AZE | RUS | ENG |

“100-dən artıq CV göndərdim, 50-dən çox müsahibəyə getdim”

“100-dən artıq CV göndərdim, 50-dən çox müsahibəyə getdim”
Leyla Surxayzadə: “Mənim üçün hər şey macəra kimi görünə bilər”

İşə yalnız işləmək kimi baxmır, həm də öyrənmə prosesi olduğunu düşünür. Həm işləyir, həm də ətrafdakı insanların təcrübəsindən nələrsə götürür. "Sevdiyiniz işlə məşğulsunuzsa, həyatınız boyu işləməmiş olursunuz” – fikrini özünə aid edir. Sevdiyi işlə məşğuldur, nə isə fayda verir, fayda götürür... Müsahibimiz "Code Academy”nin karyera mərkəzinin direktoru, İnsan Resursları mütəxəssisi, kouç Leyla Surxayzadədir.
 
- İş tapmaq, işə başlamaq, CV yazmaq və s. bu kimi mövzularda internetdə yazı və video formatda məlumatlarınıza rast gəldim. Maraqlıdır, bəs sizdə o dövr necə keçib? İşləməyə nə vaxt başlayıbsınız? 
- Universitet illərindən artıq işləməyə başlamışdım. Mənim təcrübəm belə oldu ki, ilk olaraq Bakı Dövlət Universitetinə qəbul oldum, orda iki il oxudum. Birinci kursdan sonra yay aylarında dil kursunda ingilis dilindən dərs keçirdim. Sonra burdakı təhsili yarımçıq qoyub Şimali Kiprdə təhsil almağa getdim. Orda oxuyanda elə birinci kursda universitetdə fəaliyyət göstərən karyera mərkəzində işləyə biləcəyimi düşündüm. Ən azından, könüllü başlaya bilərdim. Özüm də İR-nin idarəolunması fakültəsində oxuduğuma görə, mənim orda təcrübə keçməyim daha real idi, nəinki başqa bir yerdə. Karyera mərkəzinin rəhbəri ilə danışdım və orda işə başladım. Tədbirlər keçirirdik, şirkətlərlə əlaqələr qururduq, tələbələrə CV yazmaqda kömək edirdik. Başqalarına CV yazmağa kömək etdiyimə, müsahibələrə göndərdiyimə görə, artıq mənim özümdə də müəyyən qədər universitetdən sonra iş axtarmaqla bağlı təcrübə formalaşırdı.
İkinci kursda isə universitetdə qeydiyyat şöbəsində işləməyə başladım. Bu, texniki bir iş idi. İmmiqrasiyada möhür vurmaq kimi işlər idi. Amma hansısa bir işin parçası olmaq cəhətdən mənim üçün böyük iş idi. Nəsə iş görürdüm, tələbələrə yardım edirdim.
 

 
- Burdakı təhsilinizi niyə yarımçıq qoydunuz?
- Mən o vaxt beynəlxalq hüquq üzrə təhsil almaq istəyirdim. Universitetə qəbul imtahanında da 648 bal yığmışdım. İstədiyim fakültəyə düşəcəyimi fikirləşirdim. Lakin həmin il o fakültəyə keçid balı çox yüksək olduğun üçün, istədiyim ixtisasa deyil, amerikaşünaslığa qəbul oldum. Çox məyus idim, universitetə qəbul olsam da, ilk gün dərsə getmədim. Dedim ki, bu nə fakültədir, getmirəm. Amma sonra elə oldu ki, getdim və gördüm ki, yaxşı fakültədir. Çünki bütün dərslərimiz ingilis dilində idi. Əslində, maraqlı idi, amma mən başa düşürdüm ki, o ixtisası bitirəndən sonra iş imkanı dar çərçivədə olacaq. Ya Amerika səfirliyində hansısa vakant yer açılmasına ümid etməli idim, ya da tarixçi ola bilərdim. Hətta tarix müəllimi də ola bilməzdim. Ona görə, düşünməyə başladım. Bizdə hansı sahələrə tələbin olması, hansı sahələr üzrə kadrların çatışmadığını araşdırdım. Gördüm ki, sırf İnsan Resursları sahəsində xaricdə oxuyub gələn bir nəfər var.
 
- Niyə İR mütəxəssisliyi?
- Çünki insanlarla işləməyi sevirəm.
 
- Universiteti atıb xaricdə təhsil almaq istəyinizi valideynlər necə qarşıladılar? Belə hallarda deyirlər ki, bu təhsili bitir, sonra başqa nə istəsən oxuyarsan. Siz 3-cü kursa keçəndə bu addımı atıbsınız...
- Mən BDU-da ikinci kursda oxuyanda TOEFL-ə hazırlaşırdım, xaricdə təhsil almaq istəyirdim. Deyirdim ki, qəbul olsam, burdakını atıb gedib orda davam edərəm. Həmin vaxt Xaricdə Təhsil Dövlət Proqramına müraciət etmişdim. Bir çox ölkələrin universitetlərindən qəbul almışdım. Lakin həmin il beynəlxalq münasibətlər sahəsi dövlət proqramından çıxarıldı. Ona görə, istədiyim universitetə gedə bilmədim və 3-cü kursa burda başlamalı oldum. Amma bunu istəmirdim, nə isə etməli idim.

Valideynlərim görürdülər ki, bir ildir oxuyuram, əziyyət çəkirəm, imtahanlardan keçmişəm. Ona görə də əlavə narahatlıq istəmirdilər. Mən isə Şimali Kiprdən təqaüd qazanmışdım, getməli olduğumu deyirdim. Proseslər o qədər tez cərəyan etdi ki, valideynlərim reaksiya verə bilmədilər. 3 gün içində yığışıb getdim. Sonra valideynlərimlə telefonla danışanda deyirdilər ki, sən bizi elə bil hipnoz etdin ki... Məncə, bu, insanın özünə əminliyindən asılıdır. İlk növbədə siz özünüzdən əmin olmalısınız. İnanıb istəməlisiniz, bu zaman ətrafınızdakı insanlar artıq geri çəkilirlər, öz istəkləri ilə sizin qarşınıza sədd qoymurlar. Məndə də belə oldu.
 

 
- Xaricdə təhsil alarkən universitetdə çalışıbsınız. Bəs, təhsili başa vurandan sonra necə, iş imkanları oldumu?
- Universitetdən sonra qalıb işləmək üçün də şanslar var idi. Amma Şimali Kipr çox balaca, turistik bir yerdir. Orda şirkətlərin özü yox, daha çox filialları fəaliyyət göstərir. Ona görə, fikirləşdim ki, işləmək istəsəm, Türkiyəyə gedərəm. Ancaq mən Azərbaycana qayıtmağı düşünürdüm. "Öyrəndiklərimlə burda nəsə edim, sonra istəsəm, başqa ölkəyə gedərəm” deyə düşündüm.
 
- Universiteti 2013-cü ildə bitiribsiniz. O vaxt İR mütəxəssisliyi bizdə o qədər də aktual deyildi. Oxuyub qayıdandan sonra iş tapmaq prosesi necə keçdi?
- Əslində, bu ixtisası oxuyanda düşünürdüm ki, təhsili başa vurub qayıdan kimi bütün qapılar üzümə açıq olacaq, "gəl işlə” deyəcəklər. Amma gördüm ki, heç də elə deyil. Qayıdandan sonra iş tapmağım heç də asan olmadı. CV göndərirdim, bir xeyli müsahibəyə getdim. Elə o zaman kəsiyində yaxşı müsahibə təcrübəsi də yığmış oldum.
 
- Nə qədər CV, müsahibə oldu, təxminən?
- İlk işi tapmaq üçün hardasa 100-dən çox yerə CV göndərdim, 50-dən çox müsahibəyə getdim. CV göndərməklə kifayətlənmirdim, eyni zamanda hər birinə də aydın şəkildə indiyə qədər nə etdiyimi və nələr etmək istədiyimlə bağlı məktub yazırdım. Hər gün iki-üç şirkətə müsahibəyə gedirdim, hamısı da təcrübəmin olmadığını deyirdi. Hətta görürdüm ki, Bakıda psixoloq, müəllimlik oxuyan biri universitet illərindən hansısa şirkətə bu sahədə təcrübəçi kimi işə başlayıb, sonra vəzifəsi qalxıb, İR-də menecerdir, amma mən təhsil alsam da, orda deyiləm. Orda anlamışdım ki, Bakıda amerikaşünaslıq oxuya-oxuya İR üzrə işləməyə başlasaydım, bu sahədə daha çox irəli gedərdim, nəinki belə. Amma başa düşürdüm ki, bu təhsillə mən gələcəkdə nəsə edə biləcəyəm.
 

 
- Çox vaxt 5-10 CV- göndərəndən sonra gənclər həvəsdən düşürlər. Bu, sizdə olmurdu?
- Həvəsdən düşdüyüm, depressiyaya qapıldığım zamanlarım da olurdu. Hətta mən ilk iş yerimdən 3 ay sonra çıxmışdım. Gördüm ki, istədiyim iş deyil. Heç bir iş tapmadan çıxmışdım. Ona görə, yenə iş axtarışlarına başladım. Bir ay iş axtara-axtara özümü qınayırdım ki, başqa iş tapmamış gərək çıxmazdım. Amma təslim olmurdum, tədbirlərə qatılırdım, nə istədiyimi insanlara deyirdim. Lakin iş tapmağım ənənəvi üsulla oldu, CV göndərdim, çağırdılar. Eyni vaxtda iki işdən "hə” cavabı almışdım. Biri yeni açılan kurs idi. O biri də BMT-də təlimçi olmaq. İşsizlərə CV yazmaqda, müsahibəyə hazırlaşmaqda kömək etməli idim. İkincini seçdim, sevindim, çünki bir ay iş axtarmağıma dəymişdi.
 
- O yanaşmanın tərəfdarısınız ki, iş tapmamış işdən çıxmaq olmaz?
- Bu, insana görə dəyişir. İnsan var stabilliyi sevir, insan var riski. Mən risk edə bilən və riski sevən insanam. Ona görə mənim üçün hər şey macəra kimi görünə bilər. "İndi də bunu yoxlayım” deyə bilərəm. Stabilliyi sevən adam başqa bir iş tapmalıdır ki, rahat bu birindən çıxsın. Bəzi hallarda isə - son vaxtlar kouçinq etdiyim adamlarda da görürəm - iş o qədər dözülməz hala gəlir ki, ordan artıq çıxmalısan, çünki sağlamlığına pis təsir edə bilər. Belə məqamlarda "başqa iş tapana qədər qalım” düşüncəsi də səhv olardı.
 

 
- İR mütəxəssisi kimi özünüzü necə dəyərləndirirsiniz? 
- Bəzi hallarda aşırı tələbkar oluram. Görmürəm ki, bərabər işlədiyim insanlara qarşı çox tələbkaram. Hansı məqamların boş tələbkarlıqdan irəli gəldiyini hiss edirəmsə, onu düzəltməyə çalışıram. Öz üzərimdə çox işlədiyim vaxtlar olub. Mükəmməl işçi olduğumu deyə bilmərəm. Hazırda çalışdığım işdən danışsaq, bu işi görməyə çox motivasiyalıyam. Məncə, həvəsin varsa, pis bir işçi olmursan, sənə kimsə nəzarət etmədən öz işini görürsən.
 
- Kouç kimi də fəaliyyətiniz var. Bir az da bundan danışaq...
- Kouçinq - insanların könüllü, şüurlu və planlı şəkildə daxil olduqları öyrənmə və şəxsi planlı fərdi inkişaf prosesidir. Həyatlarında müsbət dəyişikliklərə qərar verən insanlar yüksəlmək istədikləri inkişaf pillələrinə çatmaq üçün Kouç (ing. Coach) adlanan şəxsi inkişaf müəlliminin müşayiəti ilə ruhi və zehni yolçuluğa başlayırlar.
Bu fəaliyyətə elə BMT-də çalışarkən başlamışdım. Kouçinqin nə olduğunu isə Tony Robbinsin "İçindəki divi oyandır” kitabından, 2011-ci ildə öyrənmişdim. O zamanlar çox çətin bir dövrdən keçirdim və o kitab mənə bir psixoloq və kouç kimi kömək olmuşdu. Daha sonra GR8 şəxsi və professional inkişaf klubunu təsis edərkən 200-dən çox insanla konsultasiya apararaq bu fəaliyyəti genişləndirdim. İndi isə Beynəlxalq Kouçinq Federasiyasının (ICF) sertifikasiya proqramındayam. Bu təlim proqramını bitirdikdən sonra beynəlxalq sertifikatlı peşəkar kouç kimi fəaliyyətimi davam etdirəcəyəm.
 
- Bir var işləyənlər, bir də var özünün tamamilə işə həsr edənlər...
- Bu məsələdə balansı qorumağın vacib olduğunu düşünürəm. İşləməyi sevirəm, bir bazar günü evdə oluram, yaxud işdən uzaq oluram. O bazar günü istirahəti mənə yetir ki, 5 gün işləyim. Bütün həftəni işləyirəm, nəsə öyrənməyə çalışıram. Çünki mən işə yalnız işləmək kimi baxmıram, həm də öyrənirəm - ətrafımdakı insanlardan, həmkarlarımdan. Belə bir fikir də var ki, sevdiyiniz işlə məşğulsunuzsa, həyatınız boyu işləməmiş olursunuz. Mən özümü elə hesab edirəm. Sevdiyim bir işlə məşğulam, nə isə fayda verirəm, fayda götürürəm. Balans qorunanda, hər şeyə vaxt ayırırsan.
 
Aygün Asimqızı
 







 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000