• cümə axşamı, 28 mart, 15:27
  • Baku Bakı 16°C

100 yaşlı maarif işığı - Fotolar

14.03.19 13:18 2017
100 yaşlı maarif işığı - Fotolar
"Qazax deyəndə gözümüzün önünə Azərbaycan maarifçiliyinin beşiyi gəlir. Bu diyar həmişə öz maarifçi şəxsiyyətləri, böyük elm, təhsil, mədəniyyət xadimləri ilə tanınıb, maarifçilik ənənələri ilə seçilib. Bu torpaqda yandırılan maarif işığı bütün Azərbaycanı işıqlandırıb”. Qazaxda – Molla Vəli Bidadi, Molla Pənah Vaqif, Səməd Vurğun, Hüseyn Arif, İsmayıl Şıxlı, Osman Sarıvəlli, Mehdi Hüseyn, Mirvari Dilbazi, Əliağa Şıxlinski, Qaçaq Kərəm kimi görkəmli şəxsiyyətlərin doğulduğu torpaqda qonaq olmaq, bu yerlərin mehriban, qonaqpərvər olduqları qədər də, səmimi insanlarının söhbətlərini eşitmək, sinədəftər xatirələri dinləmək elm, təhsil və mədəniyyət tariximizin qiymətli səhifələri ilə yaxından tanış olmağa bərabərdir.

Ölkə başçısının 2017-ci il noyabrın 3-də imzaladığı «Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması» haqqında sərəncamına uyğun olaraq, Təhsil Nazirliyinin keçirdiyi «Novruz mühazirəsi»nin növbəti ünvanı olan Qazax da, qonaqlarını «100 yaşlı maarif işığı»na topladı.
Azərbaycan ədəbiyyatına, mədəniyyətinə 40 ildən artıq -1918-ci ildən 1959-cu ilə qədər ləyaqətlə xidmət edən Qazax Müəllimlər Seminariyası respublikanın bölgələri ilə yanaşı, qonşu ölkələr üçün də uzun illər boyu yüksək ixtisaslı pedaqoji kadrlar hazırlayıb. Təhsil ocağının yetirmələri sırasında adları elm və mədəniyyət tarixinə həkk olunmuş tanınmış şəxsiyyətlər çoxdur.

2 saylı məktəbin akt zalında keçirilən tədbiri açıq elan edən Təhsil Nazirliyinin şöbə müdirinin müavini Əsgər Quluyev qeyd etdi ki, Qori Seminariyasını bitirən 250 azərbaycanlı məzunun üçdə biri Qazaxdan idi: "Qazaxın potensialı Qori Seminariyasının tatar bölməsinin məhz bu şəhərdə açılmasına imkan verirdi. Digər tərəfdən, Qazax Qafqazın maarifçilik mərkəzi sayılan Tiflisə yaxın idi. Həmçinin İrəvanda olan azərbaycanlılar da bura yaxın məsafədə yaşayırdılar. Ancaq bəzən fikirlər səslənir ki, Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım qazaxlı olduğundan, tatar bölməsinin fəaliyyəti üçün məhz Qazaxı seçib. Ancaq Qazax maarifçilik baxımından yüksək potensiala malik olduğundan, AXC hökuməti də seminariyanı məhz burada təşkil etdi. Hökumətin ölkədə təhsil sahəsində ilk islahatı məhz bu seminariyanın yaranması oldu. Ana dilində tədrisin əsası da bu seminariyada qoyuldu”. 1923-cü ildə ilk buraxılışını edən seminariya, 1925-ci ildə Qazax Pedaqoji Texnikumuna çevrilir.

