• cümə, 29 Mart, 12:44
  • Baku Bakı 14°C

1 milyon 200 min, yoxsa 618 min 363? Araşdırma

25.06.13 10:22 3653
1 milyon 200 min, yoxsa 618 min 363? Araşdırma
“Azərbaycanın həmişə deyildiyi kimi 1 milyon yox, 1 milyon 200 min qaçqın və məcburi köçkünü var”. Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov son 20 ildə ölkədə qaçqın və məcburi köçkünlərin sayının artdığını bildirib. Belə ki, 1 milyon qaçqın və köçkün sayı 1992-93-cü illərə aid olub və keçən 20 il ərzində ölkə əhalisinin təbii artımının 100:1 faizə nisbətinə əsasən, qaçqın və köçkünlərin də sayı artıb. İlə 10 min artmaqla bu rəqəm 1 milyon 200 minə çatıb. 9 milyondan çox əhalinin 1 milyon 200 mini qaçqın və məcburi köçkündür. “Yəni, dünyada hər 135 nəfərdən biri qaçqın olduğu halda, Azərbaycanda hər 8 nəfərdən biri qaçqındır. Bizim problem çox ağırdır”. Ə. Həsənov həmçinin qeyd edib ki, Azərbaycanın yaşadığı Dağlıq Qarabağ konflikti də dünyadakı konfliktlərə görə fərqlidir: “Dünyada olan bütün konfliktlərin içərisində yalnız iki-üç konfliktin bizim konfliktə oxşarlığı var. Qalanı hamısı ölkələrin daxilində yaranmış problemlərdir. Bizimki isə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranan konfliktdir. Azərbaycan vətəndaşları öz torpağında qaçqın və məcburi köçkünə çevriliblər”.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İdarəsinin isə (BMT QAK) 2013-cü il üçün bugünlərdə açıqladığı qaçqınlar, məcburi köçkünlər və sığınacaq axtaran şəxslər üzrə illik “Qlobal tendensiyalar” hesabatı isə Azərbaycanın yaydığı statistika ilə üst-üstə düşmür. Belə ki, qurumun hesabatına görə, 2012-ci ilin sonuna kimi Azərbaycanda 15 914 qaçqın, 600 336 məcburi köçkün, 2 113 sığınacaq axtaran şəxs var. Bununla ölkədə öz yerini dəyişmiş 618 363 şəxs olduğu bildirilir. “Bu rəqəm hökumətin, tərəfdaş QHT-lərin təqdim etdiyi və BMT QAK-ın öz rəqəmləri əsasında meydana çıxıb”.
Beynəlxalq qurumun hesabatının Azərbaycan dövlətinin açıqladığı rəsmi statistika ilə ziddiyyət təşkil etməsi maraq doğurur. Xüsusən Ermənistandan qovulan soydaşlarımızın qaçqın kimi tanınmamasını qurumun hesablama meyarının fərqli olmasından daha çox, özlərinin bu rəqəmlərdə maraqlı olmaması kimi dəyərləndirmək bəlkə doğru olar?
Ziddiyyətli rəqəmlər
Qaçqınkom”un mətbuat xidmətinin rəhbəri Elçin Qədimov məsələ ilə bağlı ünvanladığımız sualı belə cavablandırdı: “Onlar hesabatı yayıblarsa, bununla bağlı BMT QAK- ından məlumat alın. Bu məlumatı yayan onlardırsa, qoy özləri də cavab versinlər”.
BMT QAK-ın sahə məsələləri üzrə baş məsləhətçisi Elsevər Ağayev isə hesabata münasibət bildirərək qeyd etdi ki, “Qaçqınkom” Ermənistandan gələn qaçqınları da o siyahıya əlavə edib. Yəni Ermənistandan gələn qaçqınlar Azərbaycana gələndə 250 min nəfər idilər, indi rəqəm artıb və məcburi köçkünlərlə birlikdə 1 milyon 200 min olub. “Əli Həsənov qaçqın və məcburi köçkünlərin sayını birlikdə deyib. O siyahıda Ermənistandan olan qaçqınlar da var. “Qacqınkom”un bizə verdiyi rəsmi məlumatda onların sayı 600 mindən bir qədər artıqdır. Biz 600 min deyəndə yalnız məcburi köçkünləri nəzərdə tutmuşuq”.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Hüquq sektorunun müdiri Vüqar Qarayev BMT QAK-ın Ermənistandan gələn qaçqınları tanımaması fikrinə aydınlıq gətirərək bunu düzgün saymır:
«1951-ci ilin konvensiyasına, eyni zamanda, 1999-cu ildəki bizim “Status haqqında” qanunumuzda qaçqınlıq statusunun itirilməsi halları göstərilir. Həmin qanuna əsasən qaçqın düşmüş şəxs qaçqın düşdüyü ölkənin vətəndaşlığını qəbul etdikdə o, statusunu itirmiş hesab edilir. Biz də Ermənistandan qovulanlara 1998-ci ildə «Vətəndaşlıq haqqında» qanunla əlaqədar vətəndaşlıq vermişik. Buna görə də BMT QAK belə hesab edir ki, Ermənistandan olan 250 min qaçqınımızın artıq qaçqınlıq statusu itirilib. Lakin bu, düzgün deyil. Çünki bizim qaçqınların xüsusi statusu var. Bu, hərbi münaqişə nəticəsində əldə edilən statusdur. Biz 20-25 ildir Ermənistanla müharibə şəraitindəyik. Bu insanların orada əmlakı, mülkiyyəti qalıb. Onların bugünkü statusu hələ tamamilə müəyyən deyil. Bu gün ermənilər də istəyir ki, biz onların qaçqınlıq statusunu ləğv edək”.
V.Qarayev bildirib ki, ölkə prezidentinin 23 avqust 2001-ci il tarixli fərmanına görə, Ermənistandan olan qaçqınların siyasi statusu münaqişə həll olunana qədər saxlanılmalıdır. “Baxmayaraq ki, bəzi güzəştlər itirilib və bu insanların böyük əksəriyyəti yaşayış sahəsi ilə təmin olunub. Ancaq bu o demək deyil ki, onlar öz statuslarını itirməlidir. Yəni bu insanların hər biri geri qayıtmaq, ata-baba yurdlarında yaşamaq, öz əmlaklarına sahib olmaq istəyirlər. Hazırda Avropa Məhkəməsində bizim qaçqınların çoxlu müraciətləri var. Biz belə hesab edirik ki, onların qaçqın statusu saxlanmalıdır. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi nə qədər ki, həll olunmayıb, onlar qaçqın hesab edilir. Ona görə də biz bugünkü statistikada onların statusunu qanuni hesab edirik. BMT “Qaçqın statusu haqqında” qanunu əsas götürərək məsələnin mahiyyətinə varmadan statistika açıqlayıb”.
Hüquqşünas hesab edir ki, qaçqınların statusunun hesaba alınmaması müəyyən humanitar yardımların, köməkliklərin qarşısını alır: «Müxtəlif proseslərin müzakirəsi zamanı qaçqın hesab olunan şəxslərlə bağlı bu cür məsələlər önə çıxır. Ona görə də 250 min insanın taleyi həll olunmamış qalır. Biz belə hesab edirik ki, bu rəqəmlər BMT tərəfindən də vurğulananda və Avropa Şurasında bu məsələlərin müzakirəsi qeyd olunanda bu, bizim məsələnin də xeyrinə olar. Dağlıq Qarabağ probleminin həlli zamanı qeyd olunsa ki, 250 min insan Ermənistandan qaçqın düşüb, onda beynəlxalq ictimaiyyət də bu məsələ ilə yaxından maraqlanar». Hüquqşünasın sözlərinə görə, komitə sədri Əli Həsənov istər ölkə daxilində, istərsə də xarici ölkələrdəki bütün çıxışlarında 1 milyon 200 min qaçqın və məcburi köçkünün olduğunu vurğulayır: “Biz problemlə bağlı həmişə eyni mövqe bildirmişik».
Bir var, 500-600 min qaçqın, bir var, 1 milyon 200 min
Millət vəkili Çingiz Qənizadə hesab edir ki, BMT beynəlxalq qurum olduğu üçün bu cür məsələlərə kifayət qədər obyektiv yanaşma göstərməlidir: “Əgər problem mili münaqişə zəminində yaranıbsa, torpaq iddiası ilə bağlıdırsa və Qarabağ problemini yaratmaq üçün ilkin olaraq 200 mindən çox Ermənistanda yaşayan soydaşımızın qovulmaq prosesi başlayıbsa - bu statusları bir-birindən fərqləndirmək düzgün deyil. Bunlar hamısı Azərbaycan vətəndaşı və qaçqındır. Ən azı BMT deməli idi ki, 860 və ya 960 min Dağlıq Qarabağdan qaçqın düşənlər, 240 mindən çox Ermənistandan gələn qaçqınlar var. Bu baxımdan yanaşma düzgün deyil. Mən hesab edirəm ki, BMT-də bu məsələ ilə məşğul olan şəxslər problemin qoyuluşunda hansısa bir məqamı ötürüblər. Nəticədə səslənən statistikada təxminən 50 faizə qədər fərq var». Millət vəkili Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin açıqladığı rəqəmləri həqiqətəuyğun hesab edir: «Xatırlayıram ki, 8-9 il bundan öncə ABŞ səfirliyində Amerika Dövlət Departamentinin Azərbaycanda insan hüquqları ilə bağlı səsləndirdiyi açıqlamalarda iki il dalbadal 860 min qaçqının olduğunu göstərilmişdi. Mən onda etirazımı bildirdim və qeyd etdim ki, bizim 240 mindən də çox Ermənistandan gələn qaçqınlarımız var. Onlar da bildirdilər ki, bu məsələ onların tərəfindən araşdırılacaq. Belə çıxır ki, rəqəmlərin bu cür təhrif olunması və həqiqətin beynəlxalq təşkilatların dilində olduğu kimi əks olunmasında bu təşkilatlar özləri maraqlı deyil”. BMT QAK-ın yarımçıq statistikasından təəssüfünü dilə gətirən millət vəkili hazırda Azərbaycanda 1 milyon 200 min nəfərə yaxın qaçqın və məcburi köçkünün olduğunu bildirib: “Nəzərə alsaq ki, bu gün işğal olunan ərazilərdə yerləşən sərhədyanı kəndlərdə də insanlar artıq yaşamaqdan əziyyət çəkirlər, tez-tez snayper güllələrinə tuş gəlirlər və ordan da son illər xeyli insan öz təhlükəsizliyini qorumaq üçün ayrı-ayrı şəhərlərimizə üz tuturlar, onda vəziyyətin nə qədər çətin olduğunu anlamamaq mümkün deyil. Bu prosesin qarşısını almaq qeyri-mümkündür, Təəssüf ki, beynəlxalq təşkilatlar bu həqiqəti bəzən bilərəkdən görmək istəmirlər».
Millət vəkili BMT QAK tərəfindən rəqəmlərin dəyişdirilməsinin Azərbaycan üçün yarada biləcəyi problemə də toxunub: «Əslində Azərbaycan bundan heç nə itirmir. Biz öz torpaqlarımızı azad etdikdən sonra həmin bölgələrdə bərpa işlərinin aparılması Azərbaycan dövlətinin öz çiyinlərinə düşəcək. Heç bir xarici dövlət ora təmənnasız yardım etməyəcək. Sadəcə, bu statistika bizim mövqeyimizi gücləndirə bilər. Bir var 500-600 min qaçqın, bir var, 1 milyon 200 min qaçqın deyərək hayqıra bilirik». Millət vəkili hesab edir ki, bu rəqəmlərin yenidən müzakirə olunub dəqiqləşdirilməsi üçün Azərbaycan tərəfi səy göstərməlidir.
Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev isə hesab edir ki, BMT QAK-ın səsləndirdiyi statistika bugünlə bağlıdır: “Komitə sədri Əli Həsənov isə 1988-ci ildən başlayaraq Azərbaycanda məskunlaşan qaçqınların siyahısını verir. Ona görə rəqəmlər fərqlidir. 1998-ci ildə Ermənistandan gələn bütün qaçqınlar Azərbaycan hökuməti tərəfindən Azərbaycan vətəndaşı kimi tanınıb. Onlar bu gün Azərbaycanda qaçqın deyil, ölkənin vətəndaşlarıdır. BMT QAK-ı da həmin şəxslərə qaçqın deyə bilməz”. İB rəhbərinin sözlərinə görə, BMT yalnız o şəxslərə qaçqın deyir ki, onlar BMT-nin himayəsində olmuş olsunlar. “BMT-nin himayəsində olanlar ən yüksək halda 12 mindən çox olmayıblar. BMT özünə uyğun rəqəmləri öz himayəsində olan şəxslər barəsində səsləndirir. Yəni Azərbaycan hökumətinin himayəsində olan qaçqınlar qrupuna ayrı insanlar, BMT-nin himayəsində olanlara ayrılar aiddir. BMT o şəxsləri himayə edir ki, ya Azərbaycan hökuməti o şəxsləri himayə etməkdən imtina edir, ya da onların müraciətlərinə baxıb rədd cavabı verir”. Ə.Əliyev qeyd edib ki, Azərbaycanın da 1992-ci ildən qoşulduğu «Qaçqın statusunun müəyyənləşdirilməsinə dair Beynəlxalq Konvensiya”ya görə heç kəs vətəndaşı olduğu ölkədə qaçqın sayıla bilməz».
Bütün hallarda ikili vəziyyət yaranıb: ölkəmizin dünyaya təqdim etdiyi və əsaslandırılmış rəsmi statistika və onunla üst-üstə düşməyən beynəlxalq qurumun hesabatı. Həllini tapmayan münaqişə və qaranlıq qalan insan taleləri və bu insanların faciəsini dolğunluqla əks etdirməyən quru rəqəmlər. Bir-birini inkar edən “Öz doğma torpaqlarından didərgin düşən qaçqına vətəndaşlıq vermək, o demək deyil ki, onların qaçqınlıq statusu həll olunub” deyən Azərbaycan tərəfi ilə “BMT vətəndaşlığı olan insanları qaçqın statusunda görmür” deyən qurumun iddiaları. Ortada doğma torpaqlarından didərgin düşən, ev-eşiyini, mal-mülkünü itirən, maddi və mənəvi sarsıntılar keçirən, nəticədə qaçqınlıq həyatı qazanan insan taleləri var. Beynəlxalq qurumlar bu talelərə heç olmasa real vəziyyəti olduğu kimi əks etdirmək baxımından yanaşsalar heç rəqəmləri dəyişməyə də ehtiyac qalmaz…
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər