• cümə, 29 Mart, 05:36
  • Baku Bakı 7°C

10-(u)luğu nişan alan “Xəzər” - Fotolar

05.10.17 09:30 6981
10-(u)luğu nişan alan “Xəzər” - Fotolar
Oktyabrın 3-də ailənizin "Xəzər”inin 10 yaşı tamam oldu. Xəzərin sahillərində məkan tutan bu kanal 10 ildə böyük bir yol qət edib. Bu gün ən gözəl çağlarını yaşayır. 2007-ci ilin oktyabrın 3-dən Azərbaycan televiziya məkanında öz layiqli yerini tutan kanal ölkəmizin ən reytinqli televiziyalarındandır. HazırdaAzerspace-1və Türksat 4A peykləri ilə, Azərbaycanın bütün kabel televiziyaları vasitəsilə yayımlanır. "Ailənizin Xəzəri” şüarı ilə yola çıxan "Xəzər” televiziyası milli dəyərləri daima qoruyaraq, mənəviyyata, əxlaq və tərbiyəyə zidd olmayan efir anlayışını özünə fəaliyyət prinsipi seçdi, öz tamaşaçılarına müasir dünya televiziyalarının texniki və dizayn imkanları ilə hazırlanmış proqramlar təqdim etdi və etməyə davam edir.

Biz də "Xəzər” ailəsini 10 yaşı münasibəti ilə təbrik edir, onlara tamaşaçı sevgisi və bol reytinq arzulayırıq. Təbrikləri eşitmək üçün elə "Xəzər” ailəsinin üzvləri ilə danışdıq.
"Əsas odur ki, sağlam komandamız var”
"Xəzər Xəbər”in əsas buraxılışının aparıcısı Xanım Yadigarlı isə deyir ki, bu kanalda çalışmaq onun üçün böyük bir şans oldu: "Bir ildən artıqdır ki, bu televiziyada çalışıram. Buraya öz istəyimlə gəlmişəm. Belə ki, televiziyaya CV verdim və işə qəbul olundum. Buraya gələndə ilk olaraq səhər verilişi apardım. İnformasiya ilə dolu maraqlı bir verilişə imza atdıq. Mövsüm finalına çıxdıqdan sonra isə rəhbərliyin təklifi ilə əsas xəbər buraxılışına gəldim. Mənim üçün belə qısa zaman kəsiyində etimad qazanmaq böyük xoşbəxtlikdir. Çünki "Xəzər” televiziyasında ailə ab-havası var. Burada gənclərə özlərini realizə etmələri üçün hər bir şərait yaradılıb. "Xəzər-xəbər” kollektivində gənclərin sayının çoxluğu buna bir misaldır. Belə ki, burada dünyagörüşlü, müasir baxışlı gənclərimizə daha çox yer verilir”.

Ad günlərini ailə ab-havasında keçirdiklərini deyən Xanım Yadigarlı bildirdi ki, hədəfləri böyükdür: "Hədəfimiz bəllidir. Böyükdən kiçiyə hər kəs hədəfə almışıq. İstəyirik ki, nümayiş etdirdiyimiz veriliş və xəbərlərlə müxtəlif yaş təbəqəsinin könlünə xitab edək. Bunun üçün də əlimizdən gələn hər şeyi edirik. «Xəzər» televiziyasına uzun ömür arzulayıram. İnşallah qarşımıza qoyduğumuz bütün hədəflərə çatacağıq. Əsas odur ki, sağlam komandamız var. İnanıram ki, biz bu komanda ilə daha böyük zirvələri fəth edəcəyik”.
"Yenilik hər halı ilə hiss edilir”
"Nəsib olsa” verilişinin aparıcısı Nəsib Nur hazırda həm də 103 və 100.5 FM radiolarının da rəhbəridir. O, həm "Xəzər”in radiosunda, həm də televiziyasında çalışır. Deyir ki, televiziyaya yeni rəhbərliyin gəlişi ilə bura yeni bir nəfəs gəlib: "Ötən ilin mayın sonlarında televiziyaya dəvət aldım. "Xəzər” 103 FM və 100.5 FM radiolarının rəhbəriyəm. Bir il "Nəsib olsa” verilişi efirdə nümayiş olundu. Radiolara lazım olduğum üçün orada da fəaliyyətimi davam etdirirəm”.