Görkəmli şəxsiyyətlər yurdu

Seminariyanın yetişdirdiyi müəllimlərin Azərbaycanın bütün bölgələrində, eləcə də qonşu respublikanın Azərbaycan kəndlərində savadsızlığın aradan qaldırılmasında, elmin inkişafında böyük xidmətlər göstərdiyini, əsl maarif çırağı yandırdığını qeyd edən Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov bildirdi ki, təhsil ocağı, adları Azərbaycanın ədəbiyyat tarixinə qızıl hərflərlə yazılmış Səməd Vurğun, İsmayıl Şıxlı, Osman Sarıvəlli, Mehdi Hüseyn kimi görkəmli şəxsiyyətlər yetişdirib. Bu təhsil məbədi özündən sonra böyük mədəni irs qoymaqla, adını Azərbaycanın maarifçilik tarixinə əbədi həkk etdirib. İcra başçısı qeyd etdi ki, prezident İlham Əliyevin Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamından sonra Təhsil Nazirliyi, Qazax İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Belə ki, İH tərəfindən hazırlanan Tədbirlər Planı nazirliyə təqdim edilərək təhsil naziri tərəfindən təsdiq olunub. Həmçinin rayonun elm, təhsil və ictimaiyyət nümayəndələrindən ibarət komissiya yaradılıb. Seminariyanın 100 illiyi ilə bağlı «Ziya ocağı» adlı tarixi kitabın yazılması qərara alınıb. Yubileylə bağlı «Qoridən gələn ziya qatarı» adlı filmin çəkilməsi də nəzərdə tutulub. Həmçinin seminariyanın tarixi ilə bağlı may ayında AMEA, BDU və s. təşkilatlarla birgə geniş konfrans keçirilməsi planlaşdırılıb.


