• cümə, 29 Mart, 12:18
  • Baku Bakı 14°C

100 illik əməkdaşlıq

12.02.21 15:00 1381
100 illik əməkdaşlıq
Ekspertlərin fikrincə, Bakı və London qarşılıqlı maraqlara əsaslanan əlaqə qurmağı bacarıb

Azərbaycanın ötən illər ərzində heç bir siyasi, iqtisadi və hərbi ittifaqlara qoşulmadan apardığı çoxvektorlu siyasətin bir sıra dünya ölkələri ilə əlaqələrin inkişafında yaratdığı müsbət dinamika davam edir. 2020-ci il sentyabrın 27-də başlayan II Qarabağ müharibəsi zamanı Azərbaycanı dəstəkləyən ölkələr içərisində məhz həmin dövlətlərin birmənalı dəstəyi özünü göstərdi. Belə ki, Türkiyə, Pakistan, İsrail və digər ölkələr kimi Böyük Britaniyanın Vətən müharibəsi zamanı göstərdiyi siyasi dəstək Azərbaycan tarixində xüsusi önəm daşıyacaq. Xüsusilə, BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı bəyanatın qəbuluna Böyük Britaniyanın veto qoyması, bir daha iki ölkə arasında mövcud siyasi-iqtisadi əlaqələrin möhkəm bağlarının olduğunu göstərdi.
Bu günlərdə Prezident İlham Əliyevlə Azərbaycana ilk dəfə səfər edən Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə Dövlət Naziri Vendi Morton arasında görüş zamanı da iki ölkə arasındakı münasibətlər diqqət mərkəzində olub. Belə ki, dövlət başçısı görüş zamanı bildirib ki, bu səfər yaxşı nəticələrlə çox uğurlu olacaq: "Bu, bir daha ölkələrimiz arasında güclü tərəfdaşlıq münasibətlərini və əlbəttə ki, əməkdaşlığımızı davam etdirmək üçün gələcək planlarımızı əks etdirir. Çox yaxşı siyasi təmaslarımız, çox fəal siyasi dialoqumuz var. Sizin Azərbaycana səfəriniz bunu bir daha nümayiş etdirir”.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev bildirdi ki, 90-cı illərin əvvəllərindən yaranan Azərbaycanla Böyük Britaniya arasında tərəfdaşlıq əlaqələri zəngin tarixə malikdir: "Müxtəlif sahələri əhatə edən əlaqələrin inkişaf etdirilməsində, uğur qazanmasında ulu öndər Heydər Əliyevin zəngin siyasi təcrübəsinin, regionda cərəyan edən prosesləri dəqiq qiymətləndirmək bacarığının xüsusi rolu olub. Ümummilli lider tərəfindən uğurla inkişaf etdirilən iki ölkə arasındakı əlaqələr Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Ölkə başçısının Böyük Britaniyaya səfəri, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi diqqət göstərməsi iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına zəmin yaradıb.

Böyük Britaniya, BP-nin Azərbaycanın neft-qaz sektorunun inkişafı və modernləşdirilməsinə verdiyi mühüm töhfələr vasitəsilə enerji sənayesində ölkəmizin əsas tərəfdaşıdır. Bu şirkətlə sıx əməkdaşlıq Azərbaycanın neft strategiyasının həyata keçirilməsində başlıca rol oynayıb. BP və digər şirkətlərlə birgə həyata keçirilən enerji layihələri ölkəmizin iqtisadi müstəqilliyinin təməlində dayanan əsas amildir. Bütün bunlar Böyük Britaniyanın Azərbaycanın inkişafında oynadığı aparıcı roldan xəbər verir”.
N.Həmzəyev qeyd edib ki, Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə Dövlət Naziri Vendi Mortonun ölkəmizə iki günlük səfəri Azərbaycan-Böyük Britaniya dostluğunun, əlaqələrinin yüksək səviyyədə olmasına nümunədir: "Müxtəlif sahələri əhatə edən səfər çərçivəsində "yaşıl energetika”nın inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər də yer alıb. Ölkə Prezidenti İlham Əliyev 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasını hədəf kimi müəyyənləşdirib. Dövlət başçısının imzaladığı sərəncamlar nəticəsində Azərbaycanda energetikanın digər sahələrində olduğu kimi, bərpaolunan enerji mənbələrindən istifadə sahəsində də əlverişli investisiya mühiti yaradılıb, özəl sərmayələrin cəlb edilməsi və irimiqyaslı layihələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Qarşıdakı 10 il ərzində təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulur. Bu vəzifənin məhz özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılır.
Böyük Britaniya bərpa oluna bilən enerji sektorunda və təmiz enerji istehsalında dünya lideridir. Külək enerjisi, yaşıl maliyyə və tullantıların idarəolunması üzrə aparıcı ölkə olan Birləşmiş Krallıqla Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq imkanları, həmçinin işğalından azad olunmuş ərazilərdə yaşıl enerji zonalarının yaradılması istiqamətində öz sözünü deyəcək, yetərincə günəş və külək enerjisi ilə zəngin Qarabağı və ətraf rayonları "yaşıl enerji” zonalarına çevirəcək”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, Vendi Merton Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri qismində Azərbaycana ilk səfər edən britaniyalıdır: "Təbii ki, Azərbaycan-Britaniya münasibətləri müasir xarici siyasət fəaliyyətimizdə kifayət qədər vacib istiqamətləri əhatə edir. Bu gün iki tərəf arasında münasibətlər dostluq və tərəfdaşlıq əlaqələrinin bariz nümunəsidir. Tərəflər arasında münasibətlərin yaşı 100 ildən artıq olsa da, məhz son illər Bakı və London arasında əlaqələr geoiqtisadi və geosiyasi tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Hələ müstəqillik illərinin ilk vaxtlarından başlayan əməkdaşlıq, tədricən iki tərəf arasında əlaqələrin daha da genişlənməsinə gətirib çıxarıb.
Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin apardığı siyasəti xüsusilə qeyd etmək lazımdır. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Britaniya ilə sıx təmasları, onun 1994-cü ildə bu ölkəyə səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açıb. Səfər zamanı Azərbaycan və Britaniya arasında "Dostluq və əməkdaşlıq haqqında birgə Bəyannamə” imzalanıb. Nəticədə, 1994-cü ilin 20 sentyabr tarixində Britaniya şirkətinin ən çox paya malik olduğu "Əsrin müqaviləsi” imzalanıb”.
Z.Məmmədov vurğuladı ki, müasir beynəlxalq proseslərdə transmilli şirkətlərin rolunun təmsil etdikləri dövlətlər üçün olduqca vacib amil olmasını da nəzərə alsaq, bu gün əminliklə deyə bilərik ki, BP-nin bu illər ərzində Azərbaycandakı varlığı London və Bakı arasında da əlaqələrdə isidici rol oynamaqdadır: "Ölkəmizə 30 milyard dollara yaxın sərmayə yatırmış Böyük Britaniya Azərbaycanda ən böyük investordur. Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən 600-ə yaxın Britaniya şirkəti qeydiyyatdan keçib.
Digər tərəfdən, Azərbaycan və Britaniya arasında münasibətlərə nəzər saldıqda, ilk baxışda iqtisadi münasibətlər, enerji sahəsindəki strateji əməkdaşlıq diqqəti cəlb etsə də, əslində, iqtisadi sahədə münasibətlərin inkişafı tərəflər arasında siyasi dialoqun effektivliyinin və ortaq geosiyasi çağırışların nəticəsidir. Bu dövlətin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı olaraq son 30 il ərzində prinsipial mövqe tutması da ikitərəfli münasibətlər üçün çox vacib amildir. Hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən 853-cü qətnaməsinin qəbul olunması birbaşa Böyük Britaniyanın təşəbbüsü ilə onun sədrliyi dövründə baş tutdu. Həmin vaxtdan sonrakı illər ərzində Azərbaycan Böyük Britaniya ilə siyasi-diplomatik münasibətlərin yeni, daha yüksək səviyyədə qurulması üçün aktiv, intensiv siyasi dialoq aparıb ki, biz 44 günlük müharibə dövründə də bunun əyani şahidi olduq. Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında müharibənin başlanmasından bir müddət sonra BMT-nin Təhlükəsizlik Şurasında bəzi dövlətlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-obyektiv, qərəzli mövqeni əks etdirən bəyanatın qəbul etməsinə nail olmaq istəyərkən, məhz Britaniya buna yol verməyib. O zaman Britaniyanın BMT TŞ-dəki daimi nümayəndəsi Barbara Vudvordun çevik və prinsipial mövqeyi ədalətin bərqərar olmasına kömək etmişdi.
Təbii ki, bütün bu müsbət məqamlar Azərbaycanın apardığı rasional və strateji hədəflərə istiqamətlənən xarici siyasət nəticəsində mümkün olub. Prezident İlham Əliyev bu illər ərzində digər vektorlarla münasibətlərdə olduğu kimi, Bakı və London arasında da daim gələcəyə hədəflənən və dövlətimiz üçün həssas olan məqamların həllini hədəf götürən siyasət aparıb. Beləliklə, son 30 ilə yaxın dövr ərzində Bakı və London ortaq və qarşılıqlı maraqlar əsasında tərəfdaşlığa əsaslanan münasibətləri qurmağı bacarıb. Son hadisələr və bəyanatlar onu göstərir ki, Azərbaycan və Böyük Britaniya iki ölkə arasında formalaşmış mühüm əməkdaşlığı və tərəfdaşlığı gələcəkdə daha da genişləndirmək əzmindədir”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər