• cümə, 19 Aprel, 01:44
  • Baku Bakı 18°C

11 yaşında dəhşətli faciə yaşadı, Londonu fəth etdi - Portret

31.03.18 10:00 1580
11 yaşında dəhşətli faciə yaşadı, Londonu fəth etdi - Portret
Dünya çempionatını baxımlı edən əsas amillərdən biri də bu turnirdə iştirak edən ortabab komandalardır. Xüsusilə, Afrika təmsilçiləri öz sürətli, əzmkar oyunları ilə dördilliyin ən nəhəng futbol turnirini baxımlı hala gətirirlər. Afrika futbolu deyəndə ağıla gələn ilk ölkələrdən biri də Nigeriya millisidir. "Super qartallar” dünyanın ən nəhəng futbol turnirində ilk dəfə göründüyü 1994-cü ildən bəri qatıldığı bütün mundiallarda azarkeşlərin sevgisini qazanıb. Bu il Rusiyada keçiriləcək mundialın da bu cəhətdən fərqlənməyəcəyi gözlənilir. Nigeriya yığmasının heyətində bu tapşırığı yerinə yetirəcək yetərincə ifaçı da var. Bunlardan biri də "Çelsi”nin vingeri Viktor Mozesdir.

Afrikada doğulmaq...

Afrika qitəsi dünyanın ən qaynar bölgələrindəndir. Aclıq, səfalət, kütləvi qırğınlar... Bir uşaq üçün "qara qitə”də dünyaya gəlmək, futbol dili ilə desək, həyata 0:1 məğlub başlamaq deməkdir. Bugünkü qəhrəmanımız Viktor Mozes də dünyaya gözlərini bu qitədə açıb. O, 1990-cı il, dekabrın 12-də Nigeriyanın Laqos şəhərində, dindar ailədə dünyaya gəlib. Onun doğulduğu ölkə daim daxili çəkişmələrlə gündəmə gəlib. Atası Ostin və anası Cozefina yeni doğulmuş oğullarına "qələbə” mənasını verən Viktor adını qoyurlar. Ad seçimi uğurlu idi. Lakin Mozes cütlüyü oğullarının gələcək uğurlarını, qələbələrini görməkdən məhrum qalacaqlarını bilmirdilər.

Faciədən xilas və...

90-cı illərdən etibarən Nigeriyada dinlərarası - müsəlmanlar və xristianlar arasında münaqişələr pik həddinə çatmışdı. Yerli xristianlar radikal dini qruplar tərəfindən təqib olunur, qətl edilirdi. Viktorun bu cəhətdən bəxti heç gətirməmişdi. Onun atası Ostin keşiş idi. Radikal qruplar isə hücum zamanı əsas hədəf kimi məhz dindarları seçirdilər. Bir gün balaca Viktor həmişə olduğu kimi dostları ilə birlikdə futbol oynamaq üçün evdən çıxır. Ancaq bu zaman onun heç ağlına gəlməzdi ki, valideynlərini son dəfə görür. Futbol onun ən sevimli məşğuliyyəti idi. Özünün sözlərinə görə, dostları ilə topa bənzər nə tapsalar, dərhal futbol oynamaq ağıllarına gəlirdi. Futbol oynadığı zaman əmisi təşviş içində gəlir və onu dərhal dostunun evinə aparır. Balaca Viktor hansısa faciənin yaşandığının fərqində idi, lakin yaşının azlığı baş verənləri dərk etməyə imkan vermirdi. Əmisinin həyəcanı ona da sirayət etmişdi. Balaca Viktor ağlamağa başlamışdı. Faciənin fərqinə varmadan.
Əslində, baş verənlər təkcə Viktorun yox, bütün insanlığın faciəsi idi. 2001-ci ilin fevralında radikallar həmişə olduğu kimi əks dinin nümayəndələrinə hücum etmişdi. Həmin vaxtlar Mozes ailəsinin yaşadığı Kaduna şəhərində bu cür hücumlar xüsusilə geniş vüsət almışdı. Hücum zamanı Ostin və Cozefinanın olduğu kilsəyə od vurulmuş, hər ikisi faciəli şəkildə ölmüşdü. Radikallar adətən, bir ailəni tamamilə məhv edirdilər. Belə olduğu halda, heç nədən xəbəri olmayan Viktor da hədəf halına gəlmişdi. Əmisinin onu tələsik gizlətmək qərarına səbəb də məhz bu amil idi. "Ailəm hardadı?”, "Evimə nə vaxt qayıdacam?”, "Burdan çıxsam mənə nə edəcəklər?” sualları balaca Viktoru rahat buraxmırdı.


Yeni ev - İngiltərə

Həmin vaxt Britaniya hökuməti hücumlara məruz qalan, həyati təhlükəsi olan nigeriyalılara qucaq açmaq qərarı vermişdi. Xoşbəxtlikdən, Viktor da bu imkandan yararlanmaq fürsəti əldə edir. Əmisi onu tez-tələsik bu ölkəyə yola salır. Yolasalma o qədər tələsik olur ki, Viktor hətta valideynlərinin şəklini belə götürə bilmir.
Bundan sonra Viktor yeni həyata başlayır. 11 yaşında bir uşaq üçün həyat, yaşadığı şəhərdən ibarətdir. Elə balaca Viktor üçün də eyni sözlər keçərli idi. O, bir göz qırpımında özünü adi Afrika şəhərindən dünyanın ən böyük meqapolislərindən olan Londonda tapmışdı. Ağlı ailəsinin yanında qalmışdı. Xoşbəxt deyildi. Burda gördükləri onun üçün nə qədər maraqlı olsa da, sevinmir, təəccüblənmirdi. Mozes valideynlərinin faciəsini məhz Londona getdikdən sonra öyrənir. Qəbul etmək, öyrəşmək hər nə qədər çətin olsa da, vaxt keçdikcə yeni həyatına uyğunlaşır.

Faciəni unutduran futbol

Londonda ona baxacaq qoruyucu ailə tapılır. Bu ailə balaca Viktora öz övladları kimi baxır, onun "yaraları”nın sağalmasına kömək olurlar. Onun yenidən həyata bağlanmasının digər səbəbi isə sevimli məşğuliyyəti - futbol olur. Viktor oxuduğu məktəbin futbol komandasına seçilir. Bəxtindən təhsil aldığı məktəb "Kristal Pelas” klubunun stadionu "Selherst Park”a yaxın məsafədə idi. Belədə, "qartallar”ın skautları tez-tez məktəbə baş çəkir, burda top ardınca qaçan azyaşlıları diqqətlə izləyirdilər. Bu zaman isə Mozesi görməmək mümkün deyildi. Həyatda aldığı bütün zərbələri topdan çıxaran balaca Viktor, məktəb komandasının heyətində qatıldığı bütün yarışların əsas simasına çevrilirdi. Qolları sıralayan nigeriyalı uşaq skautların diqqətindən yayınmır və Mozesin "Kristal Pelas” macərası başlayır. Bu komandanın aşağı yaş qrupunda möhkəmlənən Viktor, cəmi 16 yaşında peşəkar futbolçu kimi debüt edir. O, Çempionşipdə "Kardiff”ə qarşı matçda meydana çıxır. Bundan sonra onun karyerası yüksələn xətt üzrə inkişaf edir. 2010-cu ilin yanvarında, həmin vaxtlar Çempionşipdə çıxış edən "Krsital Pelas”dan Premyer Liqa təmsilçisi "Viqan”a transfer olur. Yüksək liqa təmsilçisi Mozes üçün 2,5 milyon funt-sterlinq ödəyir.


Mourinyo göndərdi, Konte qaytardı

Mozes Premyer Liqada da özünü yaxşı tərəfdən göstərir. "Viqan”da çıxış etdiyi 2,5 il ərzində 80 oyun keçirən gənc futbolçu, 9 qola imza atır. Bu cür istedad İngiltərə nəhənglərinin diqqətindən yayına bilməzdi. Mozes də Premyer Liqa nəhənglərindən "Çelsi”nin diqqət mərkəzinə düşür. 2012-ci ildə Eden Azar, Marko Marin, Oskar kimi gənc istedadları heyətinə cəlb edən "zadəganlar”, bu siyahıya Viktorn da adını daxil edir. London təmsilçisi onun keçidi üçün 11,5 milyon avro ödəyir. Lakin Mozesə dünya futbolunun aparıcı simalarının top qovduğu "Çelsi”də əsas heyətə düşmək elə də asan deyildi. Buna baxmayaraq, o, ilk ilində 43 oyunda şans qazanır, 10 qola imza atır. Həmin mövsümdə "Çelsi” Avropa Liqasını da qazanır. Mozes isə London təmsilçisinin qitənin ikinci dərəcəli klub turnirini qazanmasına meydana çıxdığı 10 matçda 5 qolla töhfə verir.
Lakin uzun fasilədən sonra "Çelsi”yə qayıtmış Joze Mourinyo yeni komandasında Mozesi görmürdü. Belədə, o, növbə ilə "Liverpul”, "Stok Siti” və "Vest Hem” kimi komandalara icarəyə verilir. 2016-cı ildə "Çelsi”nin "sükanı arxasına” keçən Antonio Konte isə fərqli addım atır. Nigeriyalının istedadına güvənən italyan mütəxəssis, özünə lazım olan futbolçuların siyahısına onun da adını daxil edir. Beləliklə, Mozes 3 il sonra "Çelsi”yə qayıdır. Viktor italyan mütəxəssisin ona olan etimadını tam doğruldur. Premyer Liqada 38 oyunun 34-də şans qazanan Mozes, "zadəganlar”ın çempionluğunda mühüm pay sahibi olur. Viktor cari mövsümdə də Kontenin güvəndiyi oyunçular arasındadır.

Vətən sevgisi

Mozes ilk dəfə milli formanı 2005-ci ildə, "Kristal Pelas”ın üzvü olduğu zaman geyinib. Lakin o, doğma vətəni Nigeriya yox, İngiltərə yığmasının U-16 komandasında çıxış edib. Viktor növbə ilə İngiltərənin U-17, U-19 və U-21 komandalarında da top qovub. O, hətta U-17-nin heyətində Avropa çempionatının gümüş medallarını da qazanır. Lakin Viktor əsas milli seçimində fərqli addım atır. Mozes ona faciələr yaşatmış Nigeriyanın futbol millisində oynamağı üstün tutur. Düzü, onun debütü bir qədər yubanır. Sanki həyat da ona faciələr yaşatmış vətəninin millisində debüt etməsini istəmirdi. Onun Nigeriya yığmasında ilk oyunu 2011-ci ilin əvvəlində, Qvatemala ilə yoldaşlıq oyununda baş tutmalı olsa da, bu görüş ləğv edilir. Həmin ilin martında, Keniya və Efiopiya ilə matçlarda debütünə isə FİFA mane olur. Belə ki, dünyanın ali futbol qurumu Viktorun sənədləri ilə bağlı problemlər olduğundan, onun "qartallar”da debütünə icazə vermir. FİFA Mozesin doğma vətəninin yığmasında çıxış etməsinə yalnız 2011-ci ilin noyabrında "yaşıl işıq” yandırır. Onun yığmada debütü isə 2013-cü ildə, Kabo-Verde ilə yoldaşlıq oyununda baş tutur. Mozes elə həmin ildə CAR-da keçirilən Afrika Millər Kubokunda Nigeriya millisinin heyətinə daxil edilir. Viktorun ayağı vətəninə düşərli olur. Belə ki, "qartallar” məhz Cənubi Afrikadakı yarışda 19 illik fasilədən sonra qitənin ən güclüsü olur. Mozes bu çempionluqda yaxından iştirak edir. Viktor növbəti ildə, Braziliyada təşkil edilən mundialda da millinin əsas üzvlərindən olur. "Qartallar” qrup mərhələsini adlasa da, 1/8 finalda Fransa səddinə ilişir - 0:2.

Mozes bu il Rusiyada keçiriləcək dünya çempionatında da Nigeriya millisinin əsas "silah”larındandır.


Xatirələrdə yaşayan Kaduna kabusu

Mozes kiçik yaşlarından valideynlərini itirdiyindən, İngiltərədə qoruyucu ailənin yanında böyüyüb. Ancaq bu ailə ona hər cür qayğı göstərib, dəstək olub. Yaşadığı ailə faciəsinin üzərindən uzun illər keçsə də, o, hələ də həmin hadisələri xatırlayır. Bu faciənin şoku hələ də Viktorun üzərindədir. Təsadüfi deyil ki, o, millinin oyunları ilə bağlı vətəninə getdiyi zaman, Kaduna şəhərini ziyarət etmir.
Viktor şəxsi həyatı ilə heç vaxt gündəmə gəlmir. Mətbuata yalnız onun Brentli adında oğlunun və Naya adında qızının olduğu məlumdur. Həyat yoldaşının isə yamaykalı olduğu deyilir.
Oyun tərzi

Viktorun doğma mövqeyi yarımmüdafiənin sağ cinahıdır. O, vinger və orta xəttin sol cinahında da çıxış edə bilir. Mozesin işlək ayağı sağdır. Nigeryalı meydanda afrikalılara məxsus olan sürətli reydləri ilə diqqət çəkir. Uşaq vaxtlarında irəli xəttə bombardirlik bacarığını nümayiş etdrən Mozes, hazırda hücum xəttindən geridə çıxış etdiyindən, bu vərdişindən bir qədər geri qalsa da, hücumlarda ən fəal iştirak edən futbolçulardandır.

Viktorun "Çelsi” ilə müqaviləsi 2021-ci ilin yayına kimi nəzərdə tutulub. Onun məşhur idman geyimi markası olan "Nike”la da müqaviləsi var. Mozes bu şirkətin reklam simalarındandır.
Portret

Viktor demək olar, uşaqlıq yaşamayıb. Onun uşaqlıq dövrü 11 yaşında, Kadunada yaşanan faciədən sonra bitib. Heç bir uşaq bu cür faciənin öhdəsindən gələ, bu yükü qaldıra bilməzdi. Mozes həyatın ona vurduğu bütün zərbələrin acığını futbolda uğur qazanmaqla çıxdı. Yaşadığı faciə onu depressiya uçurumuna yox, əzmkarlığın bəxş etdiyi zirvələrə yüksəltdi. Ancaq Mozes bu zirvəyə qalxarkən ürəyində kin, nifrət bəsləmədi. Elə buna görə, keçmişin verdiyi ağrı-acıya rəğmən, Nigeriya millisində oynamaq qərarı verdi. Bu gün o, bu yığmada başqa dinə mənsub insanlarla çiyin-çiyinə, qardaş kimi çıxış edir - keçmişin verdiyi ağrı ilə, lakin kin olmadan...
Elnur

banner

Oxşar Xəbərlər