2862 nəfər pedaqoji mütəxəssis

AMEA-nın həqiqi üzvü, millət vəkili Nizami Cəfərov məruzəçi kimi seminariyanın fəaliyyət tarixindən söhbət açdı: "1875-ci ildə Rusiya imperatoru xüsusi sərəncamla Zaqafqaziyada ayrıca seminariya yaradılması ilə bağlı qərar qəbul etdi. Məqsəd Cənubi Qafqazda rus, erməni və gürcülərə rus dilində təhsil verilməsi və çar hökuməti üçün məmurlar hazırlamaqdan ibarət idi. 1876-cı ildə Qori şəhərində seminariya yaradıldı. O zaman tatar şöbəsi hələ yaradılmamışdı. Qafqaz Canişinliyinin marağı ilə tatar bölməsi açıldı. Bu bölmənin əsas fəaliyyəti 1879-cu ilə təsadüf edir. O zaman məktəb açılanda da türklərin oxumasına məhəbbətlə razılıq verməyiblər. Ancaq tatar bölməsi digər bölmələrdən uğurlu fəaliyyət göstərib. Biz bu bölmənin uğur qazanması üçün şamaxalı rus ziyalısına – Aleksey Osipovuç Çernyayevskiyə minnətdarıq. O, türk dilini yaxşı bilirdi. Çernyayevski bütün regionları gəzərək istedadlı uşaqları yığırdı. Qori Müəllimlər Seminariyasının tatar bölməsi qısa bir müddətdə həm dərsliklərlə təmin olundu, həm də tatarların təhsil ala bilmələri haqqında inam yaratdı. Firudin bəy Köçərli, Baba bəy Səfərəlibəyov, Teymur bəy Mahmudbəyov, İsmayıl ağa Vəkilov, Məmməd ağa Şıxlinski, Rəşid bəy Əfəndiyev kimi ziyalılar müxtəlif regionları təmsil edirdilər”. 1879-cu ildən 1918-ci ilə qədər fəaliyyət göstərən Qori Seminariyası 250 nəfər azərbaycanlı müəllim yetişdirir. Bu müəllimlərin böyük bir hissəsi Azərbaycan ziyalılığının sosial genefondunu təşkil edirdi. Onların çoxu isə Qazaxdan idi: "Bu, bizim tariximiz üçün qiymətli hadisə idi. Xalq Cümhuriyyəti yaranandan sonra - 1918-ci ildə Seminariyanın tatar bölməsinin Azərbaycana gətirilməsi məsələsi müzakirə olundu. Bu bölmənin harada yerləşdirilməsi məsələsi qarşıda durdu. Müxtəlif variantların içərisində məhz Qazaxa gətirilməsi üstünlük təşkil etdi. Bu, dövlətin qərarı ilə baş verən hadisə idi. Azərbaycan bölməsinin gətirilib Qazaxa köçürülməsi üçün Firudin bəy Köçərliyə 5 min rubl pul verilir.
Problemlərə, maliyyənin azlığına baxmayaraq, xalq maarif naziri Nəsib bəy Yusifbəylinin nəzarəti ilə tatar bölməsinin yerləşdirilməsi təmin edilir. Bölməyə rəhbər təyin olunan Firudin bəy Köçərli qısa bir müddətdə uğurlu bir kollektiv yarada bilir”. Akademik qeyd etdi ki, Qazax Müəllimlər Seminariyası Xalq Cümhuriyyətinin birbaşa sərəncamı və iradəsi ilə yaradılır: "Əgər Qazax camaatının bu işə xüsusi köməyi və marağı olmasaydı, bu qərar bəlkə də heç bir nəticə verməzdi. Çünki bu hadisədən əvvəl Qazax ziyalıları AXC-yə Qori Seminariyasının tatar bölməsinin Qazaxa köçürülməsi ilə bağlı məktub yazmışdılar: "Seminariyanın yerləşdiyi yerdən də böyük yer verməyə hazırıq. Bəri başdan 3000 manat, sonra da hər il 1000 manat verəcəyik” deyə yazmışdılar. Qazax bu məsuliyyətin altına girməli idi. Çünki şıxlinskilər, vəkilovlar, qiyasbəylilər o məktəbdə oxumuş və Qazaxda ziyalı mühiti yaratmışdılar. Digər tərəfdən, Qazax Qoriyə yaxın məsafədə yerləşirdi. Tatar bölməsi fəaliyyətə başlayandan sonra təxminən 2 il müddətində bu təhsil ocağında Qori ənənələri bərpa olundu. Seminariyanın ilk məzunları sırasında Səməd Vurğun, İsmayıl Şıxlı, Osman Sarıvəlli və Mehdi Hüseyn kimi gələcəyin tanınmış şəxsiyyətləri vardı. Sağlam bir mühitlə bu məktəb bizim ziyalılarımızın yetişməsi üçün böyük nailiyyətə imza atdı. Sovet dövründə də bu məktəbi heç bir ideologiya sındıra bilmədi. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin varisi kimi Qazax Müəllimlər Seminariyası Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindən birinə çevrildi. Qazax Müəllimlər Seminariyası fəaliyyət göstərdiyi illər ərzində 2862 nəfər pedaqoji mütəxəssis hazırlaya bildi. Bu seminariya, bütün fənlərin tədrisinin ana dilində, mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verdi”.

1920-ci ilə qədər 908 nəfər

Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə həmin dövrdə Azərbaycan təhsilinin vəziyyətinə toxundu: «Biz Qazaxda savadlıların çox olmasının təsirini Azərbaycan Cümhuriyyəti qurularkən də görürük. Ən mühüm dövlət orqanlarında qazaxlılar rəhbər vəzifələrdə çalışırdı. Maarif naziri Dadaş Bünyadzadə "Azərbaycanda 60 nəfər ali təhsilli var” desə də, bu, xalqımıza qarşı böhtan idi. Çünki həmin şəxslərin çoxunu güllələmiş, ölkədən sürgün etmişdilər”.

