• cümə, 19 Aprel, 01:41
  • Baku Bakı 18°C

100 yaşlı Ordum!

26.06.18 11:30 2957
100 yaşlı Ordum!
"Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Milli Ordumuz müstəqilliyimizin, dövlətçiliyimizin qarantıdır. Yeni inkişaf mərhələsinə qədəm qoyan Silahlı Qüvvələrimiz regionun ən güclü ordusu və xalqımızın güvənc yeridir” fikirlərini bu gün təkcə vətənin müdafiəsində ayıq-sayıq dayanan, onun hər qarışı uğrunda yalnız vuruşmağa deyil, həm də canını fəda etməyə hazır olan əsgər və zabitlərimizlə bərabər, hər bir Azərbaycan vətəndaşı söyləyir. 100 yaşlı Milli Ordumuzun qüdrəti hər azərbaycanlıya qürur və şərəf hissi yaşadır.
Ordu quruculuğunda əsas bazalardan biri
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri Milli Ordunun təşkili idi. Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmış, ulu öndər Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdı. Ümummilli liderin cəsarətli addımları sayəsində Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da,Heydər Əliyevin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Təsadüfi deyildir ki, C.Naxçıvanski adına Hərbi Məktəb, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.
1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi. Keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də,müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verilmiş, Azərbaycan Ordusunun yaranması sadəcə, kağız üzərində qalmışdı. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq, hərc-mərclik müstəqilliyimizi təhlükə ilə üz-üzə qoymuşdu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr müxtəlif qrupların maraqlarına xidmət edirdilər. 1993-cü ilin yayında ümummilli liderHeydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atılmış, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda Milli Ordunun formalaşması prosesi daha da sürətlənmiş, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılmışdır.
Varislik ənənələrinin bərpası
Müstəqilliyinin ilk illərində ölkədəki mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətin mənfi təsiri ordu quruculuğundan da yan keçmədi. Könüllülərdən yaradılan ordu istər struktur, istərsə də peşəkarlıq baxımından mövcud şəraitin tələblərinə cavab vermir, yerli özünümüdafiə batalyonları məhəlli xarakter daşıyırdı. Vahid komandanlığın olmaması nəticəsində silahlı dəstələr müxtəlif şəxslərin əlində cəmlənmişdi və onların əmrlərini yerinə yetirirdi. Digər tərəfdən, Azərbaycana xarici müdaxilə, Ermənistanın ərazi iddiaları ordu quruculuğunun normal, elmi əsaslarla aparılmasına mane olurdu. Məhz bu vəziyyəti yaradan səriştəsizlik ucbatından, müstəqilliyini yenicə bərpa etmiş respublikada ordu quruculuğu arzulanan səviyyədə getmirdi. Ordu əsas vəzifəsini yerinə yetirmək əvəzinə, bəzi fərdlərin ambisiyalarının icraçısına çevrilmişdi. Yaranmış vəziyyət dövlət çevrilişi həddinə çatmışdı.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı respublikanı labüd süqutdan xilas etdi və bununla da Azərbaycanda ordu quruculuğunun yeni mərhələsi başlandı. Silahlı Qüvvələrin formalaşması prosesi geniş vüsət aldı. Çox keçmədən Ordumuz cəbhədə uğurlu əməliyyat həyata keçirdi, bir sıra yaşayış məntəqələrimizin düşməndən azad edilməsinə nail oldu.
Nəhayət, 1994-cü il mayın 12-də atəşkəs barədə sazişin imzalanması ordu quruculuğunda köklü islahatlar aparılmasına şərait yaratdı. Orduya çağırışla bağlı bütün problemlər həllini tapdı, fərarilik halları aradan qalxdı. Dövlətçiliyi və hərbçi şərəfini uca tutan zabitlər rəhbər vəzifələrə irəli çəkildi. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı digər zəruri addımlar atıldı.
Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi təkcə hərbi texnikadan deyil, bu texnikanı idarə edə biləcək savadlı, ixtisaslı kadrlardan, zabit korpusundan əhəmiyyətli dərəcədə asılı idi. Bu istiqamətdə də mühüm zəruri məsələlər həllini tapdı. 1993-cü il noyabrın 1-də Prezidentin müvafiq Fərmanı ilə Dövlət Müdafiə Şurası yaradıldı. Həmin gün keçirilən ilk iclasda ordu quruculuğu, müdafiə məsələləri geniş müzakirə olundu, müvafiq qərarlar qəbul edildi. Səfərbərliyin təşkili, döyüş hazırlığının, qoşun hissələrinin, şəxsi heyətin təlim-tərbiyəsinin təkmilləşdirilməsinə, sosial şəraitin yaxşılaşdırılmasına istiqamətləndirilmiş tədbirlər müəyyən olundu. Bu, olduqca vacib amillər idi və ümummilli lider ordu quruculuğuna məhz bu məsələləri həll etməklə başladı. Nəticə etibarilə, bu proses dünya təcrübəsinə və milli dəyərlər sisteminə əsaslanmaqla uğurla davam etdirildi. Qısa müddətdə atılan düşünülmüş addımlar öz bəhrəsini verdi - nizami ordu yaradıldı və formalaşmağa başladı.
Prezident Heydər Əliyev noyabrın 2-də televiziya və radio ilə xalqa müraciət edərək hamını ölkənin azadlığı uğrunda birləşib düşmənə qarşı mübarizəyə qalxmağa səslədi. Prezidentin çağırışı ilə minlərlə könüllü gənc torpaqlarımız uğrunda gedən döyüşlərə atılmaq üçün ordu sıralarına gəldi. Tezliklə könüllülərdən, Əfqanıstan müharibəsi iştirakçısı olmuş yüzlərlə zabit və əsgərdən ibarət hərbi hissələr və taborlar yaradılaraq cəbhəyə göndərildi. Bütün bunların nəticəsi olaraq, Azərbaycan ordusu erməni silahlı birləşmələrinin respublikanın içərilərinə doğru irəliləməsini dayandırdı, hətta əks-hücuma keçdi. 1994-cü il yanvarın 5-də aparılan uğurlu əməliyyatlar nəticəsində Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi, 22 kənd işğaldan azad edildi. Həmçinin düşmən ordumuzun Kəlbəcər-Ağdərə, Goranboy-Tərtər istiqamətlərində əks-hücumlarına tab gətirməyərək ağır itkilər verdi və geri çəkilməyə məcbur oldu.
1993-cü il noyabrın 23-də Milli Şurada "Müdafiə haqqında” Qanun qəbul edildi. Qanunda ordu quruculuğunda məsul vəzifəli şəxslərin və orqanların fəaliyyəti sistemləşdirilərək məsuliyyət sahələri dəqiqləşdirilirdi. Noyabr-dekabr aylarında 40 ehtiyat taboru təşkil edildi. Az sonra ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan kimi şəxsən cəbhə bölgələrində ordunun, əsgərlərin vəziyyəti ilə yaxından tanış oldu, konkret tədbirlər müəyyənləşdirdi. Bu, ordunun şəxsi heyətinin mənəvi hazırlığını əhəmiyyətli dərəcədə yüksəltdi. Bununla yanaşı, Prezident vəziyyətə uyğun çevik qərarlar da qəbul edirdi.
Nəhayət, ümummilli lider Heydər Əliyevin 1998-ci il mayın 28-də imzaladığı Fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Bu Fərman ordumuzun quruculuğunda varislik ənənələrinin bərpası və tarixilik baxımından böyük əhəmiyyətə malikdir.
Nizami ordu
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun siyasi kursunun layiqli davamçısı, prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hərbi sahədə əsaslı islahatlar aparılması ilə yanaşı, ordumuz yeni silah və texnika ilə təchiz edilir. Təminatı yaxşılaşdırmaq üçün Müdafiə Sənayesi Nazirliyi tərəfindən müxtəlif təyinatlı silah növləri istehsal edilir. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90-cı və 95-ci ildönümlərində keçirilən paradlarda ordumuzun qüdrəti bir daha dünyaya nümayiş etdirilib.
Silahlı Qüvvələrdə aparılan struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirib. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycan ilə NATO arasında sıx və səmərəli əməkdaşlıq yaradılıb. Bu əməkdaşlıq ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxarıb. İndi hər il iki mindən çox hərbçimiz NATO proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsəyirlər. 1997-ci ildən Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələri NATO standartlarına keçib, Silahlı Qüvvələrimizin tərkibində yaradılan sülhməramlı tabor Şimali Atlantika Alyansının xətti ilə keçirilən hərbi-humanitar aksiyalarda fəal iştirak edir, münaqişə ocaqlarında təhlükəsizliyin, sülhün təminatına dəstək verir. Azərbaycanın Silahlı Qüvvələri bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən ordularından biridir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesi davamlı sürətdə təkmilləşdirilir, hərbi hissələr ən müasir hərbi texnika ilə təchiz olunur, yüksək şəraitə malik hərbi şəhərciklər, döyüş poliqonları yaradılır. Bütün bunların nəticəsidir ki, hazırda torpaqlarımızı düşməndən azad etməyə qadir, yüksək döyüş ruhuna malik ordumuz formalaşıb. Bu, özünü uğurlu aprel döyüşləri zamanı əyani şəkildə təsdiqlədi.
Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad edək və bu məqsədlə nə lazımdırsa, Azərbaycan dövləti edir. Hazırda Silahlı Qüvvələrimizin qarşısında dayanan bir nömrəli vəzifə torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsidir. Ordumuzun gün-gündən gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, aparılan məqsədyönlü islahatlar məhz bu vəzifənin uğurla yerinə yetirilməsinə yönəlib.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər