• cümə, 29 Mart, 13:31
  • Baku Bakı 14°C

1 dəqiqəyə 120 min söz oxuyan azərbaycanlı - İstedad

01.03.17 12:58 3156
1 dəqiqəyə 120 min söz oxuyan azərbaycanlı - İstedad

Dərslərinin çoxluğu, çatdıra bilməməsi onun qeyr-adi bacarığını üzə çıxarıb. Bir dəqiqəyə 120 min söz oxuyan azərbaycanlı yeniyetmə müəllimlərini və valideynlərini təəccübləndirməyə davam edir. Rubrikamızın qonağı sürətli oxumaq üzrə dünya rekordunu yeniləməyə hazırlaşan 8-ci sinif şagirdi Fatimə Zülfüqarlıdır.

"Sürətli oxuyan qız”

Fatimə yaxın ətrafında artıq adı ilə deyil, "sürətli oxuyan qız” kimi tanınır. Deyir ki, yolda gedərkən, məktəbdə tənəffüs zamanı da hər ona kitab oxutdurur: "Dərs proqramlarımız çox ağır idi. Düzdür, çatdırsam da, bunu çətinliklə edirdim. Musiqi məktəbinə də getdiyim üçün əlavə vaxtım qalmırdı. Bir gün Türkiyədə "Beyaz shov” verilişində 12 yaşlı Tarık Yiğitin 1 dəqiqə ərzində 11 725 söz oxumasını gördükdən sonra mən də bunu bacara biləcəyimi düşündüm və anama dedim ki, məni sürətli oxuma kursuna göndərsin. Beləliklə, Cəmilə müəllimə ilə tanış oldum. Bu tanışlıq nəinki Tarık qədər oxumağıma, onun rekordunu belə yeniləməyimə kömək oldu”.

"İnandırıcı deyildi…”

Müəlliməsi Cəmilə Quliyeva deyir ki, Fatimə ilk dəfə ona müraciət edəndə deyib ki, müəllimə, mənə kömək edin sürətli oxuyub dərslərimi çatdırım: "Fatimə kursa gələndə 1 dəqiqəyə 56 söz oxuyurdu. 3 ay müddətində 56 söz 120 minə qalxdı. Mən birinci dərsdən sonra anladım ki, bu uşaq digərlərindən fərqlidir. Çünki yaşının az olmasına baxmayaraq qarşısına məqsəd qoyur və o məqsədinə çatmaq üçün gecəsini gündüzünə qatır. Mən 15 ildir ki, bu işlə məşğulam və 1-ci dərsdən bilmək olur ki, bu uşaqla işlədikdə nələr əldə etmək olar. Həm də özünün istəyi o qədər güclü idi ki, deyirdi ki, sizdə burda ən güclü kimdirsə, mən ondan daha çox oxuyacağam. İlk gündən məqsədi Türkiyədə 11 min söz oxuyan oğlanı keçmək idi. Əvvəl sözün düzü, çox da inandırıcı gəlmirdi, çünki 11 min söz oxuyan o vaxt Azərbaycanda yox idi. Sürətli oxuda da ən maksimal say 5000 -5400-dən artıq olmurdu. Amma 3 ayın sonunda artıq 1 dəqiqəyə 25 min söz oxuya bilirdi. İndi isə bu say 120 minə qalxıb”.

"Sürətli oxumaq məktəbdə də köməyinə çatır”

