• cümə, 19 Aprel, 22:33
  • Baku Bakı 24°C

1 manat 50 qəpik və 154 növdə heyvan - Fotolar

29.07.14 10:06 25170
1 manat 50 qəpik və 154 növdə heyvan - Fotolar
Bakı Heyvanat parkı gənc ailələrin, həm uşaqların, həm də böyüklərin sevimli məkanı sayılır. Xüsusilə isti yay günlərində insanlar quşların civiltisini, vəhşi heyvanların nəriltisini duymaq və şəhərin səs-küylü ab-havasından uzaqlaşaraq özlərini təbiət qoynunda hiss etmək üçün Bakı Heyvanat Parkına üz tuturlar. Biz də ecazkar məkanın son vəziyyəti ilə maraqlanmaq və ziyarətçilərlə söhbətləşmək üçün sözügedən məkana yollandıq.
Qeyd edək ki, burada 154 növdə 1200 heyvan məskunlaşıb. Zoopark 40 növ məməli, 40 növ balıq, 11 növ sürünən, 63 növ quşun məskənidir. Bakı Heyvanat Parkında Afrika aslanı, Amur pələngi, yaquar, bəbir, Şotland ponisi, Avropa cüyürü, pavian qamadril, yenot, Nil timsahı, Afrika dəvəquşusu, ara tutuquşuları kimi bizim təbiətə xas olmayan heyvanlar da saxlanılır. Burada adı Qırmızı Kitaba düşmüş, nəsli kəsilməkdə olan heyvanlar da var. Bunlara nəcib maral, ceyran, qarasaqqal, qara kərkəs, ağbaş kərkəs, qartalların bir sıra növləri, meşə quşlarından qırqovullar, su quşlarından qızıl qaz, sultan toyuğu aiddir. Aralıq dəniz tısbağası və Amur pələngi yalnız Azərbaycanda deyil, bütün dünyada qorunur.
Zooparkı yaşlı və gənc “sakini”
“Gənclik” metrostansiyası yaxınlığında yerləşən “Bakı Heyvanat Parkı”na daxil olmaq üçün öncə bilet almaq lazımdır. Zooparka giriş haqqı azyaşlı uşaqlar üçün pulsuz, orta yaşlı uşaqlar üçün 1 manat, böyüklər üçün isə 1 manat 50 qəpik nəzərdə tutulub.
Səhər saat 9-dan axşam 9-a kimi fəaliyyət göstərən parkın hər saat müştərisi olur. Zooparkın qonaqları üçün girişdə sadə xidmət təklif olunur. Kiçik bir köşk və qarşısında bir neçə masa qoyulub. Açıq kafedə 1 çaydan çayın qiyməti 1 manatdır. Zooparkı gəzib yorulan ziyarətçilər burada kofe, çay, su içə və dincələ bilərlər.
Heyvanat parkına daxil olarkən bizi 7 ildir burada çalışan Samir Məmmədov qarşılayır. Zooparkın “sakinləri” haqqında məlumat verən müsahibimiz deyir ki, parkın ən yaşlı heyvanı dəvələrdir. Ən yeni “sakini” isə 1 aylıq maraldır. Heyvanat parkının işçisinin sözlərinə görə, parka xüsusilə yay aylarında gənc ailələr uşaqlarını gətirirlər. Tətil olmayan vaxtlarda isə parkın daimi qonaqları tələbələrdir: “Zooparkda hər yaşda insana rast gəlmək mümkündür. Hətta tələbələr çox vaxt təcrübələrini burada keçmək üçün rəhbərliyə müraciət edirlər”.
“Heyvanları insanlardan qoruyuruq”
Parka gələn ziyarətçi sayından razı qaldıqlarını dilə gətirən həmsöhbətimiz bəzi insanların heyvanlara əziyyət verməsindən şikayətləndi. Onun sözlərinə görə, ziyarətçilər heyvanları istədiyi yemlə yedirdir, nəticədə qida rasionlarını pozurlar: “Zooparka gələn bəzi insanlar heyvanlarımıza əziyyət edirlər. Məsələn, yayda dəvəquşuna dondurma verərək onun qida rasionunu dəyişirlər, sonra da internetdə yazırlar ki, dəvəquşu acından dondurma yeyir. Yaxud heyvanları, xüsusilə də meymunları o qədər qəzəbləndirirlər ki, onlar özlərini setkaya çırpıb yaralayırlar. Quşlar o qədər zərif heyvandır ki, adi kletkanı döyəndə ürəyi partlayıb ölə bilər. Bizim nə qədər heyvanımız tələf olur, onları yaranda görürük ki, sellofan “kulok” yedirdiblər. Dəfələrlə xəbərdarlıq etsək də, bəzi insanlar hələ də heyvanları qidalandırmağa cəhd göstərirlər. Bununla bağlı bir çox yerlərdə lövhələr də asılıb. Biz birtəhər həm heyvanları insanlardan, həm də insanları heyvanlardan qoruyuruq”.
