AZE | RUS | ENG |


105 illik rekordu qıran yeniyetmə - Portret

105 illik rekordu qıran yeniyetmə - Portret
Avropanın adlı-sanlı klubları onun uğrunda “vuruşurlar”


 
Eritreya - bu şərqi Afrika ölkəsinin adını idman həvəskarları dəfələrlə eşidib. Velosiped, yüngül atletika, uzaq məsafələrə marafon yarışlarında eritreyalı idmançılar daim yüksək yerlərdə qərarlaşmaları ilə seçiliblər.
Ancaq tezliklə, bu kiçik ölkənin adına idmanın şahı sayılan futbolda da rast gələ bilərik. Yox, buna heç də Eritreyanın futbol üzrə milli komandasının hansısa uğurlu nəticəsi səbəb olmayacaq. Hazırda FİFA-nın reytinq siyahısında "zirzəmi”də qərarlaşmış Eritreya millisində yaxın gələcəkdə belə uğura imza atacaq perspektiv yoxdur. Ancaq İsveçdə doğulmuş bir gənc var ki, tezliklə öz kiçik vətəninin adını dünyanın futbol arenalarında səsləndirə bilər. Söhbət son bir ildəki çıxışı ilə Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşən, İsveç millisinin heyətində 105 illik rekordu qıran, "yeni İbrahimoviç” adlandırılan Aleksandr İsakdan gedir. Bu yazıda sizə böyük perspektiv vəd edən 17 yaşlı hücumçudan bəhs edəcəyik.
 
6 yaşında başlayan macəra

Aleksandr İsak 1999-cu il, sentyabrın 21-də İsveçin Solna şəhərində eritreyalı ailədə dünyaya göz açıb. Onun valideynləri Aleks doğulmamışdan hələ bir neçə ilk öncə işləmək üçün İsveçə köçüb. Balaca İsak da bir çox avropalı uşaq kimi kiçik yaşlarından futbola meyl salıb. Ancaq onun məhəllədə top dalınca qaçma macərası çox qısa sürüb. Cəmi 6 yaşında Aleksdəki potensialı hiss edən ailəsi onu Solna şəhərinin təmsilçisi AİK-in aşağı yaş qrupuna yazdırıb. Burda çox sürətlə inkişaf edən İsak demək olar, oynadığı bütün yaş qruplarında əsas oyunçulardan biri hesab edilib. Onun AİK-in aşağı yaş qruplarında inkişafında həm də həmyerlisi olan məşqçisi Nahom Qideyin də böyük rolu olub. Aleksin potensialına inanan məşqçi onun inkişafı üçün əlindən gələni edir. Ağır məşqlərlə istedad üst-üstə düşdükdə, nəticə də özünü çox gözlətmir. Beləliklə, tezliklə İsak AİK-in əsas komandasında peyda olur.
 
İlk oyun, ilk qol 
2016-cı il, 28 fevral. AİK İsveç kubokunda "Tenhults”la qarşılaşır. Solna təmsilçisi zəif rəqibi qarşısında böyük üstünlük əldə edir. Komandasının rəqibdən bir neçə baş üstün olduğunu görən baş məşqçi Andreas Alm heyətdəki gənclərə şans vermək qərarına gəlir. Təbii ki, ilk ağıla gələn Aleksandr olur. Mütəxəssis oyunun 75-ci dəqiqəsində İsaka şans verir. Beləliklə, Aleks peşəkar futbolda ilk addımını atır. Cəmi 16 yaşında. İlk oyun Aleksandr üçün uğurlu alınır. Vunderkind komandasının 6:0 hesablı qələbəsinə 1 qolla töhfə verir. Təxminən bir ay sonra, aprelin 7-də isə Alm İsaka ölkə çempionatının "Östersund”la oyununda şans verir. Bu dəfə start heyətində. Aleksandr yenə ümidləri doğruldur və AİK-in 2:0 hesabı ilə qalib gəldiyi oyunda komandasının 2-ci qolunu vurur. Artıq klub rəhbərliyində İsakın istedadına heç bir şübhə qalmamışdı. Ötən il, mayın 3-də isə Aleksandr ilk peşəkar müqaviləsinə imza atır. Klub onunla 2018-ci ilin yayınadək müqavilə bağlayır.
 
