AZE | RUS | ENG |

1 saat 40 dəqiqəlik “həyat hadisəsi”

1 saat 40 dəqiqəlik “həyat hadisəsi”
Qatil və ya tənha qadının elegiyası...

Dünya ədəbiyyatı belə mövzularla çox zəngindir: Qatil... Qadın... Tənhalıq... Lakin bu mövzunun zənginliyi onun maraqlılığına, aktualllığına xələl gətirmir.

Milli ədəbiyyatımızda isə Azərbaycanın görkəmli dramaturqu, Xalq yazıçısı Elçinin müəllifi olduğu “Qatil” bu mövzuda yazılan əsərlərdən dərin məna qatı ilə, geniş əhatə dairəsi ilə, reallığı əyani şəkildə əks etdirməsi ilə fərqlənir. Aktual mövzulu bədii ədəbiyyat nümunəsi kimi müxtəlif teatrların səhnəsində geniş kütləyə təqdim olunur.

Yazıçının önə çəkdiyi problematik mövzu qadın tənhalığı, ümumiyyətlə isə insan mövcudluğunun bu konteksdə varolmasıdır. Tənhalıq mövzusu yazıçının qələmində

MÖHTƏŞƏM SİRR olaraq bir qadının simasında əsaslandırılır. Qadın və dünya, qadın və Allah, qadın və insanlıq (“dialoji personalizm”) özünün real boyalarla, estetik özəllikləri ilə, bununla yanaşı, üzücü yaşamı ilə gerçəkliyin ən acı nöqtələrindən biri olaraq qabardılmış olur.

MÖHTƏŞƏM SİRR
Akademik Milli Dram Teatrının səhnəsində rejissor Mehriban Ələkbərzadənin (Naxçıvan MR-nın Əməkdar İncəsənət Xadimi) yaratdığı tamaşanın ümumi kompozisiyasını mən belə də adlandırardım.

Diqqətinizə çatdırım ki, xanım rejissorun yenidən bərpa etdiyi tamaşa nə əvvəlki tamaşanın işlənməsidir, nə də tamamilə yeni tamaşa deyil. Tamamilə fərqli, yeni rejissor konsepsiyasının yeni aktyor ifasının “möhtəşəm sirr”li harmoniyasıdır.

Tənha qadının elegiyası lokal bir məkanı (qadının evi) əhatə edir. Müəllimə bu məkanı səliqə ilə düzülmüş ev avadanlıqlarından başqa, bir də gecələr düşüncələri və özü ilə təklikdə qalmamaq üçün uydurduğu şagirdlərin (məsələn Həsənzadə) varlığı ilə doldurur.

Cəmiyyətdə fəal bir vəzifəni (müəllimə) daşıyan qadın heç də tənha deyil. Ən azından ona görə ki, onun həyatını bəzəyən bir neçə əsas var. Və bir də ki... bu tənhalıq nisbidir. Sual oluna bilər, niyə də mən tənha olmayım? Mən Şərq ulduzundan, cənub küləyindən və ya aprel yağışından, və ya evdə olan hörümçəkdən də tənha deyiləm ki... Qadının seçdiyi ulduz da, ona olan yaxınlığı da (transsendalist) tənhalıqdan təbiətə, onun bir hissəsi olmağa çalışmağın bir yoludur.

Qadının tənhalıqda qurduğu “oyun” onun hərəkətlərini, psixoloji durumunu müəyyənləşdirir. Əgər o tənha deyilsə, onda nə üçün təklikdə-kimsənin olmadığı bir otaqda dəftərlərini yoxladığı şagirdləri ilə danışır. Ona görə yox ki, onun şagirdlərinə qeyri-adi, fövqalədə bir sevgisi var. Sadəcə, bu oyun vasitəsilə Qadın “bu gündən həzz almaq” duyğusunu itiməməyə çalışır, daha dəqiq desək, yaşamaq üşün ona səbəb və stimul lazımdır. Qadının qurduğu oyunun strukturu ona “yaşamaq”, “davam edən həyat” prosesinə qoşulmaq, bu prosesdə “selin axarı” ilə gedən insanlar kimi olmaq imkanı verir. Eləcə də, bu eyni zamanda bir otaq çərçivəsində həyacandan, “rahatolmayan” həyatdan kənar olmaq imkanı yaradır.
Insan tənha ola bilməz! Təklik-Allaha məxsusdur! Bu təklik (solipsizm) tənhalıq deyil. Ona görə də Qadın (əməkdar artist Münəvvər Əliyeva) müxtəlif ünsiyyət obyektləri seçərək bu darlıqdan, qeyri-normal yaşamdan azad olmağa çalışır.

Hər gün dəftərləri yoxlamaq, şagirdləri ilə danışmaq (qiyabi olaraq), bir neçə nəfərlik nəzərdə tutulan yemək hazırlamaq, evin səliqəsini pozacaq bir kimsənin arzulanması və... sonsuz şəkildə davam edən tənha gecələr. Aktrisanın çox səbrlə yaşadığı və nümayiş etdirdiyi təmkinli oyun onu elitar bir cəmiyyətin kübar bir üzvü kimi xarakterizə edir. Bu kübarlıqda qadın incəliyi, qadın gözəlliyi də əskik deyil. M.Əliyeva bu xarakterlərin bütöv bir vəhdətini - bura onun çılğınlığı da, küsəyənliyi də daxildir - canlandıraraq, tələsmədən “ulduz”unun, təbiətin onun sükunətini pozacaq “gözlənilməz qonağ”ın gəlişini seyr etməkdədir.

GÖZLƏNİLMƏZ QONAQ
Bir anlıq sükut pozulur... Leysan yağış kəsilmir... Sanki təbiət də bu qonağın gəlişinə biganə qalmır. O, özünün gəlişi ilə qısamüddətli xoşbəxtlik gətirir. Qadını bir qadın kimi xoşbəxt edir. Onun həyatını, yaşamını, gündəlik tərzini - hətta geyimini, adətlərini dəyişir. Və budur... ev dağınıqdır. Qadının həyatı kimi. Kimdir bu gözlənilməz və çağrılmamış qonaq?...

“Möhtəşəm sirr”in başqa bir qəhrəmanı. O, kosmik tənhalığın (qadından sadəcə fərqi bu) sahibidir. O da tənhadır. Özünün “yaşam proqramını” həyata keçirə bilmədiyi üçün, həyatın isə qısa və amansız olduğunu bildiyi üçün, “tarixdə heç bir iz qoya bilmədiyi üçün”... o da həyat kimi amansızdır, insanlara nifrət edir, sısqındır, qorxaqdır, yalançıdır. Hikmət Rəhimovun yaratdığı bu simanın vəhdətində Dostoyevskini Allah bilən cavan oğlan dayanır. Oğlan üçün “hətta Allah mövcud olsa belə, bu heç nəyi dəyişməyəcək” - çünki həqiqətdə o, ateist deyil, öz hərəkətlərinin məsuliyyətini dərk edən, ağıllı, hətta intelektual canidir.

Burada haşiyə çıxaraq məhz aktyor H.Rəhimovun emosional, hətta sözlə ifadə edə bilməyəcəyim qədər real qətiyyətlə səhnədə nümayiş etdirdiyi oyunu xüsusi olaraq qeyd etmək istərdim. Rejissorun gənc aktyora inanaraq həvalə etdiyi rol, bizə yeni bir simanı tanıtdırmış oldu.
Əlbəətdəki, oyun varsa, demək onun qaydalarana uyğun olaraq rəqib olan, əks mövqedə dayanan və bütün gücü ilə qalib gəlmək istəyən qarşı tərəf var. Qadının qurduğu oyunu Oğlan pozur. O bu oyuna qoşulmaq istəmir. Səbəb isə bəllidir. Qadının qurduğu oyunun qaydaları ona sərf etmir. Kitabxanaçı işləmək, cəsarətli insan olmaq, zəhmətlə pul qazanmaq; Bir də axı onun da öz “oyun”u var. Cinayət, oğruluq, yalan və ölüm.
Qadının tənhalığı onu ağır depressiyaya, təəsüfə, intihara, “ekzistensional vakuma” gətirib çıxartmır. Lakin... cəmiyyətin ali yaradılışlarında biri olan Oğlan - gözlənilməz qonaq nəcib bir qadını qatilə çevirir.

Sonda Qadın həyatın təkcə sadəlövh şagirdlərdən, parlaq Ulduzlardan ibarət olmadığını “yaşadığı həyat olaylarının” nümunəsində anlayır. O dünyanın, insanların onun üçün deyil, sadəcə özlərinin yaşamı üçün var olduğunu anlayır. Qadın dünyanın əsil mahiyyətinə varır. Biz yaşadığımız müddətdə dünyaya öz düşüncələrimizi, məqsədlərimizi “sırıyırıq”, əslində isə dünya düşüncə və məqsədlərin “dışında” mövcuddur. Belə dünyada ya yaşamaq lazımdır, ya “üz çevirmək” (narkomaniya, sərxoşluq) yaxud da intihar etmək. Qadın intiharı seçir... Öncə o, “dünya” bildiyi Oğlanı məhv edir - sonra isə dünyadan kənarda yaşaya bilməyəcəyi özünü - tənha Qadını.

Tamaşanın MÖHTƏŞƏM SİRRİ sonda özünün qəti məntiqini tamaşaçı üçün açıq-aydın tamamlamış olur. Qadın həyatının birinci dövründə yaşadığı “rahatlığı” dəyərləndirmir. Çünki, insan üçün mövcud olmaq - əzab çəkməkdir. Insan “rahatlığın” dəyərini o zaman anlayır ki, onda əzabın, ondan gələn acının nə olduğunu bilir. Amansız həyat labirinti kəskin və dolaşıq mövcudluğu ilə bir daha özünün amansız üzünü göstərmiş olur.

TAMAŞAÇI
Əlbəətdəki, oyun gedirsə, demək tamaşa var. Tamaşa varsa, demək onun tamaşaçısı var. Qonşu (xalq artisti Səidə Quliyeva) və onun yoldaşı Polis (əməkdar artist Elxan Quliyev) oyunun seyrciləridirlər. Qadının həyatının, bu gününün və sonunun görüntüləri bu insanların, köhnə qonşuların gözü qarşısında bütöv bir film kimi yaşanır.

Qonşu ənənəvi “ev qadını”nın, “evdar xanım” kimi milli anlayışların qəhrəmanıdır. S.Quliyevanın ifası bu məişət tərzini özündə çox səmimi əks etdirdiyi üçün AMDT-nın tamaşaçısı da onun hər replikasını alqışlarla qəbul edirdilər.

Polisin qələbəsi bu ailə dramının məğlubiyyəti və faciəsinin nəticəsində olur. O, neçə illərdir arzuladığı “Qatil”i tapır.

Mən əminliklə söyləyə bilərəm ki, tamaşanın “möhtəşəm sirr”lərindən biri də, bəstəkar Aygün Səmədzadənin müəllifi və ifaçısı olduğu bəstə idi. Əgər sadəcə bəstə adlandırmaq düzgünsə. Musiqişünasların daha yaxşı qiymətləndirə biləcəyi bu “əsər”i mən böyük sevgi ilə dinlədim. Həzin notların üzərində çalınan və həzin səslə ifa edilən bu “əsər” tamaşanın döyünən ürəyi kimi qəlbləri fəth etməyi bacardı. Tamaşanın ritmi ilə ahəngdarlıq təşkil edən kompozisiya rejissor tərəfindən zamanında və məqamında dəqiq işlədilmişdir.

Səhnə tərtibatında rejissorun video vasitəsilə daxil etdiyi məqamlar, xüsusilə Qadının yuxusunu əks etdirən kadrlar çox uzun sürsə də (bəlkə bu vaxt qazanmaq üçün lazım idi), tamaşaçını yormur, ümumi prosesə xələl gətirmirdi.

Rejissorun peşəkar işi - musiqinin, səhnə tərtibatının, aktyor oyununun vahid həlli- sayəsində tamaşaçılar milli səhnəmizdə psixoloji dram janrında son dərəcə maraqlı film-tamaşanı seyr etdilər.

MÖHTƏŞƏM SİRR kimi zövqümdə və qəlbimdə yaratdığınız 1 saat 40 dəqiqəlik “həyat hadisəsi”nə görə bütün heyətə təşəkkürlər və uğurlar!

Aygün Süleymanova
teatrşünas

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000