• cümə axşamı, 28 mart, 15:08
  • Baku Bakı 16°C

“101-ci cəhd”

22.04.16 12:37 4024
“101-ci cəhd”
Hər il olduğu kimi, bu il də dünya erməniləri, lobbi təşkilatları geniş şəkildə qondarma soyqırımlarını qeyd etməyə hazırlaşırlar. Artıq 101 ildir ki, ermənilər dünya birliyinin baş verənləri “soyqırımı” kimi tanımasına cəhd göstərsələr də, səyləri nəticəsiz qalır. Əksinə, daha çox dövlət və beynəlxalq qurumlar ermənilərin qondarma təşəbbüslərinə qarşı çıxır, onların əsil məqsədlərinin tamam başqa olduğu qənaətinə gəlirlər. Xüsusən də Türkiyənin bu məsələnin tarixçilərin öhdəsinə buraxılması, birgə tarix komissiyasının yaradılması ideyasının Ermənistan tərəfindən rədd etməsindən sonra Qərb ölkələrində “soyqırımı”na münasibət dəyişməkdədir.
Bütün bunlara baxmayaraq, ermənilər yenə də çirkin mövqelərini ortaya qoymaqda davam edir, anti-Türkiyə təbliğatı aparmaqdadırlar. Bu işdə isə hər zaman olduğu kimi, ABŞ erməniləri xüsusi fəallıq nümayiş etdirirlər. Bu ölkədə məskunlaşan ermənilər hər dəfə olduğu kimi, bu dəfə də onlar tərəfindən maliyyələşən senator və konqresmenlərin köməyindən yararlanmağa çalışırlar. Qondarma erməni soyqırımının 101-ci ildönümü ərəfəsində hərəkətə keçən erməni lobbisi ABŞ Konqresinin Nümayəndələr Palatasının yəhudi əsilli üzvü Adam Şiffdən yararlanmaq qərarına gəlib. Həmin şəxs prezident Barak Obamanı “1,5 milyon erməninin genosidə məruz qaldığını” etiraf etməyə çağırıb. A.Şiff xatırladıb ki, Obama prezidentliyə namizəd olarkən “erməni soyqırımı”nı tanıyacağını vəd versə də, prezident seçildikdən sonra bundan imtina edib. Kaliforniyadan olan ermənipərəst konqresmen əmindir ki, “genosid”in ildönümünə bir neçə gün qalmış Obama prezidentliyi dövründə öz vədinə əməl etmək üçün sonuncu imkandan istifadə edəcək.
Qeyd edək ki, son günlər erməni lobbisi Qarabağdakı hərbi əməliyyatlara diqqət çəkərək, burada Türkiyə ordusunun “izlərinin olduğunu” iddia etməklə ABŞ-ın Türkiyəyə qarşı təzyiqlərinə və son nəticədə, sözdə “erməni soyqırımı”nın tanınmasına nail olmağa çalışır. Lakin türk və Azərbaycan icmaları ermənilərin bu istəyini puç etmək üçün genişmiqyaslı kampaniya başladıblar. Belə ki, Vaşinqtondakı Türk İrəliləmə İnstitutu (TİP) Birləşmiş Ştatların nüfuzlu qəzetlərində - “Wall Street Journal”, “Post”, “The Weekly Standard”, “The Examiner” və başqalarında qondarma soyqırımı iddialarına qarşı elan və xəbərlər yerləşdirməyə başlayıb. Burada, həmçinin bildirilir ki, Ermənistan qondarma iddialarını reallaşdırmaq üçün Rusiyadan yararlanmağa çalışır. Həmin elanlarda Rusiyanın Ermənistanla birgə işbirliyində olduğu xüsusi vurğulanır.
Yeri gəlmişkən, ermənilər tək ABŞ-da deyil, Avropada da qondarma soyqırımı ilə bağlı dəstək axtarışına çıxıblar. Bu günlərdə Avropa Parlamentinin Brüsseldə keçirilən plenar iclasında qondarma “erməni soyqırımı”nın 100 illiyinin ümümavropa anımına dair qətnamə layihəsi müzakirə edilib. Çıxış edən Avropa parlamentarlarının demək olar, hamısı belə bir “soyqırımın baş verdiyini” söyləyiblər. Onlar Türkiyəyə və bu ölkənin hökumətinə qarşı müxtəlif ittihamlar səsləndirib, “soyqırımını” tanımağa və Ermənistanla münasibətləri normallaşdırmağa səsləyiblər. Rəsmi Ankara