim arzum odur ki, gələn nəsil
yaşlı nəsildən nəsə öyrənsin. Cavanlar iddialı olaraq «məndən yoxdur» deyirlər.
Ancaq kinodramaturgiyada öyrənməli çox şeylər var. Bu, böyük bir elmdir. Bundan
əlavə, ssenari yazmaq çətindir, çünki bu, nəsr deyil”. Görkəmli Azərbaycan
rejissorları ilə çox işlədiyini deyən yazıçı, kinodramaturgiya işində böyük çətinliklər
olduğunu deyir: "Kinossenaridə ssenari müəllifindən başqa, rejissorun,
operatorun, bəstəkarın, aktyorun müdaxiləsi var. Bu, normaldır, onlar da öz
sözlərini deməlidirlər. Ssenari müəllifi də bunların hamısını nəzərə
almalıdır». 10-15 ildir ki, Mədəniyyət və İncəsənət Universitetində kino-dram sənətindən
dərs dediyini bildirən N.Rəsulzadə tələbələrinin simasında gələcəyin peşəkar
kinodramaturqlarını gördüyünü söyləyir: «Mən ilk növbədə onlara düşünməyi öyrədirəm.
Yəni 18-19 yaşında gənc düşünməyi öyrənsə, həyatda həmişə özünə yer tapacaq».
Milli kinomuzun bugünkü vəziyyətinə gəlincə, yazıçı «Heç nəyə baxmayaraq, bizim
kinomuz var» deyir: «Artıq bir neçə filmimiz xaricdə mükafatlar alıb. Sözün əsl
mənasında səviyyəli filmlər ortaya qoyublar. Şamil Əliyevin «Çölçü», Elçin
Musaoğlunun «Nabat» filmi maraqlı ekran əsərləridir». Bu günə qədər Azərbaycanda
kino məktəbinin olmamağı N.Rəsulzadəni bir kino dramaturqu kimi narahat edir:
«Təəssüf ki, bu günə qədər ölkəmizdə kino məktəbi yoxdur. Elə bir sənətkar
olsun ki, onun arxasınca gənc kinorejissorlar, kinodramaturqlar getsin. Necə
ki, qonşu Gürcüstanda hələ sovet dövründən kino məktəbi olub. Elə sənətkarlar
var ki, onların işlərinə baxaraq, cavanlar kino yaratmağı öyrənirdilər. Mütləq
deyildi ki, o cavanlar təcrübəli rejissorların arxasınca getsinlər. Onların hər
birinin öz yolu var. Yalnız nəticəni qiymətləndirmək olar. Əgər nəticə qənaətbəxşdirsə
və ortada maraqlı bir film varsa, deməli, həmin gənc düz istiqamətlənib. Ona
görə, bizim ölkəmizdə də səviyyəli kino məktəbi yaratmağa ehtiyac var ki,
oradan layiqli rejissorlar, aktyorlar, kinodramaturqlar çıxsın”. N.Rəsulzadə
bildirdi ki, dərs dediyi Mədəniyyət və
İncəsənət Universitetində son illərdəki tələbələrin əksəriyyəti institutu bitirəndən
sonra bu sənətin arxasınca getmirlər: "Çünki bu gün kino sahəsində müəyyən çətinliklər
var». N.Rəsulzadə hesab edir ki, kino yarı incəsənət, yarı təsərrüfatdır. Belə
ki, təsərrüfatın inkişafı vəsait istəyir: «Hazırda kinoya o qədər də vəsait
ayrılmır. Təbii ki, maliyyənin yoxluğu da çətinlik yaradır. Hesab edirəm ki,
kinoda həmişə problem olacaq. O sənətdə ki, bir filmin üzərində onlarla insan
çalışır, orada mütləq problem yaranacaq”. Kinodramaturq kino sahəsindəki mövcud
çətinliklərə baxmayaraq, ümidini itirmir: "Bütün bu çətinliklərə baxmayaraq,
hesab edirəm ki, milli kinomuz inkişaf edir. Bunun üçün gənc nəslin üzərinə müəyyən
məsuliyyət düşür. Onlar hər şeydən əvvəl yaşlı nəslin təcrübəsindən istifadə
etməlidirlər. Çünki yaşlı nəsil illərlə o təcrübəni yığıb və həmin təcrübənin nəticəsi
də göz qabağındadır».
Proses davam etsə
Bir çox filmlərə musiqi yazmış Xalq artisti Faiq
Sucəddinov hazırda kinonun
o qədər də inkişafda olmadığı fikrindədir. Bununla belə, bu mövzuda pessimist
olmaq istəmir: «Müəyyən filmlər çəkilir və bu proses davam etsə, gözəl olar».
On ildən artıq İncəsənət Universitetinin rejissorluq fakültəsində dərs dediyini
bildirən Xalq artisti, kinoya istedadlı gənclərin gəldiyini qeyd etdi: «Təbii
ki, istedadlı gənclər var. Ancaq onların öz baxışları var. Onların «Əhməd
hardadır?», «Böyük dayaq» kimi filmlərə baxışları fərqlidir. Yəni bunlar o
dövrün filmləri idi. Ümid edirəm ki, bugünkü dövr üçün də yaxşı filmlər çəkiləcək”.
Hazırda daha çox teleserialların çəkildiyini deyən bəstəkar, bu filmlərin səviyyəsinin
yüksək olmadığını deyir: "Serialların ssenariləri mükəmməl deyil. Bu baxımdan
seriallar bir qədər keyfiyyətsizdir. Bədii kino isə fərqli sənətdir. Ümid edirəm
ki, yenə də milli kinomuzun əvvəlki illərdə çəkilən filmləri kimi ekran əsərləri
çəkiləcək».
Təranə Məhərrəmova