• cümə, 19 Aprel, 10:30
  • Baku Bakı 13°C

“... Partiyada nüfuz parçalanması baş verəcək”

04.09.14 11:27 1569
“... Partiyada nüfuz parçalanması baş verəcək”
Müsavat Partiyasının növbəti qurultayı sentyabrın 27-ə təyin olunandan sonra başqanlığa namizəd olmaq istəyən 4 nəfər öz iddiasını ortaya qoyub. Amma hələlik həmin 4 nəfərdən yalnız biri, partiyanın Divan üzvü Tural Abbaslı başqanlığa namizəd olmaq üçün ərizə ilə müraciət edib və namizədliyi rəsmən təsdiqlənib. Artıq o, öz seçki kampaniyasına da start verib. Digər iddialılar - partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı, başqanın iqtisadi məsələlər üzrə sabiq müavini Qubad İbadoğlu, müşavirlik postundan istefaya gedərək, namizəd olacağını bəyan edən Səxavət Əlisoy belə bir adım atmayıblar. Müsavatda qurultay həyəcanı, partiyada gənc namizədlərə qarşı olan münasibət, İsa Qəmbərə başqandan yüksək statusun verilməsi, namizədlərin tutduğu postdan istefası, Nizamnamə və Proqrama ediləcək dəyişikliklər, həmçinin digər məsələlərlə bağlı “Kaspi”nin suallarını MP-nın Divan üzvü, başqanlığa namizəd Tural Abbaslı cavablandırır.
- Tural bəy, hələlik başqanlığa iddialılar arasında namizədliyini rəsmi şəkildə irəli sürən sizsiniz. Namizədliyiniz təsdiqlənəndən bu günə kimi fəaliyyətinizdə hansısa yeniliklər, dəyişikliklər olubmu?
- Çox təəssüf ki, bizdən asılı olmayan səbəblər üzündən partiya qurultayının keçirilməsi məsələsi xeyli müddətdir uzanır. Bu günə qədər keçirilən debatlarda, müzakirələrdə qurultayın keçirilməsi üçün bir çox yerlər, həmçinin qurultayın keçirilməsi tarixi, başqanlığa namizədliklər və sair müzakirə olunub. Bu müzakirələrdə mən də başqanlığa iddialı olduğumu, namizədliyimi irəli sürəcəyimi, öz niyyətimi açıqlamışam. Ona görə də həm partiya daxilində, həm də cəmiyyətdə bir çox insanlar bilirdilər ki, mən qurultayda başqanlığa namizəd olacam. Mən də qaydalara uyğun olaraq ərizə ilə müraciət etdim və namizədliyim qeydə alındı. Bu proseslər təbii axarı ilə getdi. Əgər mən namizədliyimi irəli sürməsəydim, onda hansısa yenilikdən, dəyişiklikdən, fərqli situasiyadan danışmaq olardı. Amma indi heç bir dəyişiklik yoxdur. İndi təbliğat-təşviqat dönəmidir. Biz də insanlarla görüşür, öz fikirlərimizi bölüşür, partiya daxilində, mətbuatda, sosial şəbəkələrdə təbliğatımızı aparırıq.
- Başqanlığa namizəd olacağınız barədə niyyətinizi ortaya qoyandan sonra barənizdə müxtəlif fikirlər səsləndirildi. Onlardan biri də Sizin hələ çox gənc olmağınız, siyasi prosesləri dərindən bilməməyinizlə bağlı idi. Haqqınızda söylənilənləri nə dərəcədə əsaslı sayırsınız?