isə növbəti dəfə bəyan edib ki, Türkiyə heç bir zaman 1915-ci il hadisələrini ermənilərin “soyqırımı” kimi tanımayacaq. Bu səbəbdən də Türkiyə Avropa Parlamentinin 1915-ci il hadisələrini “soyqırımı” kimi tanımaq barədə çağırışına heç bir əhəmiyyət vermir - deyə Türkiyə Prezident Administrasiyasından bildiriblər. Rəsmi Ankara hesab edir ki, Avropa Parlamentinin Türkiyəyə qarşı bu çağırışı təxribat xarakterlidir. Avropa Parlamentinin qərarını şərh edən Türkiyənin Avropa İttifaqı üzrə naziri Volkan Bozkır da bəyan edib ki, bu tələblərin əsası yoxdur.
Bir çoxları hesab edir ki, Türkiyə ilə Rusiya arasında münasibətlərin gərgin olması səbəbindən Moskva ermənilərin qondarma soyqırımını tanıya bilər. Səbəb kimi də, bu yaxınlarda Rusiyanın hakim “Ədalətli Rusiya” Partiyasının ermənilərin qondarma soyqırımı iddialarının təkzib edilməsinə görə cəza verilməsini nəzərdə tutan qanun layihəsi təşəbbüsü ilə çıxış etməsi göstərilir. Lakin yaddan çıxarmaq gərək deyil ki, bu təşəbbüs Rusiya rəhbərliyi tərəfindən rədd edilib. Hətta hökumət və Ali Məhkəmə qanun layihəsinin əsassız olduğunu bəyan ediblər. Beləliklə də, ermənilərin Rusiya arzularının da nəticəsiz qalacağı gözlənilir. Qeyd edilir ki, qanun layihəsinin müzakirə belə, olunmamasında Rusiyadakı Azərbaycan diasporasının da rolu olub. Türk nəşrləri yazır ki, Türkiyədəki türk diasporasının liderlərindən olan Yusif Şen də bunu təsdiq edib. Onun sözlərinə görə, məhz azərbaycanlıların sayəsində Dövlət Duması qondarma erməni soyqırımını inkar etməyə görə cəzanın verilməsini nəzərdə tutan qanun layihəsini rədd edib.
Ən əsası odur ki, artıq keçirilən beynəlxalq müzakirələrdə və elmi konfranslarda da ermənilərin çirkin təşəbbüslərinə layiqli cavab verilir. Özü də bu cavablar türk yox, Qərbin nüfuzlu alim və professorları tərəfindən səslənir. Məsələn, amerikalı tarixçi, professor Castin Makkartinin 1915-ci il hadisələrinə dair qondarma erməni soyqrımına aid iddiaları yalanlaması hazırda erməni mətbuatının ən çox müzakirə etdiyi məsələlər sırasındadır. Tarixçi nüfuzlu beynəlxalq konfransların birində bildirib ki, bu dövrdə rusların işğal etdiyi torpaqlarda ermənilər “polis” funksiyasını yerinə yetirib. “Ruslar 1877-78-ci illərdə Anadolunu işğal etdilər və bu vaxt ermənilərin böyük əksəriyyəti rusların tərəfini saxlayaraq onlar üçün bələdçilik və casusluq ediblər. İşğal edilmiş torpaqlarda ermənilər “polis” funksiyasını yerinə yetirdilər və türklərə əziyyət verdilər. 1878-ci il sülh müqaviləsi nəticəsində Şimal-Şərqi Anadolunun böyük bir hissəsi Osmanlıya qaytarıldı. Ruslara yardım etdikləri üçün intiqam alınacağını fikirləşən ermənilər qaçmağa başladı. Halbuki türklər heç bir vaxt intiqam barədə düşünməyiblər”. Rusların təhriki ilə dövlət qurmaq xəyalı quran ermənilərin ingilislərə də bəzi təkliflərlə müraciət etdiklərini deyən professor bildirib ki, I və II-ci dünya müharibələri dövründə baş verənlərə aid bütün sənədlər Britaniya arxivlərində saxlanılır.
Beləliklə, əminliklə demək olar ki, hər il olduğu kimi, bu dəfə də ABŞ rəhbərliyi “soyqırımı” sözünü dilinə gətirməkdən vaz keçəcək və ermənilərin sərsəm arzusunu ürəklərində qoyacaq.
Azər
banner

Oxşar Xəbərlər