Rusiya, Ukrayna, Gürcüstan və s. ölkələrin arxivlərində aparılan araşdırmalar nəticəsində 1920-ci ilə qədər 908 nəfərin ali məktəblərdə oxuması ilə bağlı sənədləri üzə çıxaran tarixçi alim nəşr etdirdiyi kitabda 738 nəfərin şəxsi işini çap etdirdiyini qeyd etdi. Ə.Tahirzadə Qazax ziyalılarına üz tutaraq «Əgər o dövrdə seminariyada oxuyanlar haqqında əlinizdə hər hansı sənəd varsa, onların itib-batmaması üçün bizə təqdim edin” dedi. Seminariyanın 90 yaşlı məzunu Nuşrəvan Xəlilov xatirələrini bölüşdü: «Çətin dövr idi. Gün ərzində bir avtobus işləyirdi. Mən iki qız tələbə ilə bir kənddən digər bir kəndə hər gün piyada gedib-gəlirdik. İki il beləcə gedib-gəldik. Seminariyanın fəaliyyəti Qazaxda məhz o dövrün ziyalılarının hesabına baş tutub. Qazax Gürcüstanla sərhəddə yerləşdiyi üçün seminariya məhz burada yaradılıb ki, yaxın respublikalarda yaşayan azərbaycanlılar üçün oxumaq asan olsun”.


Xalq Cümhuriyyətinin abidəsi

Tədqiqatçı-jurnalist Akif Aşırlı Qazax Müəllimlər Seminariyasını Xalq Cümhuriyyətinin ən gözəl abidəsi adlandırdı: " Ənənələri bu gün də yaşayan təhsil ocağının yaradılması ilə bağlı qərar, hələ öz ölkəsində özünü təmin edə bilməyən, bolşevik-erməni birləşmələrinin Bakıdan Göyçaya qədər gəlib çıxdığı, bolşeviklərin cənubda tüğyan etdiyi bir dönəmdə verildi. Bu sərəncamın böyük əhəmiyyəti var idi. Məhz o qərarın nəticəsidir ki, bu gün də Azərbaycanın hansı guşəsinə gediriksə, orada Qazax Seminariyasının yetirdiyi tələbələr var. Hətta o məzunlar birləşib bir çox yerlərdə "Qazaxlı məhəllələri” yaratdılar. Bu baxımdan Qazaxın Azərbaycan təhsilinə, elminə, ədəbiyyatına, ictimai fikir tarixinə verdiyi ən böyük töhfələrin kökündə AXC-nin seminariyanın yaradılması ilə bağlı imzaladığı sərəncam durur. Qazax təkcə maarifçilik missiyasının daşıyıcısı kimi deyil, həm də Cümhuriyyət dönəmində azadlıq hərəkatının başlandığı məkandır”. A.Aşırlı təhsil illərini xatırlayaraq çıxışını müəllimləri qarşısında hesabat kimi dəyərləndirdi: "Deyirlər ki, qazaxlılar ədəbiyyata, poeziyaya maraqlıdırlar. Yəqin ki, bunun da kökü həmin müəllimlərlə bağlı idi ki, biz də riyaziyyatı ədəbiyyat qədər sevək, həmçinin ədəbiyyatda da bir riyaziyyat görək. Mənə dərs verən müəllimlərin bir qismi Qazax Müəllimlər Seminariyasının müəllimləri idi. Bu gün cəmiyyətdə uğur qazanmağımızın bir səbəbi də həmin pedaqoqlardan dərs almağımızdır. Bu insanların Azərbaycan elminə verdiyi töhfələr kifayət qədər müstəsna idi. Mən o insanların ruhu və müəllimlərimin qarşısında baş əyirəm”.


Mühazirə iştirakçıları tədbirin keçirildiyi 2 nömrəli tam orta məktəbin həyətində seminariyanın 100 illiyi münasibəti ilə 100 ağac əkmə aksiyasında iştirak etdilər. Qazax Müəllimlər Seminariyasının binası ilə tanışlıq isə qonaqlara tarixlə üz-üzə dayanma təəssüratını yaşatdı. Ziyası bütün ölkəni işıqlandıran seminariya binasının təmir olunub yaşadılmasına isə söz verildi...
Təranə Məhərrəmova
Qazax-Bakı




banner

Oxşar Xəbərlər