- Gənc və yaşlı nəsil termini siyasətdə nə qədər oturuşsa da, mən bunları bir-birindən ayırmağın tərəfdarı deyiləm. Bəziləri bizim gənclik məsələmizi qabardaraq, yüzilliklərdən üzü bu yana gələn atalar və oğullar problemini gündəmə gətirirlər. Guya bununla yaşlı nəslin bizi dəstəkləməsinin qarşısını alacaqlarını düşünürlər. Hesab edirəm ki, istənilən siyasi proseslərdə gənclərin və yaşlı nəslin ayrı-ayrılıqda fəaliyyəti uğur qazana bilməz. Bunların birgə fəaliyyəti, o cümlədən gənclərin enerjisi, arzusu, mübarizə ruhu, yaşlı nəslin isə həyat təcrübəsi, bilik və bacarığı, nəsihətləri ümumiləşəndə daha müsbət nəticə əldə etmək mümkündür. Mənim özümün gənc olmağım, namizədliyimin irəli sürülməsinin tezliyi barədə səslənən fikirlərə gəlincə, bunlar olduqca zəif arqumentlərdir. Əvvəla ona görə ki, İsa bəy mən yaşda olanda dövlət idarə edirdi. Arif bəy mən yaşda olanda artıq istefaya göndərilmiş məmur idi. Əli Kərimli isə mən yaşda olanda beş il idi ki, istefaya göndərilmişdi. Nəzərə alaq ki, həmin insanların siyasi təcrübələri 4-5 il təşkil edirdi. Eləcə də bu gün özünü ağsaqqal hesab edən bəzilərinin siyasi təcrübələri heç 4-5 il deyil. Mənim siyasi təcrübəm isə bu günə 14 il təşkil edir. Mənim 18-19 yaşım yoxdur ki, təcrübələrlə məşğul olum və növbəti dörd ilə özümü təbliğ edim. Bu ay 32 yaşım tamam olur. Əgər 32 yaşı olan, ömrünün 14 ilini siyasətə həsr edən birisinə də gəncdir, namizəd olmaq üçün tezdir deyirlərsə, bunu ədalətli hesab etmirəm. Çünki eks-prezident Əbülfəz Elçibəy hakimiyyəti dönəmində rəhbər strukturlarda təmsil olunanların böyük əksəriyyətinin yaş limiti 25-35 arası idi. Bu yaşda insanlar dövlət idarə edirdilər. Ona görə də gənclik və sairlə bağlı səsləndirilən arqumentləri o qədər də ciddi hesab etmirəm.
- MP Gənclər Təşkilatı sədrinin bu gün (dünən) saytlardan birinə verdiyi müsahibəni oxudum. O, müsahibəsində başqanlığa namizədlər arasında Qubad İbadoğlunu daha üstün sayır. Bunu belə əlaqələndirir ki, Qubad bəy digər namizədlərlə müqayisədə elmi adı olan yeganə şəxsdir. Sizcə bu, düzgün yanaşmadırmı?
- Mən şəxslərin hər hansı məsələyə münasibətinə şərh vermək istəmirəm. Amma elmi dərəcə məsələsinə gəldikdə, siyasətçi üçün elmi adının olması vacib olmasa da, arzu ediləndir. Lakin elmi ad heç bir halda namizəd üçün həlledici məqam sayılmır. Bu gün Müsavat Partiyasında yüzlərlə elmlər namizədi, elmlər doktoru elmi adını daşıyan insanlar var. O məntiqlə yanaşılsa, gərək onların hamısının başqanlığa namizədliyi müzakirə olunsun. Siyasət yalnız elmi dərəcəsi olan insanların yarışdığı elmi diskussiya məkanı deyil. Siyasət siyasi mübarizənin, siyasi rəqabətin, dövlət və partiya idarəçiliyi yarışının getdiyi məkandır. Mənim üçün elmi dərəcənin olub-olmaması əsas göstərici deyil.
- MP sədrinin sabiq müşaviri Səxavət Əlisoy başqanlığa namizəd olacağı barədə bəyanat səsləndirəndən sonra tutduğu vəzifədən istefa verdi və digər namizədləri də oxşar addım atmağa çağırdı. Onun ardınca Qubad İbadoğlu da anoloji addım atdı. Gələcəkdə sizin də Divan üzvlüyündən istefa vermək fikriniz varmı?
- İstefaların əsas səbəbi seçki yarışında namizədlərin bərabərhüquqlu mübarizə aparmasını təmin etmək niyyətidir. Yəni, hansısa namizəd seçki öncəsi tutduğu postdan ona verdiyi üstünlüklərdən seçki prosesində sui-istifadə etməsin, digər namizədlər üzərində haqsız üstünlük qazanmasın. Bu, məcburi deyil, sırf könlüllü xarakter daşıyan addımdır. İstefa verənə də, öz vəzifəsində qalaraq başqanlığa namizəd olanlara da hörmətlə yanaşıram. Bu, onların öz seçimidir. Mən özüm Divan üzvüyəm və tutduğum postdan istefa vermək niyyətində deyiləm. Divan üzvülüyü başqanlıq yarışında mənə hansısa əlavə dvidentlər gətirmir ki, ondan digər namizədlərə qarşı sui-istifadə edə bilim. Divan üzvü olan şəxsin seçki prosesinə hər hansı təsir imkanları yoxdur. Divanda hər şey səsvermə yolu ilə müəyyənləşir. İcraedici struktura və bu seçkilərin təşkilində Divan hansısa inzibati statusa sahib deyil. Yalnız İcra Aparatı strukturu bütün sənədləşmə və təşkilati orqanın tabe olduğu qurum kimi təsiretmə imkanlarına malikdir. Lakin bu o demək deyil ki, Arif bəy bunlardan öz xeyrinə sui-istifadə edəcək. Bütün hallarda istər vəzifəsindən istefa verən, istərsə də istefa verməyən adam başqanlıq yarışında Təşkilat Komitəsinin müəyyən etdiyi qaydaları pozacağı təqdirdə cəzalandırılacaq.
- Divan üzvü Nüşabə Sadıxlı İ.Qəmbərə yeni başqana təsir etmək gücündə olan səlahiyyətlərin verilməsi ilə bağlı təkliflər səsləndirib. Onun fikrincə, İ.Qəmbərə elə bir rəsmi status verilməlidir ki, o, partiyada istənilən məsələyə müdaxilə edə bilsin. Siz belə bir təklifi dəstəkləyirsinizmi?
- Düşünmürəm ki, qurultaydan sonra İsa bəyin partiyanın siyasi-təşkilati həyatına təsir etmək imkanları azalacaq. Müsavatçılar İsa bəyi təmsil olunduğu postdan asılı olmayaraq siyasi avtoritet kimi qəbul edirlər. Ona görə də İsa bəyin öz nüfuzunun yüksəldilməsi üçün hansısa siyasi instituta ehtiyacı yoxdur. Digər tərəfdən, İsa bəyin başqan olaraq bundan sonra da partiyada qalmaq fikri olsaydı, məmnuniyyətlə bizlər Nizamnamənin məlum bəndini dəyişər, təkrar səsvermə keçirib onu başqan seçərdik. Lakin İsa bəyin bu məsələdə qəti mövqeyi var və o, başqanlığa namizəd olmayacaq. O, partiyada liderlik institutunun yaradılmasının da əleyhinədir. Bu kimi səbəblərdən İsa bəyə xüsusi təsir etmə imkanları verən yeni postun yaradılmasının tərəfdarı deyiləm. Əgər belə olsa, partiyada nüfuz parçalanması baş verəcək. Partiyanın bir başqanı olar. Onu da qurultay müəyyən edir və o, başqan səlahiyyətlərinin verdiyi imkanlardan tam istifadə etmək hüququna malikdir. Nüşabə xanımın təklifini təşkilati və praqmatik baxımdan real hesab etmirəm, dəstəkləmirəm.
- Qurultayda partiyanın Nizamnaməsinə dəyişiklik olunacağı barədə fikirlər də səslənməkdədir. Əsasən hansı dəyişikliklər nəzərdə tutulur?
- Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin nəzdində Nizamnamə və Proqram dəyişikliklərinin hazırlanması üzrə bir komitə yaradılıb. Partiyanın siyasi həyatını, siyasi idarə formasını və münasibətləri tənzimləyən sənəd Nizamnamədir. Partiyanın siyasi kursunu isə təşkilatın Proqramı müəyyənləşdirir. Partiya 4 ildən bir qurultay keçirərək, növbəti illərdəki həyatını qurur. Ona görə də qurultaylarda partiyanın Nizamnamə və Proqramına dəyişikliyin edilməsi barədə təkliflərin səsləndirilməsi normal haldır. Bu dəfəki qurultay öncəsi də müxtəlif təkliflər səsləndirilməkdədir. Bu təkliflərdən biri də partiyadakı bütün seçkili orqanlara iki dəfədən artıq seçilməni qadağan edən bəndin aradan qaldırılması ilə əlaqədardır. Ümumilikdə bütün təkliflər müzakirə olunacaq və qurultay nümayəndələrinə təqdim olunacaq. Qurultay nümayəndələri də hansı fikri dəstəkləsələr o da qəbul olunacaq.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər