• cümə, 19 Aprel, 16:14
  • Baku Bakı 25°C

119 ilin müasiri

02.08.17 11:00 4551
119 ilin müasiri
Bu gün kinosevərlərin və kino sahəsində çalışanların bayramıdır - Azərbaycan kinosu 119 yaşını qeyd edir. Bir əsrdən artıqdır ki, mövcud olan kinomuzun özünəməxsus bir tarixi var. 1996-cı ildə kinoşünas Aydın Kazımzadənin ciddi araşdırmaları nəticəsində Azərbaycan kino tarixinin 1898-ci ildən başlandığı sübut olunub. Həmin il avqustun 2-də Anton Mişonun çəkdiyi ilk film – "Balaxanıda neft fontanı” Bakıda nümayiş etdirilib. Beləcə, Azərbaycan kino tarixi o gündən hesablanmağa başlanıb.
Kino bir ölkəni tanıtmaq üçün ən ideal vasitədir. Kino cəmiyyətin güzgüsüdür, kino tarixdir, kino daima yaşayan bir əfsanədir, kino bir ölkənin əsas təbliğatçısıdır. "Bəyin oğurlanması” filmində deyildiyi kimi, "bu kino ki var, həm qəlizdir, həm də ki vacib”. Qəlizdir ona görə ki, hər əlinə kamera alandan sonda rejissor olmur, vacibdir ona görə ki, kinosuz Azərbaycan mədəniyyətini, incəsənətini təsəvvür etmək mümkün deyil. Kino kollektiv sənətidir, orada rejissor, aktyor, montaj, operator, hətta işıqçının belə filmin keyfiyyətli alınmasında böyük rolu var. Onlarsız kinonu təsəvvür etmək mümkün deyil.
Kino günündən danışıb, Azərbaycanın kino tarixini araşdıran əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə ilə söhbət etməsək, günah olardı. Yeri gəlmişkən, Aydın müəllim qəzetimizin daimi oxucusu, həm də yazarıdır. Onun kino aləminə dair son dönəmlər yazdığı demək olar ki, bütün yazılar məhz bizim qəzetimizdə çap olunur. Biz gənclər isə həm onun yazılarından bəhrələnir, həm də bir oxucu kimi hər dəfə maraqlı yazılar təqdim edəcəyini gözləyirik.
Aydın müəllimlə söhbətə onu təbrik etməklə başladıq. Kinoşünas milli kinomuzun inkişafında Ü.Hacıbəyovun həyat və yaradıcılığının böyük rolu olduğunu deyir: "Üzeyir bəyin əsərləri dəfələrlə ekranlaşdırılıb, hələ kinomuzun ayaq tutmağa başladığı illərdə bu əsərlərə müraciət olunub.1916-cı ildə bəstəkarın "Arşın mal alan” operettası ekranlaşdırılıb və 1917-ci il yanvarın 3-də "Forum” kinoteatrında nümayiş olunub. Bu, Üzeyir bəy yaradıcılığına Azərbaycan kinosunun ilk müraciəti idi. 1945-ci ildə çəkilmiş "Arşın mal alan” isə ilk milli filmimizdir ki, SSRİ dövründə Dövlət mükafatına layiq görülüb. Sonrakı illərdə Üzeyir bəy yaradıcılığının ən gözəl nümunələrindən olan "O olmasın, bu olsun” (1956), "Leyli və Məcnun” operası ekranlaşdırıldı. Bu proseslərin ardından yazıçı Anarın öz ssenarisi əsasında çəkdiyi dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edən "Üzeyir Hacıbəyov: Uzun ömrün akkordları” filmi Azərbaycan musiqi tarixinin böyük bir salnaməsinə çevrildi. Beləliklə, müstəqil Azərbaycanın kino sənəti 1993-cü ildən formalaşmağa başladı. Həmin illərdə incəsənətin bu vacib sahəsi, sözün əsl mənasında, məhv olmaq təhlükəsi ilə üzləşmişdi. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə incəsənətə olan diqqət artırıldı. Milli kinematoqrafiyanın qazandığı ən mühüm uğurlardan biri "Kino haqqında Qanun”un qəbul edilməsi oldu. Bununla dövlət kinematoqrafın hüquqi bazasını yaratmış oldu. Qeyd edim ki, MDB ölkələri arasında Rusiyadan sonra yalnız Azərbaycanda belə bir qanun qəbul edilib”.
Aydın Kazımzadə deyir ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra, 1971-ci ildə kinematoqrafçılarımızın və kinosevərlərin sevincinə səbəb olan bir hadisə baş verdi. Belə ki, "Azərbaycanfilm”in markası altında "Mozalan” satirik kinojurnalının ilk nömrəsi ekranlara çıxdı: "1976-cı ildə keçirilən kinomuzun 60 illik yubileyində Heydər Əliyevin uzaqgörənliklə dediyi "Bir vaxt gələcək Azərbaycan kinosunun yaranma tarixi ilə bağlı yeni-yeni faktlar tapılıb üzə çıxarılacaq” sözləri bu gün artıq gerçəkləşib. Belə ki, kinomuzun yeni yaranış tarixi nəinki üzə çıxarılıb, həm də tutarlı dəlillərlə sübuta yetirilib. Məhz Heydər Əliyev 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə 1898-ci il avqustun 2-də Azərbaycanda ilk kinosüjetlərin nümayişini, eləcə də kino işçilərinin Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərini nəzərə alaraq, avqustun 2-sini Azərbaycan kinosu günü, kino işçilərinin peşə bayramı elan etdi. Ölkə başçısı həmin gün Azərbaycan kino xadimlərinin böyük bir qrupuna fəxri adların verilməsi barədə də fərman imzaladı. Bu ənənə davam edir. Hər il Milli Kino Günü geniş şəkildə qeyd olunur, bu sahədə çalışanların əməyi dövlət tərəfindən yüksək qiymətləndirilir. Mən də bu gün münasibətilə kino sahəsində çalışan insanları təbrik edir, onlara işlərində uğurlar arzu edirəm”.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov kino günü ilə bağlı bütün kino işçilərini, xüsusilə də kinostudiyanın işçilərini təbrik edərək onlara yaradıcılıq uğurları arzuladı: "Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2001-ci ildən avqustun 2-i Azərbaycan Milli Kino Günü kimi rəsmiləşdirilib. O gündən hər il məhz bu tarixdə biz kino işçilərinin bayramımızı qeyd edirik. Kino dövlətimizin, dövlətçiliyimizin ən strateji sahələrindən biridir. Kino tərbiyəvi və gözəl sənət növüdür.
Bu gün kino sahəsində çalışan, uzun illərdir ki, ömrünü bu sənətə həsr edən yaradıcı insanların ən sevimli günlərindən biridir. Bilirsiniz ki, Azərbaycan kinosu tarixində çox böyük keşməkeşli dövrlər yaşanıb. Müxtəlif dövrlərdə xalqımızın başına gətirilən hadisələrə baxmayaraq, sənət adamları, kino ictimaiyyəti öz sənətlərinə sadiq qalaraq, milli dəyərlərimizin dünyaya çatdırılması üçün əllərindən gələni ediblər. Bu gün mən "Azərbaycanfilm”in kollektivi adından kino aləmində çalışan bütün sənətkarlarımızı, təkcə rejissorları, aktyorları deyil, bu sahədə çalışan işıqçıdan tutmuş, qrim ustasına qədər hər kəsi təbrik edirəm. Onlara uzun ömür, can sağlığı, uğurlar arzu edirəm”.
M.Hətəmov qeyd etdi ki, "Azərbaycanfilm” studiyası 160-dan çox beynəlxalq festivalda iştirak edib və hər dəfə də iştirak etdiyi festivallarda ölkəmizin tanıdılması baxımından böyük nailiyyətlər qazanıb: "Bu illər ərzində bir çox beynəlxalq festivallarda iştirak edərək, ən nüfuzlu nominasiyalara layiq görülmüşük”.
Xalq artisti Oqtay Mirqasımov mövzu ilə bağlı qeyd etdi ki, kino işi çox əziyyətli, dolaşıq və çoxşaxəli olduğu qədər, həm də məsuliyyətlidir: "Azərbaycan dövləti, ziyalıları, sənətkar təbəqəsi fəxr edə bilər ki, bu qədər qədimdən gələn milli kinematoqrafiyamız var. Azərbaycan kinematoqrafiyası birinci növbədə Azərbaycan xalqının mənafeyinə xidmət edir. Bu bir salnamədir. Hansı ki, bizim kütləvi portretimiz orada əks olunub. Bu şərəfli işdə əməyi olan hər kəsi təbrik edirəm”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər