117 yaşlı nənə sayğaca müdaxilə edibmiş!

117 yaşlı nənə sayğaca müdaxilə edibmiş!

Cəmiyyət
29 Oktyabr 2012, 11:08 1709
Şəmkirdə yaşayan 117 yaşlı Yasəmən Qasımovanın qazı hələ də bərpa edilməyib. Bu barədə kaspi.az-a «Azəriqaz» İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Araz Ağayev məlumat verib.

O qeyd edib ki, nənənin qazının kəsilməsi səbəbsiz deyil. Belə ki, onun nə az, nə çox düz 600 manat 50 qəpik borcu var. Üstəlik, rayon qaz istismar idarəsinin əməkdaşları bir müddət öncə nənənin yaşadığı mənzildəki sayğaca müdaxilə faktı aşkarlayıblar. Bununla bağlı iyulun 31-də qüsur aktı tərtib edilib və nənə 72 manat cərimələnib.

«İndiyədək nə borc, nə də cərimə ödənilməyib. Ona görə də həmin evə qaz verilişi bərpa olunmayıb» - deyə A.Ağayev vurğuladı.

Xatırladaq ki, «Kaspi» qəzeti oktyabrın əvvəllərində Şəmkir rayonunun Dəllər qəsəbəsində yaşayan Qasımova Yasəmən Məmməd qızının 117 yaşının olması və bu göstərici ilə dünyanın ən yaşlı adamını 1 yaş üstələməsi barədə məlumat yaymışdı.

Dəllər qəsəbəsində yaşayan Yasəmən nənə 1895-ci ildə anadan olub. Yerli televiziya kanallarının əməkdaşları bir neçə dəfə bu nənə ilə görüşüb və veriliş hazırlayıblar.