Ona "yeni İbrahimoviç” deyirlər
Cəmi 17 yaşında İsveç çempionatında qolları sıralayan İsaka maraq günü-gündən artmağa başlayır. Çox çəkmir ki, onu son illərdə İsveçin yetişdirdiyi ən güclü hücumçu olan Zlatan İbrahimoviçlə müqayisə etməyə başlayırlar. Maraqlıdır ki, Zlatan da İsak kimi əslən isveçli deyil (İbrahimoviç bosniyalıdır). Aleksandra bu ləqəbi isə komanda yoldaşı, nigeriyalı Çinedu Obasi verir. İsak doğum günündə "Dyurqarden”ə qarşı prinsipial oyunda dubla imza ataraq, komandasının 3:0 hesablı qələbəsində böyük rol oynayır. Bu oyundan sonra isə Obasi Aleksandrı "İsveçin yeni İbrahimoviçi” adlandırır. Bu ifadə tezliklə hamı tərəfindən qəbul edilir. İnsafən, nigeriyalı müdafiəçinin bu bənzətməsi tam yerinə düşür. İbra kimi hündür boya malik İsak, öz oyun stili ilə də 35 yaşlı forvardı xatırladır. Ancaq komanda yoldaşının uğurlu bənzətməsinə baxmayaraq, Aleksin kumiri başqa hücumçudur. O, eritreyalı olan Henok Qoytomun pərəstişkarıdır. Hazırda MLS təmsilçisi "San Xose Ertveysk”də top qovan 32 yaşlı hücumçu vaxtilə AİK-də də çıxış edib. O da İsak kimi Solna şəhərində dünyaya gəlib. Hətta Aleksandrla Henokun ailələri arasında dostluq münasibətləri də var. İsak həmişə kumir kimi məhz həmşəhərlisi və eyni etnik mənsubiyyətə malik olduğu Qoytomu göstərir.
 
Bəs İbrahimoviç nə deyir?
Həmişə "təvazökarlığı” ilə fərqlənən, özünü hamıdan üstün tutması ilə seçilən İbrahimoviç İsakın ona bənzədilməsindən narahat deyil. Nəinki narahat deyil, hətta həmyerlisinin Avropanın top-klublarından birində çıxış etməsi üçün öz köməyini də əsirgəmir. Bu yaxınlarda İbranın sabiq klublarına, daha dəqiq desək,  "Yuventus” və PSJ-yə 17 yaşlı hücumçuya diqqət ayırmağı məsləhət verdiyi barədə xəbərlər yayıldı. İbrahimoviç ona bənzədilən hücumçunu canlı seyr etmək üçün İsveçə gedib və İsakın oyunundan valeh olub. Məhz bundan sonra Zlatan sabiq klublarına Aleksandra görə ağız açıb. 
 
Avropa nəhənglərinin "qaraladığı” istedad

Aleksandrın oyunu təkcə Zlatanı yox, həm də, Avropanın qabaqcıl klublarının seleksiyaçılarını da valeh edib. Belə olmasa, "köhnə qitə”nin nəhəngləri İsaka görə AİK-in qapısında "növbə”yə durmazdı. Son vaxtlar dünya mətbuatında Aleksandrın transferi üçün canfəşanlıq göstərən hansı klubların adı çəkilməyib ki? PSJ, "Liverpul”, "Mançester Yunayted”, "Napoli”, "Yuventus”, "Çelsi”, "Bavariya”, "Ayaks”, "Real”, "Barselona”. Ancaq deyəsən, bu mübarizədən "kral klubu” qalib ayrılacaq. Belə ki, Madrid təmsilçisinin rəhbərliyinin artıq həm vunderkindin özü ilə, həm də klubu ilə razılığa gəldiyi deyilir. Transfer qadağasına görə qışda heyətinə yeni oyunçu qata bilməyən "Real”, isveçli istedadı çox güman ki, yayda transfer edəcək.
 
Eritreyanın fəxri
Əslən bağlı olduğu vətənində İsakın karyerası maraqla izlənilir. Həmvətənləri Alekslə fəxr edir və onun uğurlarını öz ölkələrinin uğuru kimi qəbul edirlər. Eritreyalı azarkeşlər İsakın yeni klubunun hansı olacağını səbirsizliklə gözləyirlər. Aleksi transfer edəcək klub yəqin ki, bu ölkədə böyük azarkeş ordusu qazanacaq.
 
105 illik rekordu qıran 17 yaşlı gənc
Eritreya İsakla fəxr etsə də, o, bu ölkənin yox, İsveç millisinin şərəfini qoruyur. Ancaq əslən bağlı olduğu vətənində onu bu seçiminə görə qınamırlar. Kim bilir, Eritreya millisi FİFA-nın reytinq siyahısında aşağı pillələrdə qərarlaşmasaydı, bəlkə də, öz köklərinə bağlı olan İsakın seçimi İsveç yox, məhz Eriteriya olardı. Ancaq Aleks artıq İsveç millisində debüt edib. Əvvəllər Skandinaviya ölkəsinin U-17, U-19, U-21 millilərində çıxış etmiş İsaka əsas millidə debüt etmək bir neçə həftə öncə qismət oldu. İsveç millisinin baş məşqçisi Yanne Andersson yanvarın 8-də BƏƏ-də keçirilən Fil Dişi Sahili millisinə qarşı yoxlama oyununun 62-ci dəqiqəsində 17 yaşlı hücumçuya şans verir. İsveçin 1:2 hesabı ilə məğlub olduğu qarşılaşmada İsak ciddi nə iləsə yadda qalmır. Cəmi 4 gün sonra Slovakiyaya qarşı yoxlama oyununda şans qazanan Aleks, bu dəfə nəinki yadda qalır, hətta adını İsveç futbolunun tarixinə yazdırır. Start heyətində meydana çıxan Aleks, oyunda hesabı açaraq, komandasının 6:0 hesablı qələbəsində rol oynayır. O, bu qolla həm də İsveçin futbol tarixində 105 ildir dəyişməyən rekordu təzələyir. İsak yığmada 17 yaş 113 günlüyündə qol vurur. Əvvəlki rekord 1912-ci ildə yığmada 18 yaşında qol vuran Erik Dalstryoma məxsus idi.
 
Portreti
Hündür boya malik olan (1.90 sm) İsakın əsas işlək ayağı sağdı. Buna baxmayaraq o, sol ayağından da istifadə etməyi bacarır. Aleksin əsas ampluası mərkəz hücumçusu olsa da, bəzən sağ cinah yarımmüdafiəçisi kimi də çıxış edir. Bir idmançı kimi əsas xüsusiyyəti intizamlı olmasıdır. Başqa futbolçulardan fərqli olaraq, gənc yaşda Avropa nəhənglərinin diqqət mərkəzinə düşməsi onun başını gicəlləndirmir, əksinə, öz üzərində daha səylə çalışmaq üçün əlavə stimul verir. Başla da yaxşı oynayan Aleksandrda bir hücumçuya lazım olan bütün keyfiyyətlər var. Bu da hücumçunun nəticələrində özünü göstərir. İsak peşəkar karyerasındakı ilk mövsümündə 10 qol, 1 məhsuldar ötürməyə imza atıb ki, bu da 17 yaşlı gənc üçün çox yaxşı göstəricidir. Qalır, bu nəticələri daha güclü çempionatlarda davam etdirmək.
 


 

 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6580
GBP 1 İngilis funt sterlinqi 2.1594
TRY 1 Türk lirəsi 0.4777
KWD 1 Küveyt dinarı 5.6845
SEK 1 İsveç kronu 0.1936
EUR 1 Avro 1.8361
CHF 1 İsveçrə frankı 1.7253
USD 1 ABŞ dolları 1.7352