• şənbə, 20 Aprel, 07:30
  • Baku Bakı 14°C

100 illik şərəfli yol

02.07.18 21:26 766
100 illik şərəfli yol
2 iyul Azərbaycan Polisinin peşə bayramı günüdür. Azərbaycan Polisi builki peşə bayramı günündə həm də yaranmasının 100 illik yubileyini qeyd edib.
Azərbaycan cəmiyyəti öz Polisinin 100 illik əzmkar missiyasına dolğun, keçdiyi şərəfli yola yüksək qiymət verir. Ötən 100 ildə Polisin keçdiyi şərəfli yol, xüsusən ulu öndər Heydər Əliyevin respublikamıza hər iki rəhbərliyi dövründə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, peşəkar kadr özəyinin yaradılması, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, struktur dəyişiklikləri, maddi-texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması, şəxsi heyətə ali diqqət və qayğısı bir əsrlik tarixin qürurverici səhifələridir.
Polisin keçdiyi yolun dövlətçiliyimizin tarixi ilə sıx bağlılığını nəzərə alan, tarixi ədalətin bərpasını zəruri sayan və varislik prinsipini rəhbər tutan ümummilli lider Heydər Əliyevin 20 il öncə - 1998-ci ildə imzaladığı Fərmanla 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Bu müdrik qərar polisin ən yaxşı ənənələrinə, gecəli-gündüzlü gərgin əməyinə, torpaqlarımızın müdafiəsində və xidməti vəzifə borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olanların əziz xatirəsinə ehtiramın əyani təcəssümüdür.
Asayiş keşikçiləri şanlı yubileylərini böyük qürur hissi və əldə olunmuş uğurlarla qeyd edir. Cəmiyyətimizin, həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin ünvanladığı təbrikdə Azərbaycan Polisinin 100 illik əzmkar missiyasına, keçdiyi şərəfli yola yüksək qiymət verməsi bütün şəxsi heyətin ruh yüksəkliyinə səbəb olub.
Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu illər ərzində daxili işlər orqanları inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb, Azərbaycan milisi İkinci Dünya müharibəsində böyük qəhrəmanlıqlar göstərib, Ulu Öndərin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixində mühüm mərhələ olub. Məhz həmin dövrdə Ümummilli Lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı ciddi qərarlar qəbul edib. Şəxsi heyətin milli dövlətçilik ideyası ruhunda formalaşmasının nəticəsində 1988-ci ildən başlayaraq, Ermənistanın hərbi təcavüzünə qarşı Vətənin müdafiəsinə ilk olaraq qalxan və uzun müddət rəşadətlə döyüşən yeganə silahlı qüvvə məhz polis, sonralar isə Daxili Qoşun hissələri idi. Həmin döyüşlərdə DİN-in 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710-u yaralanıb. Müstəqillik illərində xidməti vəzifələri yerinə yetirərkən isə 99 əməkdaş həyatını itirib, 2640 nəfər xəsarət alıb. Göstərdikləri fədakarlığa görə daxili işlər orqanlarının 67 əməkdaşına Azərbaycanın Milli Qəhrəmanı adı verilib, 1143 nəfər müxtəlif orden və medallarla təltif olunub.
Müstəqilliyin ilk illərində respublikamızda yaşanan ictimai-siyasi böhran, hərc-mərclik, özbaşınalıq, insan hüquqlarının kütləvi şəkildə pozulması, torpaqlarımızın işğalı və separatizmin Azərbaycanın bir dövlət kimi mövcudluğunu təhlükə altına alması, onu dağılmaq həddinə gətirməsi, çoxsaylı qanunsuz silahlı dəstələrin əhalidə vahimə və qorxu yaratması, cinayətlərin sayının kəskin artması, kriminogen durumun nəzarətdən çıxması kimi ağır və mürəkkəb vəziyyətdə xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qurtuluş missiyasını həyata keçirərək qısa müddətdə respublikada möhkəm və dönməz sabitlik yaratmağa nail oldu, dövlət çevrilişi və vətəndaş müharibəsinin qarşısını aldı, anarxiyaya son qoyuldu, qanunsuz silahlı dəstələr tərksilah edildi, kriminogen durum nəzarətə götürüldü.
2003-cü ilin oktyabrında İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu. Lakin həmin illər də asan olmadı, yenidən dövlətimizi xaos və anarxiyaya sürükləməyə cəhdlər göstərildi. Bu antimilli əməllərin qarşısı Ali Baş Komandanımızın qətiyyəti, möhkəm iradəsi, hüquq-mühafizə orqanlarının yaranmış vəziyyətə operativ müdaxiləsinin təşkili sayəsində alındı, məhz ictimai asayişin etibarlı qorunmasının nəticəsi olaraq onun rəhbərliyi ilə xalqımız və dövlətimiz üçün çox mühüm olan qlobal layihələr reallaşdırıldı.
Bu gün müasir dövrün çağırış və təhdidləri nəzərə alınmaqla şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılmasına böyük önəm verilir. Son 15 ildə beynəlxalq qurumların təşkil etdiyi forum, müşavirə və treninqlərdə 6 mindən çox əməkdaş iştirak edib, təcrübə mübadiləsi aparılıb. Hər il onlarla gənc müxtəlif ölkələrin Polis akademiyalarına, hüquq universitetlərinə təhsil almağa göndərilir. Müstəqilliyin ilk illərində hüquqşünas ixtisası tələb olunan zabit heyəti vəzifələrinin yalnız 16 faizini müvafiq təhsilli əməkdaşlar təşkil edirdisə, hazırda bu göstərici 100 faizə çatıb, kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların isə təxminən 20 faizi ali təhsillidir.
Azərbaycan xalqı əmindir ki, onun Polisi inkişafın və rifahın rəhni olan sabitliyin qorunub saxlanılması, qanunçuluğun, fundamental insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün bundan sonra da qüvvə və bacarığını əsirgəməyəcək.
Murad
banner

Oxşar Xəbərlər