AZE | RUS | ENG |

100 ilin bir Günü

100 ilin bir Günü
1918-ci ilin 15 sentyabrında Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi dövlətlərimizin qardaşlıq simvolu, xalqlarımızın silinməz yaddaşıdır

Hər bir xalqın yaddaşına silinməz hərflərlə yazılan tarixi hadisələr var. 1918-ci ildə baş verən hadisələr də Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb. Həmin il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Bakının erməni-bolşevik işğalından azad edilməsi heç vaxt unudulmayacaq. 1918-ci ilin 15 sentyabrı Azərbaycan-Türkiyə dostluğunun ən böyük qələbəsinə nail olduğu gün idi.
Həmin dövrdə böyük tarixi sınaqdan çıxan bu dostluq bir əsrdir ki, yüksələn xətlə davam edir və edəcək də. Ona görə də 15 sentyabr hər il xalqlarımız tərəfindən böyük təmtəraqla qeyd edilir. Bu il sentyabrın 15-də Bakının Qafqaz İslam Ordusunun köməkliyi ilə düşməndən azad edilməsinin 100 ili tamam olur. Bu münasibətlə Bakının Azadlıq meydanında parad keçiriləcək.
Amma ilk olaraq tarixin bu şanlı səhifələrini bir az vərəqləyək və Bakının azad edilməsinin xalqımız üçün tarixi əhəmiyyətindən danışaq. 1918-ci il may ayının 28-də Tiflisdə Azərbaycan müstəqilliyini elan etdi və cümhuriyyət quruldu. Paytaxt isə müvəqqəti olaraq Gəncə oldu. Təəssüf ki, Bakı düşmən əlində idi. Azərbaycanı Bakısız təsəvvür etmək mümkün deyildi. Məhəmməd Əmin Rəsulzadənin təbirincə desək, Azərbaycan bədən idisə, Bakı baş idi. Və başla bədən mütləq şəkildə birləşməli idi. Təbii ki, dövrün ziyalıları ölkədə gedən prosesləri düzgün analiz edib qiymətləndirərək, Bakının azad edilməsində xarici yardıma ehtiyac olduğunu duyurdular. Çünki həmin dövrdə müstəqilliyini yenicə əldə etmiş bir dövlətin kifayət qədər hərbi qüvvəsi yox idi. Bu yardımı göstərəcək dövlət isə qardaş Osmanlı oldu. Bəs nə üçün Osmanlı dövləti? Çünki ilk olaraq bu, Batumi müqaviləsinin 4-cü maddəsinə görə, Osmanlı dövlətinin öhdəliyi idi. Digər tərəfdən Azərbaycana işğalçı yox, xilaskarlıq yürüşü edəcək yeganə dövlət qardaş Türkiyə idi. Belə bir şəraitdə qardaş ölkənin hərbi naziri Ənvər Paşanın başqa çıxış yolu yox idi. O, qardaşı Nuru Paşanın komandanlığı ilə ordu yaratdı. Beləliklə, tarixə adını qızıl hərflərlə yazdıran Qafqaz hərəkatı başladı.

Qafqaz İslam Ordusu 
 
Bu məqamda bir sual yaranır. Nəyə görə ordu Qafqaz Türk Ordusu yox, Qafqaz İslam Ordusu adlandırıldı? Tarixi mənbələrə müraciət etdikdə, bu suala fərqli cavablar tapırıq. Ən əsas səbəb Bakı azad edildikdən sonra siyasi problemlərin yaranmaması və ordu cərgələrini doldurmaq üçün yerli əhalidən istifadə edilməsi məqsədi idi. Onu da qeyd etmək lazımdır ki, Osmanlı dövlətində tarixən türkçülüklə bərabər, islamçılıq amili də geniş yayılmışdı. İslam amilinin siyasi dairələrə hopması ilə türk olmayan məmləkətlərdə möhkəmlənmək üçün bu amildən istifadə olunurdu. Məsələn, Yaxın Şərq ölkələrində əhali türklərdən ibarət olmadığı üçün onları yalnız İslam adı altında birləşdirmək olardı. Bundan başqa, həmin dövrdə Almaniya Türkiyə ilə müttəfiq idi və Rusiya ilə razılıq əsasında Türkiyənin Azərbaycan torpaqlarına girməsini, Bakını azad etməsini istəmirdi. Bunun üçün də hər vəchlə bu ordunun yaranmasına qarşı çıxırdı. Bütün bu səbəblərdən də ordunun adındakı "türk” sözü, "İslam” sözü ilə əvəzləndi. Əslində bu, o dövr üçün olduqca düşünülmüş və yerində atılmış bir addım idi. AXC-nin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasında və bu dövrdə Azərbaycan xalqının real qırğınlardan xilas edilməsində Qafqaz İslam Ordusunun rolu misilsizdir. Bu hərəkat Azərbaycan-Türkiyə siyasi, hərbi qardaşlığının yüksək zirvəsidir.

Bakı dünya dövlətlərinin hədəfində 

XX əsrin əvvəllərində Bakı xarici dövlətlər üçün olduqca əhəmiyyətli şəhər idi. Bir çox dövlətlər Bakıya Cənubi Qafqazın açarı kimi baxırdılar. Onlar üçün Bakı təkcə Azərbaycana və Cənubi Qafqaza deyil, Xəzərə sahib olmaq demək idi. Xəzər üzərindən də Şimali Qafqaza, o cümlədən Orta Asiyaya nəzarəti ələ keçirə bilərdilər. Yəni Azərbaycan bir növ qızıl körpü rolunu oynayırdı. Həmçinin Bakı zəngin neft mənbəyi idi. Birinci dünya müharibəsinin son mərhələsində belə bir şəhərə sahib olmaq hər bir ölkə üçün ən böyük uğur olardı. Bütün ölkələr də bunun fərqində idilər. Ona görə də Bakının işğaldan azad olunmamağı üçün əllərindən gələni edirdilər. Lakin bu alınmadı. Osmanlı dövləti güclü ordusu ilə köməyə gəldi. Osmanlı dövlətinin bu strateji yola və neft mənbəyinə yiyələnməsi üçün sosial, etnik baxımdan problemləri yox idi. 
 
Nuru Paşa

Tarixi mənbələrdə qeyd edilir ki, o dövrdə Nuru Paşa kifayət qədər hərbi uğurları ilə seçilən biri olduğundan ziyalılarımız orduya məhz onun rəhbərlik etməsini xahiş ediblər. İstiqlal hərəkatının fəal üzvü Nağı bəy Şeyxzamanlı öz xatirələrində yazır ki, Ənvər Paşa ilə görüş zamanı mən özüm ona yaxınlaşıb qardaşını Qafqaz İslam Ordusunun komandanı təyin etməsini xahiş etdim. Əlbəttə, müharibə dövründə işğalçılıq yox, məhz xilaskarlıq yürüşünü Ənvər Paşa ancaq ögey qardaşı Nuru Paşaya əmanət edə bilərdi. Tarixi faktlarda Nuru Paşa şəxsiyyəti kifayət qədər geniş şəkildə mədh edilir. Hətta demək olar ki, xalqımız ona öz milli qəhrəmanı kimi də baxır. Təbii ki, Nuru Paşanın 100 il əvvəl xalqımız, dövlətimiz üçün etdiklərini unutmaq olmaz.
İngilis jurnalist Skotland Liddel Nuru Paşa ilə olan görüşündən danışır və ilk olaraq Bakının tutulması haqqında sual verdiyini deyir. Nuru Paşa cavabında bildirir ki, mən Bakı haqqında danışmaq istəməzdim, lakin siz bu mövzuya toxundunuz: "Yalnız onu deyə bilərəm ki, mən borcumu yerinə yetirdim. Vicdanım qarşısında özümü günahkar hesab etmirəm”. Müəyyən müddət sonra bəzi anlaşılmazlıqlar baş versə də, Nuru Paşa yenidən Azərbaycanın müstəqilliyi uğrunda döyüşən hərbçi oldu.
 
Bakının azad edilməsinin əhəmiyyəti 

Bakının azad edilməsinin böyük tarixi əhəmiyyəti var idi. Türkiyə ilə qardaşlığının sayəsində Azərbaycan tarixi paytaxtına, milli, mənəvi, elm və mədəniyyət mərkəzinə qovuşdu. Bakının azad edilməsi ilə 1918-ci ilin 15 sentyabrı tarixə böyük gün kimi qızıl hərflərlə yazıldı. Bakının azad edilməsi ilə düşmənlərimizin Azərbaycan haqqında olan mənfur siyasətinə son qoyuldu. Bununla da Bakı milli qüvvələrin cəmləşdiyi mərkəz oldu. Ən əsası, 1918-ci ilin yazından başlayan soyqırımına son qoyuldu. Bakının azad edilməsi milli dövlətçilik tariximizdə misilsiz və eyni zamanda şanlı bir hadisə olaraq 100 il sonra da böyük qürur hissi ilə anılır və şərəflə qeyd edilir.
 
Günel Azadə

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000