Parkda ilana toxunanlar
Samirlə söhbətləşdikdən sonra Bakı Heyvanat Parkının seyrinə çıxırıq. İnsanların toplaşdığı ilanların və timsahların saxlandığı guşəyə yollanırıq. Xüsusilə ilanların başına toplaşan insanlar şəkil çəkdirmək üçün yarışa girmişdilər. Buna səbəb isə çox vaxt sakit şəkildə yatan ilanların şüşənin üzərində sürünməsi idi. Ziyarətçilər şüşənin üzərindən ilana toxunmağa çalışır, kimisi vahimələnir, kimisi də bu məqamda şəkil çəkdirdi. Buraya toplaşan ziyarətçilərdən biri də Ayseldir. Tələbə yoldaşları ilə zooparka gələn Aysel deyir ki, ilanların quruluşu onun zövqünü oxşayır: “İlan bəzi insanların qorxulu yuxusu olsa da, mən onları çox sevirəm. Düzdür, toxunmağa qorxuram, amma ilanların gözəlliyi məni həmişə özünə cəlb edib. Hər dəfə ona baxanda yatmış vəziyyətdə olur. İndi isə özünü bizə göstərirmiş kimi şüşənin üzərində sürünür. Çox maraqlıdır”.
Tamaşaçıları ilanlarla baş-başa qoyub flaminqoları ziyarət edirik. Hava isti olduğundan quşlar sərinləmək üçün gölməçəyə girmişdilər. Bayırdakılar isə tək ayaq üstündə dayanaraq sanki gözəlliklərini nümayiş etdirirdilər.
Sevgililərin görüş yeri
Müşahidələrimiz nəticəsində məlum oldu ki, ziyarətçilər quşlardan çox meymunları və vəhşi heyvanları izləməyə maraq göstərirlər. Uşaqların ən çox əyləndikləri heyvan isə meymunlardır. Meymunlar onlara yaxınlaşmadıqda isə, özlərinə məxsus səslər çıxararaq meymunları səsləyirlər. Nahid və Sevincin anası Sevil xanım deyir ki, uşaqları zooparka meymunları görmək üçün gəlirlər: “Meymunlar nəinki uşaqların, hətta mənim də əhvalımı açır. Onun hərəkətlərini izlədikdə çox əylənirəm. Meymunlar mənə şıltaq uşaqları xatırladır”.
Zooparkın ziyarətçiləri arasında gənc sevgililər də var. Onlar əl-ələ tutaraq heyvanlar haqqında qızğın müzakirələr aparırlar. Adlarının açıqlanmasını istəməyən sevgililər deyir ki, bura onların ən çox sevdiyi məkandır: “Biz artıq 2 ildir ki, sevgiliyik. İlk dəfə burada tanış olduğumuz üçün bu park bizim üçün doğmadır. Hər ay bir dəfə də olsa, heyvanları ziyarət edirik. Bizim ən gözəl günlərimiz bu məkanda keçib. İnşallah gələcəkdə övladlarımızı da buraya gətirəcəyik”.
Zoopark lazımsız məkandır...
Zooparkdakı heyvanlar onları izləyən ziyarətçilərə məhəl qoymadan yatır, yeyir, bir-birləri ilə oynayır, bəziləri də günəşin şüaları altında uzanırlar. Qəfəslərin ətrafında dolaşarkən canavarları müşahidə edən gənc xanım diqqətimizi çəkdi. Günel hesab edir ki, zoopark sadəcə insanların əyləncəsini təmin edən və heyvanların narahatçılığına səbəb olan məkandır: “Əsasən burada iki canavarın ayağını yerə sürtərək qəfəsin o baş, bu başına qaçması mənə çox pis təsir edir. Təbiətdə elə heyvanlar var ki, onlar sürü halında yaşamağa uyğunlaşıblar. Belə heyvanların qəfəsdə yaşamağı nə dərəcədə düzgündür? İnsanlar kimi heyvanlar da azad olmaq istəyir. Xüsusilə quşlar azadlıq simvoludur. Onları təbiətin gözəlliklərindən məhrum etmək heç də doğru deyil”.
“Əşşi, heyvandı da, heç nə olmaz”
Heyvanları müşahidə edən zaman əlində qarpız dilimləri ilə poniləri doyurmağa çalışan ailə diqqətimizi çəkir. Lövhədə yazılan “heyvanları yemləmək olmaz” yazılarına məhəl qoymayan bu ailə üzvləri onları yemləmək üçün “hazırlıqlı” gəlmişdilər. Gah uşaqlarını əyləndirmək üçün onlara qarpız verir, gah da heyvanları çörəklə qidalandırırdılar. Onlara lövhədə yazılanları xatırladıqda isə, “əşşi, heyvandı da, heç nə olmaz” cavabını alırıq: “Guya plakata kim məhəl qoyur ki, biz də fikir verək. Uşaqlarım onları yemləməkdən həzz alır. Biz də zəhər vermirik ki, yem verib qarınlarını doyururuq”.
Məlumat üçün bildirək ki, zooparkda heyvanları müşahidə etməkdən əlavə, müxtəlif əyləncə formaları da var. Ponidə gəzinti, müxtəlif attraksionlar daha çox uşaqların sevimli əyləncə vasitəsidir.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər