• çərşənbə axşamı, 19 mart, 09:59
  • Baku Bakı 8°C

1 dollara reklam imkanı yaradan sahənin menecerləri - Araşdırma

21.09.18 12:30 2735
1 dollara reklam imkanı yaradan sahənin menecerləri - Araşdırma
"Sosial media menecerliyi sahəsinə marağım 2013-cü ildən yaranıb. Hələ 3-cü kursda oxuyarkən feysbukda bir neçə səhifəni idarə edirdim. Düzdür, həmin dövrdə sosial media menecerliyi ifadəsi yox idi. Adi səhifə admini adlandırılırdı. Amma artıq ötən illər ərzində bu işin həm strukturu, həm də adı dəyişib. Ətrafımda kifayət qədər tanışım var ki, bu işlə bağlı mənə sual verir və bu sahəyə gəlmək istədiyini deyir”. Bu sözləri bizimlə söhbətində hazırda 13 səhifənin sosial media meneceri olan Mehdi Qəniyev deyir.

M.Qəniyevin sözlərinə görə son dövrlər gənclərin bu sahəyə maraq göstərməsinin ən böyük səbəbi onların iş elanları arasında ən çox "Sosial Media Meneceri axtarılır” ifadəsinə rast gəlmələridir. Əslində, bu fikirlə razılaşmamaq olmaz. Həqiqətən də əmək bazarına baxanda bu sahə üzrə mütəxəssisin daha çox tələb olunduğunu görürük. Ona görə biz də bu dəfə Sosial Media Menecerliyi (SMM) ilə bağlı araşdırma etdik.
Bizim şirkətlər sosial media ilə bağlı bütün işləri SMM-ə yükləyirlər
"Technol” şirkətinin marketinq direktoru Pərviz Əzimov qeyd edir ki, SMM-in işi şirkətin ümumi marketinq strategiyasını sosial mediaya tətbiq etməkdir: "2 il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir sıra yeni peşələrin strukturunu və iş prinsipini hazırlayırdı. SMM vəzifəsi də onlar arasında idi. İşçi qrupun tərkibində mən də var idim. Həmin layihədə hazırladığımız iş prinsipinə görə SMM bu gün Azərbaycan şirkətlərinin gördüyü SMM-dən çox fərqlidir. Əslində, SMM şirkətin sosial media hesablarını idarə edən şəxsdir. Bizim şirkətlər isə sosial media ilə bağlı bütün işləri SMM-ə yükləyirlər. Məsələn, "mətni də sən fikirləş, dizaynları da sən et, izləyicilərin müraciətlərini də sən cavablandır” deyirlər. Amma əslində isə, SMM-in işi şirkətin ümumi marketinq strategiyasını sosial mediaya tətbiq etməkdir. Bunun üçün də ilk növbədə şirkətin ümumi marketinq strategiyası olmalıdır. Daha sonra sosial media ilə bağlı plan nədirsə, o tətbiq olunmalıdır. Bundan başqa, SMM mövcud strategiya üzrə mətn yazana, dizaynerə tapşırıqlar verməli, şirkətin sosial mediada müştəri ilə əlaqələrin idarə olunması işini koordinasiya etməlidir. Təhsil məsələsinə gəlincə isə, SMM yeni sahə olduğu üçün əksər təhsil müəssisələrində bu ixtisas tədris olunmur. Buna görə də SMM-in konkret hansı sahədə təhsil alması nəzərdə tutulmayıb. Ancaq birmənalı olaraq marketinq kommunikasiyanı ilkin səviyyədə də olsa bilməlidir”.

Ümumi marketinq, kommunikasiya və rəqəmsal bilgilər önəmlidir
P.Əzimovdan son dövrlər bu sahənin aktuallaşmasının və gənclərin bura olan marağının artmasının səbəbini xəbər aldıq: "Əslində, bunun birmənalı səbəbi dünyanın sürətlə digitallaşmağıdır. Bu gün Azərbaycanda internet istifadəçilərinin 90 faizi eyni zamanda sosial media istifadəçisidir və bu, təqribən 2 milyondan çox insan deməkdir. Sosial media isə elə bir platformadır ki, ənənəvi media kanallarından fərqli olaraq burda hər şey ölçülə biləndir, burada hər bir müştəri ilə birbaşa əlaqədəsən, büdcə elastikdir və onu sən müəyyənləşdirirsən. Məsələn, hansısa televiziyada bir verilişə sponsor olmaq üçün 5000 AZN verməlisən. Sosial mediada isə 1 dollarla belə reklama başlaya bilərsən. Bəzən heç bir ödəniş etmədən belə, nəticə almaq mümkündür. 2015-ci il böhran dövrünün də sosial medianın inkişafına öz təsiri oldu. Şirkətlər artıq marketinq büdcələrini daha da optimallaşdırmaq məcburiyyətində qaldı”.
Həmsöhbətimiz bu sahədə uğurlu olmağın sirlərindən də danışdı: "Uğurlu SMM olmaq üçün ilk növbədə insan düşünməlidir ki, mən bu sahədə karyera qurmaq istəyirəm, ya yox?! Bu, vacib məsələdir. Çünki bəzən iş tapa bilməyənlər SMM olmaq istəyir. İkinci vacib nüans bu işi peşəkar öyrənməkdir. Bu gün bəzi səhifələrdə lağ mövzusu olan çoxlu paylaşımlar görürük. Buna səbəb işin peşəkarlara həvalə edilməməyidir. Peşəkarlıq üçün isə ümumi marketinq, kommunikasiya bilikləri və əlavə olaraq rəqəmsal bilgilər önəmlidir. SMM-in əsas işi alqoritmlərlə doğru işləyib, doğru hədəf kütləni seçməkdir. Bunun üçün də digital biliklər vacibdir”.
Burada karyera qurmaq daha asan və rahatdır
"PSG Management Systems”in konsultant, karyera planlama üzrə eksperti İlkin Məcidovdeyir ki, sosial şəbəkə üzərindən karyera qurmaq daha rahat və sərbəst olduğundan gənclər bu sahəyə yönəlir: "Sosial şəbəkədə işləyənlər üçün elə də ciddi tələblər olmur. Məsələn, ofis şəraitində işləmək, saat 9-da gəlib, axşam 6-da getmək məcburiyyətləri olmur. Təbii ki, bu işin də öz qayda və qanunları var. Amma müəyyən sərbəstliyin olması gənclərin marağına səbəb olur. Sosial şəbəkələr hazırda insanlar üçün özlərini ifadə etmələrində və ünsiyyət qurub, əlaqələrinin genişlənib formalaşmasında önəmli rol oynayır. Bundan əlavə, insanlar sosial şəbəkə üzərindən bir növ canlı "CV” profili formalaşdıra və hətta iş görüşmələrinin ilkin addımlarını da heç yerə getmədən evdə və ya olduqları yerdən edə bilirlər. Bu, həm zaman qazandırır, həm də məkan faktorunu aradan qaldırmış olur”.

