• cümə, 29 Mart, 17:27
  • Baku Bakı 14°C

10 ilə 13 kitab

16.06.15 10:55 1273
10 ilə 13 kitab
Amerikalı elmi-bədii romanlar müəllifi Con Skalzi “TOR” nəşriyyatı ilə tarixdə çox az rast gəlinən müqavilələrdən birinə imza atıb. “independent”in məlumatına görə, nəşriyyat ilə 10 ildə 13 kitab üçün müqavilə imzalayan məşhur bestseller müəllifi bu müqavilə ilə 3,4 milyon dolların sahibi olacaq. İndiyə kimi Amerikanın müxtəlif nəşriyyatlarının imzası altında 19 kitabı işıq üzü görmüş və demək olar ki, hamısı böyük maraqla qarşılanmış 46 yaşlı müəllif ən məhsuldar illərinin hələ qarşıda olduğunu düşünür: “İşlədiyim nəşriyyatlarla müqavilələrimiz bitmişdi. Uzunmüddətli müqavilə təklif edən nəşriyyatların təkliflərini dəyərləndirirdim. “TOR”-a yazmağı planlaşdırdığım 13 əsərin ana xətləri, süjeti və qəhrəmanları ilə getdim və bununla hələ özümü məhsuldar hiss etdiyimi, uzunmüddətli müqavilə imzalamaq niyyətində olduğumu çatdırdım. Ağlıma gəlməzdi ki, mənə 10 illik müqavilə və hətta 13 kitablıq müqaviləyə şəriklik təklif edilər. Düzdür, bir xeyli təəccübləndim, amma nəticədə yaxşı bir təcrübə və əməkdaşlıq olacağına inandığım üçün razılaşdım”.
Müqavilə ilə bağlı mətbuat konfransında danışan müəllif “Yaşlı adamın mübarizəsi” əsərinin növbəti kitabının təqdimatını da edib. C.Skalzi həmçinin imzaladığı müqavilə ilə yeniyetmə və gənclər üçün də kitab yazacağının mesajını verib. Belə ki, “TOR”-la imzalanan müqavilə nəticəsində işıq üzü görəcək kitablardan 3-ü yeniyetmə və gənc oxucular üçün nəzərdə tutulub.
“Yaşlı adamın mübarizəsi” (“Old Man’s War”), “Qırmızı formalılar” (“Redshirts”), “Məhbəs” (“Lock In”), “Sonuncu koloniya” (“The last colony”) kimi əsərlərə və eyni adlı sənədli film və teleseriallara ssenaristlik etmiş müəllif ilə müqavilə imzalayan “TOR” nəşriyyatından bu müqaviləni imzalayan tərəflərin bir-birlərini razı edəcəyinə inandıqlarını bildiriblər. Nəşriyyatın aparıcı və qocaman redaktorlarından Patrik Nyelsen Hayden deyib: “Conun ilk kitablarının ilk nüsxələrinin satış göstəricilərinə diqqət yetirəndə onun orta oxucu auditoriyalı yazar olduğu düşünülür, əslində isə bestseller müəllifləri siyahısında onun adına hər dəfə rast gəlirik. Bu isə o deməkdir ki, bir nəfər ilk dəfə onun kitabını alır, sonra isə hər dəfə bir Skalzi əsəri axtarır və yaxın çevrəsində onu təbliğ edir. Biz də bu mərhələni və göstəriciləri dəyərləndirdik, nəşriyyatımızın tarixi boyu ilk dəfə belə uzunmüddətli müqavilə imzalamağa qərar verdik”.
Bu qədər nəhəng bir müqaviləni imzalamağın gətirdiyi narahatlıqla bağlı sualı cavablandıran Skalzi deyib: “10 ildə 13 kitab – ilk baxışdan imkansız görünə bilər. Amma mən 2005-2015-ci illər arasında 19 kitab nəşr etdirmiş müəllifəm. Bu müqavilə yazmağıma və yaradıcılığa bir təzyiq, maneə olmayacaq, əksinə, yazıb nəşr edilməmək narahatlığı ortadan qalxıb”. Müəllifin nəşriyyat qarşısında yeganə şərti isə işin bundan sonrakı mərhələsində media ilə bütünlükdə nəşriyyatın məşğul olması ilə bağlıdır.
Məlumat üçün onu da bildirək ki, son dövrlərin bu tip nəhəng müqavilələrindən sonuncusu 2009-cu ildə yazıçı Alistar Reynolds ilə “Gollancz” nəşriyyatı arasında imzalanıb. “10 ilə 10 kitab” şərti ilə imzalanan müqavilə nəticəsində müəllifə 1,5 milyon dollar vəd edilib.
banner

Oxşar Xəbərlər