Fatimə deyir ki, əslində bu qədər söz oxuya bilməsi onu da təəccübləndirib: "Hazırlığa gəlməmişdən qabaq evdə məşq edirdim, lakin çox kitab oxumağım gözümü ağrıdırdı. Burada müəllimim sürətlə oxumağın taktikalarını öyrətdi. Sürətli oxumaq məktəbdə də köməyimə çatır. Bəzən yeni dərsin keçilməsindən xəbərim olmayanda həmin tapşırığı dərhal açıb oxuyuram və lövhəyə çıxanda yaxşı cavab verirəm. Sinif yoldaşlarım əvvəllər inanmırdılar. Ancaq sonra kitab verdilər və yoxladılar. Bir dəqiqə ərzində oxuduğum sözlərin sayını hesabladılar və sonra həmin kitabdakıları danışmağımı istədilər. Mən danışdıqdan sonra həqiqətən də oxuduğuma inandılar. Mən qarşıma məqsəd qoymuşdum ki, rekordu yeniləcəyəm. Ona görə irəliləyiş oldu. Əgər məqsədim olmasa idi, mən də digər uşaqlar kimi, 1000-1500 söz , uzaq başı 5000-ə qədər qalxa bilərdim. Üstəlik, evdə ilk günlər ailəm də bunu bacaracağıma inanmırdı. Amma rəqəmlər qalxdıqca, artıq mənə dəstək olmağa başladılar. Məsələn, atama gedib deyirdim ki, ata, bu gün 10 min söz oxumuşam. Deyirdi ki, qızım, bəs mən elə bilirdim 11 mindi. Bütün günü işləyib 11 min edirdim, deyirdi mən 12 min bilirdim... Atam da bu üsulla məni daha çox oxumağa vadar edirdi”.

""Səfillər”i 10-15 dəqiqəyə oxuyuram”

Fatimə Viktor Hüqonun məşhur "Səfillər” romanını 10-15 dəqiqəyə oxuyur: "İnanmayan varsa, hansısa kitabı oxuyub yadda saxlasın və mənə gətirsin. Mən onun yanında kitabı oxuyub, danışa bilərəm. Bir kitabı neçə müddətə oxumağım kitabın səhifəsindən və əsərin növündən asılıdır. Məsələn, özüm detektiv əsərləri sevdiyim üçün onları daha tez oxuyuram. Amma yaşıma uyğun olmayan, çətin cümləli əsərlər olanda nisbətən gec oxuyuram. Kitab oxuyarkən göz skaner funksiyasını yerinə yetirir. Oxuduqca oxuduqlarımın bir hissəsi yadımda qalır. Bu, getdikcə daha da güclənir. Gözümü yumduqda o sözlər gözümün qarşısına gəlir”.
Anası Gülnaz Zülfüqarova deyir ki, Fatimə dərslərini çox tez hazırlayır: "Əvvəllər onu danlayırdım ki, qızım, sən dərs oxumursan. Soruşurdum ki, dərsini nə zaman oxudun, biz görmədik? Hətta nənəsi də şikayətlənirdi ki, Fatiməni dərs oxuyan görmürük. Amma məktəbdə də qiymətləri yaxşıdır, müəllimləri tərifləyir. Deyir ki, müəllim dərsdə tapşırığı verəndə, artıq gözləri ilə dərsi beyninə yazır”.

"Sürətli oxumağın yaşı yoxdur”

Fatimənin müəllimi Cəmilə Quliyeva deyir ki, əslində sürətli oxumağın yaşı yoxdur. Hər kəs öz üzərində çalışsa, sürətli oxuya bilər: "Sürətli oxuma proqramını Türkiyədən gətirdik. 7-8 yaşından yuxarı hər kəs sürətli oxu proqramını öyrənə bilər. Bu proqram oxumağı öyrətmir, oxuya bilənlərin sürətini artırır. Bu, sadəcə sürətli oxumaq proqramı deyil, həmçinin sürətli oxuyaraq anlamaq, sürətli oxuyaraq yadda saxlamaqdır. Sürətli oxunu bacarmaq insandan iradə və vaxt tələb edir. Yəni vaxt ayırıb bununla məşğul olan insanda mütləq effekt olur. Fatimə də isə effekt gözlədiyimizdən yüksək oldu”.

"Rekordu yeniləyəcək”

Gələcək planlarından danışan Cəmilə müəllimə deyir ki, 18 yaşına qədər Fatimənini sürətini saxlayıb, rekordlar kitabına düşməyi planlaşdırır: "18 yaşından öncə rekordlar kitabına düşmək mümkün deyil. Bəzi orqanlara müraciət etmişik ki, bizə köməklik etsin. Fatimənin 18 yaşı tamam olana qədər, daha çox işləyəcəyik. İstəyirik ki, ingilis və rus dillərində də sürətli oxunu öyrənsin. Fatimə 120000 sözü oxuyur və 80 faizi yadında qalır, onu nəql edib danışa bilir. Bu rəqəm belə rekordu yeniləməyə kifayət edir”.
Aygün ƏZİZ



banner

Oxşar Xəbərlər