Gənclər bu sahəyə pul qazanmaq üçün maraq göstərirlər
Pərviz Əzimovun da qeyd etdiyi kimi, SMM-lik hələ ki, heç bir təhsil müəssisəsində dərs kimi keçirilmir. Amma bu sahədə təlimlər keçən şirkətlər var. Onlardan biri də "Comunical” şirkətidir. Şirkətin rəhbəri, marketinq kommunikasiyaları üzrə mütəxəssis Tural Abbaslıdan "sizin təlimlərə müraciət edən gənclər arasında nəyə görə bu sahəyə yönəlmək istədikləri haqqında sorğu keçirmisiz?” - deyə soruşduq. O qeyd etdi ki, marketinq fəaliyyətinə aid olan və ya onunla paralellik təşkil edən müxtəlif istiqamətli peşə və ixtisaslar üzrə təlimlər keçirlər: "Gənclərimizin çoxu bu işə sadəcə olaraq pul qazanmaq üçün maraq göstərirlər. Onların əksəriyyətinin marketinqin əsasları haqqında təsəvvürləri belə olmur. Araşdırma apararkən görürük ki, gənclər hətta 10 manata belə bu işləri görürlər. Həkimlər, gözəllik salonları, kosmetoloji və psixoloji mərkəzlər, fitness və SPA mərkəzləri, kurslar məhz bu tip insanlarla işləməyə üstünlük verirlər. Normalda bu fəaliyyəti sağlam və ciddi şirkətlər 500-800 manat intervalında təqdim edirlər. Daha böyük korporasiyalar isə bu strukturu öz daxili resursları hesabına qurub işlərini davam etdirirlər”.
Bu sahədə "bum” yaşanmaqdadır
T.Abbaslı onu da qeyd etdi ki, ölkəmizdə bu sahənin akademik tədrisi yoxdur: "Hər şey burdan başlayır. Xaricdə təhsil almış gənc kadrlar isə gəncliyin verdiyi enerji ilə nələrinsə anidən dəyişməsini istəyirlər. Biz isə hesab edirik ki, bu, təkamül formasında baş verməlidir. Yəni, hər bir sahibkar tam olaraq mental cəhətdən bu işi qəbul etdikdən sonra təhsilli kadrlar istəməyə başlayacaq və o zaman nəinki kurs, məhz bu ixtisas üçün fakültələr yaradılacaq. Primitiv, oturduğu yerdə pul qazanmaqla bu işin gələcəyi olmayacaq. Odur ki, hamı maariflənməli və tələsmədən öz bilik və bacarıqlarını cəmiyyətimizə adaptasiya etməlidir”.
Bu danılmaz həqiqətdir ki, hazırda gənclərin bu sahəyə marağının artmasına səbəblərdən biri də tələb-təklif disbalansıdır. Yəni, şirkətlərin SMM-ə tələbi artıb. T.Abbaslı qeyd etdi ki, bu gün sosial media menecerliyi əslində, çox ciddi iş və yerinə yetirilməsi vacib olan marketinq kommunikasiya vasitəsidir: "Tələb və təklif prinsipləri əsasında formalaşan iqtisadi mühitdə sizin qeyd etdiyiniz nüansların mövcud olması normal haldır. Çünki, informasiya texnologiya əsrində yaşayırıqsa, bu zamanın vacib amillərindən olan digitallaşma qaçılmazdır. İnsanlarımızın - dolayısı ilə istehlakçıların əksəriyyəti digital platformalar, sosial şəbəkələr vasitəsi ilə öz ehtiyaclarına uyğun mal və ya xidmətlərin axtarışını, alqı-satqısını həyata keçirirlər. Məhz bu səbəbdən də şirkətlər öz kommunikasiya siyasətlərində bu nüansı nəzərə almaq məcburiyyətində qalırlar. Hazırda bu istiqamətdə bir "bum” yaşanmaqdadır. Lakin tam məsuliyyətimlə bildirmək istəyirəm ki, təməlində sağlam araşdırma, analiz, istehlakçı sorğuları dayanmayan SMM fəaliyyəti sadəcə olaraq "qonşudan dala qalmamaq” prinsipi ilə həyata keçirilən bir işdir”.
Dünya təcrübəsində vəziyyət necədir?
PR və kommunikasiya mütəxəssisi Azər Nəzərov deyir ki, xarici ölkələrdə sosial mediadan istifadənin xüsusi etiket qaydaları var: "Amerikada sosial media alətləri yalnız hansısa kampaniyanı aparmaq, məhsulu reklam etmək üçün deyil. Bu alətlərə ümumi olaraq şirkətin, qurumun, fərdin kommunikasiyasının digital platformada olan əsas hissəsi kimi baxılır. Ona görə bu kimi ölkələrdə sosial mediadan istifadənin xüsusi etiket qaydaları vardır. Yəni, sosial media hesablarını idarə edənlər hansı suala hansı tərzdə cavab verməli, bir suala cavab vermə müddəti nə qədər olmalı, səhifə standartları necə uyğunlaşdırılmalıdır, dəqiq məlum olur. Onlar SMM seçərkən sadəcə səhifəmizi idarə edən biri olsun deyə yox, həqiqətən sosial medianın fəlsəfəsini, kommunikasiyadakı rolunu anlayan birini seçirlər. Təbii ki, dünya ölkələrində də hamı bu sahəni tam peşəkar səviyyədə bilmir. Amma bunun məsuliyyətini tam mənası ilə dərk edirlər”.


Həmsöhbətimizdən dünya ölkələri ilə Azərbaycandakı vəziyyətin müqayisəsini soruşduq: "Bizdəki vəziyyətin çox pis olduğunu deməzdim. Çünki hazırkı vəziyyət 4-5 il əvvəlki ilə müqayisədə yaxşıdır. Hətta bir neçə dövlət qurumunda da görürük ki, onlar sosial media idarəçiliyinin məsuliyyətini anlayıb və kifayət qədər düzgün şəkildə istifadə edirlər. Bizdə SMM kimi işləyənlərdən həm kontent hazırlamağı, həm şəkillər üzərində müəyyən dizayn işləri görməyi bacarmaq tələb edilir. Təbii ki, SMM kimi işləyənlərin az da olsa, multimedia alətləri ilə işləməyi bacarması arzuolunandır və zamanla da bu vərdişlərə yiyələnirlər. Amma SMM kimi işləyəcək şəxs "mütləq dizaynı bilməlidir” deyə bir şərt yoxdur. SMM hansı fotonu, mətni sosial mediada paylaşmağı, bu zaman insanların reaksiyasının necə olacağın bilməlidir. Digər tərəfdən, SMM-lər auditoriyanı təhlil etməyi bacarmalıdır. Bəlkə də, dünya ölkələrindən fərqli olaraq hazırda bizim bu sahədə yaşadığımız ən böyük problem SMM-lərin bu analiz qabiliyyətinin olmamağıdır. Yəni, SMM olan şəxs auditoriyasını tanımalı, onlara necə müraciət edəcəyini bilməlidir. Ona görə mən tərəfdarıyam ki, SMM işə götürülərkən onun auditoriyanı tanıma qabiliyyəti yoxlanılsın, sosiologiyanı bilib-bilmədiyini soruşulsun”.
Günel Azadə

banner

Oxşar Xəbərlər