• cümə, 29 Mart, 11:08
  • Baku Bakı 5°C

1-ci siniflərə şagird qəbulu başlayır

14.03.17 21:19 2897
1-ci siniflərə şagird qəbulu başlayır
Bakı şəhəri üzrə 1-ci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesinə başlanır. 15 mart tarixindən start veriləcək proses artıq üç ildir ki həyata keçirilir. 2017-2018-ci dərs ili üçün bir sıra yenilikləri özündə birləşdirən qəbulda iştirak edəcək şəxslər Bakı Şəhər Təhsil idarəsi (BŞTH) tərəfindən baş tutacaq prosesdə ərizələrin onlayn qeydiyyatını həyata keçirməlidirlər.
BŞTİ-də 1-ci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə təşkilinə həsr olunmuş mətbuat konfransında həyata keçiriləcək yeniliklər və qəbil qaydaları açıqlandı.
BSHİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşərat Məmmədov elektron sistem vasitəsilə 1-ci sinfə şagird qəbulunun «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» ölkə prezidentinin 23 may 2011-ci il tarixli fərmanının tələblərindən irəli gələrək həyata keçirildiyini qeyd etdi. Belə ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə 1-ci sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul edu.az saytında qeydiyyatı yolu ilə həyata keçiriləcək. 15 mart -15 sentyabr 2017-ci il tarixlərini əhatə edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.
BŞTİ-nin informasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva artıq bu ildən valideynin sənəd qəbulu zamanı müəllimi seçmək imkanı əldə edəcəyini diqqətə çatdırdı. Belə ki, valideyn saytda qeydiyyat yolu ilə elektron ərizə təqdim edəcəksə, müəllimi də özü seçə biləcək: "Valideyn sistemdə tam olaraq, qeydiyyatdan keçəndən sonra lazımi sənədləri məktəbə təqdim edir. Bu zaman valideynlər övladlarını özləri ilə məktəbə aparmırlar. Bu isə o deməkdir ki, məktəblərdə şagirdlərin əlavə müsahibəsi olmayacaq. Valideyn övladının məktəbə qəbulu üçün elektron formada doldurduğu sənədi, özünün və övladının şəxsiyyətini təsdiq edən sənədinin əslini, məktəbəhazırlıq qrupunda təhsil almasına dair və sağlamlıq haqqında arayışı təqdim etməlidir. Bundan sonra valideynə məktəb tərəfindən qəbz verilir. Valideynə qəbz veriləcəksə, deməli, onun övladı I sinfə qəbul edilib”.
Digər bir yenilik lisey və gimnaziyalara qəbulla bağlı olacaq. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli "Zəkalar” liseyi, 160 nömrəli Klassik Gimnaziyada 2017-2018- ci dərs ili üçün birinci sinfə qəbul üçün valideyn martın 15-dən mayın 31-dək elektron qaydada müvafiq sənədi doldurmalıdır. Şagird qəbul olmaq istədiyi lisey və gimnaziyaların mikroərazisində yaşayırsa, o halda müsabiqədənkənar qəbul olunacaq. Şagirdlər yalnız elektron sistemdə qeydiyyatdan keçərək məktəbə qəbul ola biləcəklər. Mikroərazidə yaşamayan şagirdin valideyni elektron sənəd verəndən sonra "müsabiqəyə yazıl” bölməsində qeydiyyatdan keçəcək və şagird iyun ayında keçiriləcək müsabiqədə iştirak edəcək. Yalnız üç məktəb - Avropa Liseyi, Bülbül adına orta ixtisas məktəbi və Bakı İncəsənət Gimnaziyası istisnadır. Bu məktəblərə şagirdlərin qəbulu mikroərazidə yaşamasından asılı olmayaraq, müsabiqə əsasında aparılacaq”.
İ.Abdullayevanın sözlərinə görə, Bakıda yaşı 8-dən çox şagirdlərin də məktəblərdə təhsil alması imkanı yaradılır: "Uşağın yaşı 8-i ötürsə, həmin valideyn qeydiyyatdan keçərək, övladının və özünün şəxsiyyətini təsdiq edən sənədinin əslini I və IV günlər BŞTİ-də yaradılmış komissiyaya müraciət etməlidir. Bu zaman da valideynlər övladlarını gətirməməlidirlər. Sistemdə sağlamlıq imkanı məhdud olan uşaqlar üçün də qeydiyyat mümkündür. Bu halda valideyn övladının evdə təhsil alması üçün 3-cü və 5-ci günlər 368 saylı məktəbdə yaradılmış komissiyaya müraciət edə bilər. Digər yeniliyə əsasən, 6 yaşı 16.09.2011-ci il tarixindən 31.12.2011-ci il tarixinədək tamam olan şagirdlərin qəbulunda da dəyişiklik edilib. 6 yaşı tamam olmayan, lakin dövlət ümumi təhsil müəssisələrinə ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar dövlət ümumtəhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilir. Özəl məktəbəhazırlıq qruplarını bitirən və ya digər hallarda 6 yaşı tamam olmayan şagirdlər iyun-iyul ayında keçiriləcək müsabiqədə iştirak edəcəklər”.
Eyni zamanda, vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi "Facebook” səhifəsində 15-17 mart 2017-ci il tarixlərində I sinfə qəbulla bağlı suallara cavab veriləcək. İ.Abdullayeva qeyd etdi ki, valideynlər sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər: "Həmçinin birinci sinfə şagird qəbulu prosesində valideynlərlə qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşsil olunub”.
Tədbirdə həmçinin bu tədris ilində bəzi məktəblərdə rus bölməsi üzrə məktəbəqədər hazırlıq kurslarının təşkil olunmaması səbəbindən növbəti dərs ili üçün 1-ci sinfə rus bölməsi üzrə şagird qəbulunda müəyyən problemlərin yarana bilmə ehtimalına da aydınlıq gətirildi. BŞTİ-nin Ümumtəhsil sektorunun müdiri Lamiyə Şərəfxanova məktəbəhazırlıq kurslarının təşkilindəki müəyyən problemlərin kadr çatışmazlığı səbəbindən yarana biləcəyini vurğuladı: "Lakin məktəblərdə 1-ci siniflərlə bağlı belə problemlərin yaranacağı gözlənilmir. Hər il yayda müəllimlərin işə qəbulu aparılır. Bu ilin iyul ayında yenidən müəllimlərin işə qəbulu həyata keçiriləcəyinə görə rus bölmələri ilə bağlı hansısa problemin yaşanacağı gözlənilmir. Yeni kadrlar cəlb ediləcək, həmçinin məktəbəhazırlığı tənzimləyən müəllimlər ibtidai siniflərə cəlb olunacaqlar. Bununla da rus bölməsi ilə bağlı problem həll ediləcək”. L.Şərəfxanova məlumat verdi ki, BŞTİ-nin tabeliyindəki 307 məktəbin 298-də rus bölməsi üzrə I sinfə qəbul həyata keçirilir: "Bu o deməkdir ki, rus bölməsinə rahat şəkildə qəbul olacaq. Valideyn ərizəsində təlim dili kimi rus dilini seçəcəksə, uşağı həmin məktəbə qəbul olunacaq. Son illər ərzində Bakıda rus bölməsi üzrə 1-ci sinfə qəbul olan şagirdlərin sayında kəskin artım və ya azalma müşahidə olunmayıb. Artıq rus bölməsi ilə bağlı müəllimlər, şagird komplektləşməsi, proqnoz sistemə yerləşdirilib. Bununla bağlı ciddi problemlərin yaşanacağını güman etmirik”. L.Şərəfxanova ötən il Bakıda 44 min şagirdin 1-ci sinfə qəbul edildiyini bildirdi: "Son 3 ilin statistikasında şagird sayında kəskin artım və ya azalma müşahidə olunmadığına görə bu il də məktəblərin 1-ci sinfinə 44 min civarında şagirdin qəbulu nəzərdə tutulur. Məktəblərin maddi-texniki sistemi və ya elektron sistem bu qəbulu həyata keçirməyə imkan verəcək”.
Məktəbəhazırlıq qruplarının fəaliyyətinə gəlincə, qeyd edildi ki, cari tədris ilində 20 mindən yuxarı 5 yaşlı uşaq hazırlığa cəlb edilib. Belə ki, növbəti tədris ilində mövcud sayın imkanlardan asılı olaraq, bir qədər də artırılması, məktəbəhazırlığa cəlb ediləcək uşaqların sayının 65% müəyyənləşməsi nəzərdə tutulub: "Yeniliyə əsasən, gələn tədris ilindən məktəbəhazırlıq qruplarına qəbul elektron formada sistem vasitəsilə həyata keçiriləcək”.

Mətbuat konfransında iştirak etdi
Təranə Məhərrəmova



banner

Oxşar Xəbərlər