N.Nur deyir ki, kanalda yenilik hər halı ilə hiss edilir: "Yeni rəhbərliyin gəlişi ilə televiziyaya gənclik, enerji, yeni ideyalar gəldi, daha gözəl şərait yaradıldı. İstedadlı gənclərə geniş imkanlar açıldı. Arzu edirəm ki, neçə belə yubileylərimizi bir yerdə qeyd edək. Onu da qeyd edim ki, kollektivimizin sayı da ilbəil artır. Burda istedadlı insanlara xüsusi şərait yaradırlar. Gözəl komandamız var. Rəhbərlik başda olmaqla bütün komandamıza uğurlar arzulayıram. Arzu edirəm ki, "Ailəmizin Xəzəri” elə "Ailənizin Xəzəri” olaraq qalsın. Bizə baxsınlar, bizi dinləsinlər, çünki biz ailənin hər bir üzvünə xitab edən bir qurumuq”.
"Eyni istək və arzularla davam edəcəyik”
Uzun müddətdir ki, "Xəzər” televiziyasında bir çox seriallara yön verən, hazırda "Ata ocağı” serialının rejissoru olan Rüfət Şahbazov deyir ki, artıq 7 ildir ki, bu televiziyada çalışır: "Xəzər” televiziyasının bütün əməkdaşlarını təbrik edirəm. 7 ildir ki, bu televiziyada serial çəkilişləri ilə məşğulam. Belə ki, burda "Aramızda qalsın”, "Qaynana”, "Bir ailəm var”, "Ata ocağı” və s. seriallar çəkmişik. Bizimlə böyük bir komanda çalışır. Azərbaycan televiziya məkanında çalışan say-seçmə rejissorların yolu "Xəzər”dən keçib. Özünü "Xəzər” televiziyasının bir hissəsi hesab edən hər kəsi təbrik edirəm. Azərbaycanın ən çox reytinqli kanallarındandır. İstəyim budur ki, "Xəzər” ölkədə olduğu kimi Azərbaycandan kənarda da tanınmış televiziya olsun. Necə ki, indi bu televiziyanı örnək göstərirlər, bundan sonra da bu ənənə davam etsin. Ən böyük arzum Azərbaycan televiziyalarının reklam büdcəsinin günü-gündən böyüməyini görməkdir”.


Uzun illər "Xəzər” televiziyasının seriallarının bir çoxlarında baş ssenarist vəzifəsində çalışan, hazırda "Ata ocağı” və "İmtahan” seriallarıının baş ssenaristi Valeh Əhmədov isə bizimlə söhbətində bildirdi ki, bu televiziyaya yalnız istedadlı insanlar cəlb olunur: "Artıq 8 ildir ki, "Xəzər” televiziyasında çalışıram. İlk gəldiyim günlərdə aparıcı və prodüser vəzifələrində çalışdım. Bizim "Mix şou” adlı verilişimiz var idi. KVN komandalarından yığılan ən istedadlı insanlarla bir araya gəlib səhnəciklər hazırlayırdıq. Yavaş-yavaş verilişlərdə, şou proqramlarda ssenarist kimi çalışmağa başladım. 2011-ci ildə "Aramızda qalsın” serialı ilə fəaliyyətimizi davam etdirdik. Daha sonra davamlı olaraq seriallarda çalışdıq. Bu 8 il mənim üçün bir göz qırpımında keçdi. Həqiqətən də "Xəzər” televiziyası bizim üçün bir ailə oldu. Biz də öz ailəmizə sadiq qalmağa çalışırıq. Mən bu kanalın bütün rəhbərliyinə, üzvlərinə can sağlığı arzulayıram. Kollektivimiz peşəkarlardan təşkil olunub. "Xəzər” televiziyası ilə fəxr edirəm. Seriallarımızda hər zaman ailə dəyərlərinə önəm vermişik. Bundan sonra da eyni istək və arzularla davam edəcəyik. İnşallah "Xəzərin” 20, 30, 40 illiyini qeyd edək. Hər zaman istedadlı insanlara bizim kanalda yer olub. Kanalımızın bu yönünü çox sevirəm. Daima yanımızda olduğunuz üçün də, sizə təşəkkürlərimizi bildiririk”.
"Nə yaxşı ki, yolumuz məhz "Xəzər”dən keçdi”
Həftə içi yayımlanan "Hər şey daxil” verilişinin aparıcıları Sevil və Sevinc bacıları 10 yaşlı "Xəzər”ə sonsuz sevgi arzuladı: "Bizim bu kanala gəlişimiz təsadüf nəticəsində oldu. Belə bir təklif gələndə, onu düşünmədən qəbul etdik, dəyərləndirdik və bu da bizə çox uğur gətirdi. Nə yaxşı ki, biz "Xəzər”in bir üzvünə çevrilmişik və nə yaxşı ki, bizim yolumuz məhz "Xəzər”dən keçdi. Düşünürəm ki, gənclər bizdən nümunə götürməlidir. Qoy yaradıcılığa yeni gələnlər bir kanalda işləməklə də məşhurlaşmağın mümkün olduğunu bilsinlər. Yetər ki, seçiminiz doğru olsun. Artıq 4 ildir ki, "Xəzər” televiziyasında çalışırıq. Bu kanalda əziyyəti keçən bütün yaradıcı heyəti təbrik edir, onlara yaradıcılıq uğurları arzulayırıq”.
"İnsanların sağlam yaşamasında kiçik payımız varsa...”
"Həkim işi” verilişinin aparıcısı, dietoloq Tutu Zeynalova 4 ildir ki, "Xəzər” ailəsinin bir üzvü olduğunu deyir: "İnsanların sağlam qidalanması və bunu hansı şəkildə öz üzərilərinə tətbiq etməsi üçün mənə bir meydan lazım idi. Öz təcrübələrimi insanlarla bölüşmək üçün "Ailənizin Xəzər”inə üstünlük verdim. İşə "Sən demə” verilişi ilə başladım. İlk olaraq "Xəzər”in radiosunda maarifləndirmə işi ilə məşğul olduq. İnsanları sağlam qidalanma ilə bağlı maarifləndirməyə çalışırdım. Həqiqətən də insanların buna ehtiyacı var idi. Hər gün müəyyən qidalanma mövzusu üzrə insanlara məsləhətlər verirdik. 2016-cı ildən "Həkim işi” verilişi ilə efirə çıxdıq. Nəinki radio, hətta televiziya vasitəsi ilə tamaşaçılarla görüşdük. Əslində bu, maarifləndirici bir veriliş idi. Əgər bu gün insanların sağlam yaşamasında kiçik də olsa payımız varsa, nə xoş bizə”.

T.Zeynalova deyir ki, "Xəzər”in bir üzvüolmaq qürurvericidir: "Xəzər” media mərkəzinin işçilərinə uğurlar arzulayıram. Əslində, aparıcılar televiziyanın görünən tərəfidir. Bizim televiziyanın əməkdaşları çox zəhmətkeşdirlər. İşlərini sevirlər, peşəkardırlar. Nə qədər bizim komandada işlərini sevən insanlar var, bura hər zaman çiçəklənəcək və daha uğurlu işlərə imza atacaq. Təbii ki, "Xəzər”i hər zaman ailə kanalı olaraq görmək istəyirəm. Biz tamaşaçıların etimadını qazanmışıq. Bundan sonra da öz yolumuzla davam edəcəyik”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər