• çərşənbə, 24 Aprel, 14:20
  • Baku Bakı 27°C

" Azərbaycan yeni sənayeləşmə dövrünə qədəm qoyub”

05.07.16 20:18 2162
" Azərbaycan yeni sənayeləşmə dövrünə qədəm qoyub”
Prezident İlham Əliyevin 16 mart 2016-cı il tarixli Sərənacamı ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”, 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib və aidiyyəti qurumlara tapşırıqlar verilib. Dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasına müvafiq olaraq, iyulun 5-də Azərbaycan Prezidentinin İqtisadi islahatlar üzrə Köməkçisi Xidmətinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadiyyat Nazirliyinin (İN) İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə "Sənayeləşmə və innovativ inkişaf" mövzusunda ictimai müzakirə keçirilib. İN mətbuat xidmətindən "Kaspi"yə bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, İqtisadiyyat Nazirliyinin nümayəndələri dövlət və özəl sənaye müəssisələrinin nümayəndələri, sahibkarlar, gənc alim və doktorantlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova iqtisadi diversifikasiyasının məqsədinin yeni növ məhsul və xidmətlərin istehsalı hesabına ÜDM-in, yerli və dünya bazarında rəqabətqabiliyyətliyin, istehsalın səmərəliliyinin artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsi olduğunu qeyd edib, elmtutumlu sahələrin artırılması ilə milli iqtisadiyyatın yeni mərhələyə keçdiyini, innovativ inkişafa qədəm qoyduğunu bildirib. S.Həsənova iqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının sosial-iqtisadi siyasətin prioritet istiqaməti olduğunu vurğulayaraq, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının qarşıya qoyulmuş hədəflərə nail olunmasında xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: "Son 10 il ərzində Azərbaycanda neftdən əldə edilmiş gəlirlər hesabına iqtisadiyyat uğurla şaxələndirilib, əhalinin sosial müdafiəsi, həyat səviyyəsinin yüksəldilməsi, müasir infrastrukturun yaradılması üçün möhkəm zəmin formalaşdırılıb”.

S.Həsənova həmçinin, 2016-cı ilin may ayında qəbul edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə yol xəritəsi”nin, sənayenin və innovativ inkişafı dəstəkləyən dövlət proqramlarının qəbulunu və uğurlu icrasının əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, dünyada baş verən neqativ iqtisadi proseslər fonunda Azərbaycanda iqtisadi sabitlik qorunub saxlanılıb, qeyri-neft sek­to­ru­nun və regionların inkişafı daha da sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Qeyd edilib ki, əvvəlki illərdə iqtisadi artım əsasən neft sekto­ru­nun hesabına baş verirdisə, 2011-ci ildən başlayaraq bu tendensiya dəyişməyə başlayıb. Vurğulanıb ki, Azərbaycanda milli sənayenin inkişafını təmin etmək məqsədilə ölkədə sahibkarlıq subyektlərinin fəaliyyəti stimullaşdırılır. Belə ki, sənaye parkları və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, investisiyaların təşviqi, biznes forumların təşkili və digər tədbirlər sayəsində ölkəmizdə sahibkarlıq iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilib.

S.Həsənova bildirib ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar 1 noyabr 2015-ci il tarixindən 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, indiyə kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunub (yeni verilən lisenziyalar müddətsiz verilir), lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılıb, lisenziya verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilib. Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılıb, sahibkarlara olan qayğının nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2016-cı il tarixli Sərəncamı ilə 25 aprel tarixi "Sahibkarlar günü” elan edilib. Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə Azərbaycanda yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilib, minlərlə yeni iş yeri açılıb. Ölkədə rəqabətədavamlı məhsulların istehsalını artırmaq məqsədi ilə hazırda sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımli bildirib ki, Azərbaycanda sənayenin iqtisadiyyatdakı xüsusi çəkisi dünya üzrə orta göstəricini 30 faiz və ya 1/3-ə qədər üstələyir. BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının məlumatına əsasən, Azərbaycan Avropada sənayenin ÜDM-dəki payına görə ilk yerlərdə olub. İcraçı direktorun sözlərinə görə, Azərbaycanda sənayenin strukturunda mədənçıxarmanın payının azalması fonunda emal sənayesinin də xüsusi çəkisi artmaqdadır: "Əgər sənaye yüksəlişinin birinci mərhələsi karbohidrogen resurslarına əsaslanırdısa, indiki mərhələdə inkişaf iqtisadi səmərəliliyin üzərində qurulmalıdır.Azərbaycan yeni sənayeləşmə dövrünə qədəm qoyub. Bu mərhələnin əsas xüsusiyyətləri sənayenin regionlarda inkişafı, innovativlik və ətraf mühitə təsirlərin azaldılması, həmçinin iqtisadiyyatın rəqabət qabiliyyətinin və sənaye ixracının artırılması və yeni iş yerlərinin açılmasıdır. Bunun üçün münasib institutsional mühit və makroiqtisadi şərait, habelə dünya iqtisadiyyatında inkişaf təmayüllərinin saxlanılması vacibdir. Milli iqtisadiyyatın strateji yol xəritəsi ağır sənayenin başlıca istiqamətlərini müəyyənləşdirəcəkdir”.

Azərbaycan Prezidentinin Administrasiyasının sektor müdiri Elxan Mikayılov çıxış edərək mövcud qlobal iqtisadi şəraitdə aparılan iqtisadi islahatları genişləndirməklə müntəzəmliyinin təmin edilməsinin, sahibkarlıq subyektləri tərəfindən mütərəqqi elmi-texniki çağrışlardan və innovasiyalardan istifadə etməklə yeni konseptual yanaşmaların və içtimai iştirakçılıq sistemlərinin tətbiqinin zəruriliyindən danışıb.

"Azərbaycanda sənaye və innovasiyaların inkişaf” mövzusunda məruzə ilə çıxış edən İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev son illərdə həyata keçirilən tədbirləri və mövcud inkişafı nəzərə alaraq, Azərbaycanda sənayenin davamlı inkişafı üçün nəzərdə tutulan amillərdən bəhs edib.

İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri Səməd Bəşirli Azərbaycanda sənayenin mövcud vəziyyəti və inkişaf istiqamətləri,"Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov Parkda aparılan işlər, rezidentlərin fəaliyyət sahələri barədə məlumat verib.

"Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin direktor müavini Hüseyn Paşayev çıxışında şirkətin qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb, sənayenin inkişafında yeni mexanizmlərin tətbiqinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə sənayenin inkişafı istiqamətində görüləcək tədbirlər barədə müzakirələr aparılıb, ölkənin aparıcı sənaye müəssisələrinin nümayəndələrinin bu sahədə fikirləri dinlənilib.
Kaspi.az


banner

Oxşar Xəbərlər